Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində nifrət yaymaqda, təhqiramiz ifadələr işlətməkdə ittiham olunur.
Opponentləri onun inzibati resurslardan istifadə edərək seçki qanunvericiliyini pozduğunu bildirirlər. Qeyd edək ki, Ermənistanda dekabrın 9-da erkən parlament seçkiəri keçiriləcək. Təşviqat kampaniyasına isə noyabrın 26-da başlanılıb. Amma o, daha bir qanunsuz addım ataraq vaxtından əvvəl təşviqat kampaniyasına başlayıb. Belə ki, Paşinyan hələ rəsmi olaraq təşviqat kampaniyası başlamazdan əvvəl keçirdiyi görüşlərdə işlətdiyi ifadələr görə tənqid edilirdi.
Ermənistan parlamentinin "Daşnaksütyun" fraksiyasının rəhbəri Armen Rustamyan hələ noyabrın 21-də bildirmişdir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qeqarkunik əyalətinə səfəri zamanı seçki kampaniyası başlamadan əvvəl təşviqatla məşğul olub, seçki təşviqatını əks etdirən bəyanatlar səsləndirib: "Xüsusilə də, "bizə səs verin ki, parlamentin formalaşdırılması sona çatdıraq" kimi fikirlər irəli sürüb. Bu, nə deməkdir - Nikol Paşinyanın partiyasının lehinə səs verilməlidir? Və təşviqat başqa necə olur?"
Rustamyan deyib ki, bütün bunlara Mərkəzi Seçki Komissiyası cavab verməlidir.
Ermənistanın Respublika Partiyası parlament fraksiyasının deputatı Armen Aşotyan isə bildirib: "İfadəmə görə üzr istəyirəm, amma baş nazir "həyasızcasına " Seçki Məcəlləsini pozur".
Paşinyanın Qeqarkunik əyalətinə etdiyi səfərdəki açıqlamalarını şərh edən deputat deyib ki, baş nazir bizim partiyamızdan olanda, bütün imkanlardan istifadə edirdik ki, axşam saat 6-ya kimi baş nazir vəzifəsində olsun. Yalnız həmin saatdan sonra seçki kampaniyasında iştirak etsin.
"Regionlara səfəri zamanı baş nazir üçün hökumət proqramı hazırlanır, dövlət resurslarından istifadə etməklə Paşinyanın təbliğat kampaniyası aparmağa haqqı yoxdur. Bu, ayıbdır. Bənzər bir şey etdiyimizdə, siz sadəcə bizi parçalayardınız, indi Paşinyanı müdafiə etməyə çalışırsınız. Müdafiə etməyin, Paşinyana elə gəlir ki, o, artıq Ermənistanın "tanrısı və kralı"dır", deyə Aşotyan əlavə edib.
Təşviqat kampaniyası müddətində də Paşinyan qanunsuz addımlar atmaqda davam edir. Bununla bağlı sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası bəyanat yayıb. Bəyanatda deyilir ki, Nikol Paşinyanın açıqlamaları siyasi mübarizənin bütün mümkün hədlərini aşır: "Paşinyanı açıqlamaları siyasi mübarizənin bütün mümkün hədlərini aşan nifrət sözünün ən canlı təzahürüdür, həmçinin, o, humanizmin və əxlaqın bir sıra prinsiplərini pozmaqda davam edir. Xüsusilə də, hədəf bir qadın olanda. Hamımızın təhlükəsizliyi və rifahı üçün məsul olan yüksək rütbəli bir məmurun - baş nazirin bu cür davranışı siyasi mədəniyyətimizdə görünməmiş haldır.
Bizim artıq baş nazir vəzifəsini icra edən şəxsin inzibati resurslardan sui-istifadəsinə dair əsaslarımız var. Paşinyan rəsmi şəkildə məzuniyyətdə olmasına baxmayaraq, seçilmiş vəzifəli şəxslərə qarşı təhdidlər səsləndirir, polisə isə məcburi icraata tabe olma təlimatı verir. Biz Ermənistanın Mərkəzi Seçki Komissiyasını, insan haqları müdafiəçilərini, beynəlxalq müşahidə missiyalarını Paşinyanın çıxışlarına, davranışına və ritorikasına diqqət etməyə çağırırıq".
Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdiyan isə seçki kampaniyası çərçivəsində təşviqat materiallarının yayılmasına dair heç bir müddətin olmadığına görə Mərkəzi Seçki Komissiyasının mövqeyindən təəccübləndiyni deyib. Alaverdiyan bildirib: "Birincisi, kampaniya vaxtından əvvəl başlayıb. MSK əvvəlki illərdən fərqli olaraq, qanunun pozulmadığını hesab etdi. Bu, mənim üçün yenilik idi".
Seçki öncəsi vəziyyəti qiymətləndirən sabiq erməni ombudsman kobud bir kampaniyanın, qara piarın həyata keçirildiyini vurğulayıb: "Bu, kampaniyanın ilk günündən nəzərə çarpırdı. Mən siyasi qüvvələri konstruktiv məcraya qayıtmağa çağırıram".
Ermənistan hökuməti yanında seçki kodeksi islahatları üzrə komissiyanın üzvü Daniel İoannisyan isə Paşinyan "Mənim adımım" seçki blokundan və "Çiçəklənən Ermənistan" partiyasından bəzi deputatlığa namizədlərin seçki plakatlarını düzgün yerlərdə quraşdırmadıqlarını bildirib.
Onun sözlərinə görə, xüsusən, "Mənim addımım" blokundan deputatlığa namizəd David Sanasaryan, Hayk Kondjorian və "Çiçəklənən Ermənistan" partiyasından namizədi Artur Dallakyanın posterləri səhv yerlərdə yerləşdirilib.
İoannisyan, həmçinin vurğulayıb ki, Sanasaryanın posterində Ermənistanın gerbi əks olunub ki, bu, seçki kodeksi pozuntusu olmasa da, ölkənin "Gerb haqqında" qanununu pozur. O, eyni zamanda, seçki kampaniyasının hələlik ideoloji sahədə aparılmadığını vurğulayıb: "Dünyadakı vəziyyət bir qədər fərqlidir: namizədlərdən biri deyir ki, əgər mən seçilsəm, belə bir qanun qəbul edəcəyəm, ikincisi, başqa nəsə edəcəyini deyir. Lakin bizdə belə deyil".
Ermənistanın hazırkı ombudsmanı Arman Tatoyan da qanun pozuntularının olduğunu etiraf edib. Onun sözlərinə görə, Ombudsman ofisi yanında yaradılmış işçi qrupu seçki kampaniyasının iki günündə bir sıra pozuntuları qeydə alıb. Arman Tatoyan işçi qrupun fasiləsiz monitorinq apardığını vurğulayıb: "Təəssüf ki, başqalarının fikirlərinə qarşı təhqir və dözümsüzlüyün artdığını söyləmək mümkündür. Ümumiyyətlə, bu, söz azadlığının manupulyasiyasıdır".
Əlavə edib ki, bura rəqiblərin təhqiri, başqalarının fikirlərinə dözümsüz yanaşma və s. əlavə etmək olar: "Ümumiyyətlə, kampaniyanın gedişində pozuntular qeydə alınıb, onlar haqqında sonra ətraflı məlumat veriləcək".
Görünən odur ki, "demokrat" Paşinyan vaxtından əvvəl seçki təşviqatına başlamaqdan, inzibati resurslardan istifadə etməkdən, rəqiblərinin ünvanına təhqiramiz, nifrət yayan ifadələr işlətməkdən çəkinməyərək, nəyin bahasına olursa-olsun parlament çoxluğuna sahiblənib, hakimiyyəti əlində saxlamaq niyyətindədir. Hələlik "küçə dəstəyinə" arxalanan Paşinyan bu dəstəyin bir gün tükənəcəyinin də fərqindədir.
PƏRVANƏ