Məlum olduğu kimi, dekabrın 17-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda istifadəyə verilən yeni yaşayış binalarında nümunəvi xidməti ilə fərqlənən Silahlı Qüvvələrin hərbi qulluqçularına mənzillərin verilməsi mərasimində iştirak edib.
Ümumilikdə, 394 hərbçi ailəsinin mənzil-məişət probleminin həlli istiqamətində atılan bu addım Azərbaycanda hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılmasının dövlətin daim diqqət mərkəzində duran başlıca məsələlərdən olduğunu bir daha təsdiq edib.
Mənzillərin təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan dövlətinin bu kateqoriyadan olan şəxslərin, həmçinin, şəhid ailələri, müharibə əlilləri və veteranlarının problemlərinə həmişə qayğı ilə yanaşdığını, göstərilən diqqətin daimi olduğunu bildirib, ötən dövrdə bu istiqamətdə görülən işlərlə bağlı məlumat verib.
Dövlət başçısı görüşdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə il bundan əvvəl müvafiq fərman imzaladığını xatırladıb, sənədə əsasən, qüsursuz xidməti fərqlənən hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən mənzillərin verildiyini bildirib.
Prezidentin sözlərnə görə, bugünə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib: "Mənzillərin hamısı çox gözəldir. Mən bu binaların açılışlarında şəxsən iştirak etmişəm və bu gün də tanış olduğum mənzillər çox rahat, geniş və təmirli mənzillərdir".
Ölkə rəhbəri vurğulayıb ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün də son illərdə minlərlə ev və mənzil tikilib, təhvil verilib: "Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. Bu kateqoriyadan olan insanlar, eyni zamanda, dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar".
Prezident qeyd edib ki, müharibədən əziyyət çəkən soydaşlarımızın da problemləri öz həllini tapır: "Bu il 5800 köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilib. Bu, son illərdə rekord göstəricidir. Biz bu siyasəti gələn il də davam etdirəcəyik".
Builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərmana əsasən, şəhid vərəsələrinə dövlət tərəfindən 11 min manat vəsaitin verilməsinə başlanıldığını deyən ölkə başçısı qeyd edib ki, təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq: "Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır".
Daha sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğundan danışan Prezident İlham Əliyev son illər Silahlı Qüvvələrimizin maddi-texniki təminatının daha da yaxşılaşdırıldığını, döyüş qabiliyyətinin artırıldığını qeyd edib, orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü bildirib: "Ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur".
2016-cı ilin Aprel döyüşləri, bu il həyata keçirilən Günnüt əməliyyatından söz açan dövlət başçısı regionda işğalçılıq siyasəti həyata keçirən Ermənistan dövlətinin ordumuzun gücünü əyani şəkildə öz üzərində hiss etdiyini çıxışında ifadə edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən, müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir".
Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlliləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, ordu quruculuğu ilə bağlı qarşıya qoyulan vəzifələr prioritet xarakter daşıyır və buna nail olmaq üçün dövlət başçısı İlham Əliyev ciddi fəaliyyət həyata keçirir. O, SİA-ya bildirib ki, Azərbaycan ordusu dünyanın 50 ən güclü ordular sırasında yer alır: "Ordumuzun gücü dövlətimizin qüdrətini göstərir".
Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmağa hər an hazır olduğunu deyən baş redaktor vurğulayıb ki, ordu quruculuğu istiqamətində davamlı olaraq atılan addımlar Azərbaycanı əsas məqsədinə daha da yaxınlaşdırır.
Dövlət səviyyəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən, şəhid ailələri, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərildiyini, eyni zamanda, xidmətdə fərqlənən hərbi qulluqçuların mənzil-məişət problemlərinin həlli istiqamətində nümunəvi addımlar atıldığını bildirən V.Rəhimzadə qeyd edib ki, bütün bu fəaliyyətin mahiyyətində cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, həmçinin, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məsələsi dayanır.
Baş redaktor əlavə edib ki, Prezident İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsi ictimaiyyətin böyük rəğbəti ilə qarşılanır.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, Prezident İlham Əliyev təkcə hərbçilərə, şəhid ailələrinə yox, bütün təbəqələrdən olan insanlara diqqət və qayğısını göstərir: "Dövlətimizin iqtisadi imkanları artdıqca, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilir".
M.Ələsgərlinin sözlərinə görə, dövlət başçısı hərbçilərə diqqətin artırılması, onların modern texnologiyalarla təmin olunması, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çox ciddi proqramlar həyata keçirir: "Təcrübə göstərir ki, bu diqqət və qayğı nəticəsiz qalmır. Silahlı Qüvvələrimiz daha da güclənir, hərbçilərimizin döyüş hazırlığı artır, orduda ruh yüksəkliyi hökm sürür. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı əyani şəkildə Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Silahlı Qüvvələrimiz qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr vurub, minlərlə hektar ərazimizi azad etməyə nail olub".
Ceyhun ABASOV