|
|
|
|
Dünən Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda İranın növbəti etiraz notası ilə bağlı mətbuat konfransı keçirib.
Millət vəkili İranın Azərbaycan hökumətinə DAK-ın fəaliyyəti ilə bağlı xüsusi nota göndərdiyini deyib. S.Rüstəmxanlı notanın bu il iyulun 30-da keçirdikləri tədbirlə bağlı göndərdiyini iddia edib. S.Rüstəmxanlı bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və səfirliklər belə bir notanın olduğunu təkzib edirlər: “Biz təşkilat olaraq Azərbaycanın hansısa dövlətlə münasibətini korlamağa çalışmamışıq. Biz nə beynəlxalq təşkilatıq, nə də iqtidarın və ya müxalifətin yanındayıq. Azərbaycan xalqının, dövlətinin milli mənafeyi, əxlaqi dəyərləri, hüquqları bizim üçün əsasdır”.
O bildirib ki, Azərbaycanda pişik asqıranda İran nota göndərir:
“Notaya səbəb Konqresin Azərbaycann bütövlüyü ilə bağlı mövqeyi və Vətənimizin güneyində milyonlarla soydaşımızın milli və insan hüquqlarının pozulmasına sərt münasibəti olub. Əvvəl buna bənzər notalar XİN-dən gəlirdi. XİN də deyirdi ki, DAK qeyri hökumət təşkilatıdır. Onlar fikirlərini ifadə etməkdə azaddırlar. Bu nota çox müəmmalı şəkildə gəlib. Biz ötən ay İranda seçkilərdən sonra vəziyyət və DAK-ın fəaliyyəti ilə bağlı dəyirmi masa keçirmişik: “Biz İranda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, azərbaycanlılar üçün heç nəyin dəyişməyəcəyini demişik. Çünki orada rejim eyni qalıb, dəyişməyib. İranda hələ də azərbaycanlıların milli dildə televiziyası, məktəbləri yoxdur, ziyalılar təqib olunur. Biz buna qarşı çıxıb sözümüzü demişik və bu da bizim haqqımızdır. Amma İran dövlətini, iqtidarını təhqir edən, beynəlxalq çərçivədən kənara çıxacaq heç nə deməmişik. İran tərəfi isə həmişəki kimi aqressiya nümayiş etdirib”.
Millət vəkili bildirib ki, bu nota son dərəcə yekəxanalıq əlamətidir: “Nota bu dəfə Prezident Aparatına göndərilib. Bundan sonra nota araşdırılması üçün DİN-ə göndərilib. DİN mənlə əlaqə saxlamaqdansa, kiçik işçilərlə əlaqə saxlayır. Bu o deməkdir ki, məqsəd odur ki, dəyirmi masada iştirak edən insanları dilləndirmək və bununla bağlı cinayət işi başlanmasını istəyirlər. Onlar DAK-ın fəaliyyətinin dayandırılmasında maraqlıdırlar. Səfirliklər notadan xəbərsiz olduğunu deyir. Amma DİN deyir ki, belə bir nota var. Nota səfirin adı ilə göndərilib”.
AQİL



