|
|
|
|
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin ad günü münasibətilə təkcə yerli mediada deyil, xarici KİV-də də çoxsaylı məqalələr dərc edilib.
Həmin məqalələrdə İlham Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü nəhəng işlərdən, reallaşdırdığı beynəlxalq əhəmiyyətli layihələrdən, Azərbaycanı dünyanın nüfuzlu, surətli inkişaf edən dövlətinə çevirməsindən ətraflı bəhs edilib.
Belə məqalələrdən biri də "Moskva-Bakı" saytında dərc edilib və "Qloballaşan dünyada müasir lider etalonu" adlandırılıb. Məqalədə vurğulanıb ki, "Qloballaşan dünyada müasir lider etalonu" fikrini məşhur yazıçı Çingiz Aytmatov Azərbaycan prezidenti İlham Əliyev haqqında söyləyib. Müəllif qeyd edir ki, İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasına mühüm töhfələr verib. Müqavilə 1994-cü ildə imzalanıb. Burada əsas rolu Ümummili lider Heydər Əliyev oynayıb.
23 il sonra, 2017-ci ilin sentyabrın 14-də Bakıda yeni "Əsrin müqaviləsi" imzalanır. Müqaviləyə əsasən, burada Azərbaycanın payı 11,6 faizdən 25 faizədək yüksəlir. Azərbaycan tərəfinin neft gəliri 75 faiz artır.
Yüksək peşəkarlıq, diplomatik məharət, müasir liderə məxsus keyfiyyətlər - məhz bu keyfiyyətlər İlham Əliyevin siyasi karyerasında fərqlilik təşkil edir. Prezidentlik karyerasının əvvəlindən başlayaraq o, neft faktorunu xalqın və müstəqil Azərbaycanın maraqlarına uyğun istifadə edib. "Biz "qara qızıl"ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycana isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir" - deyə İlham Əliyev söyləyib.
Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir Azərbaycan ictimaiyyətini narahat etdiyi qədər, İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının mövqeyinə görə, münaqişənin beynəxalq hüquq və prinsiplər əsasında, ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Yazıda prezidentin yenilikçi, islahatçı siyasətindən də söz açılır. Qeyd edilib ki, İlham Əliyev hər sahəyə yenilik və islahatlarla yanaşır. Dünyada gedən proseslərə məntiqi cəhətdən yanaşaraq vacib addımlar atır, Azərbaycanın mütərəqqi inkişafını sürətləndirir: "İlham Əliyev - uğurlu və orijinal şəxsiyyətdir. Özündə zəngin insani, zadəganlıq davranışları, rassional düşüncə tərzi, sarsılmaz vətənpərvərlik, milli mentalitet dəyərlərini cəmləşdirməklə, Azərbaycanın ictimai həyatına və siyasətinə yeni nəfəs, müasirlik və intellektuallıq gətirir.
İlham Heydər oğlu Əliyev - atası, Heydər Əliyevin layiqli oğludur. O, ümummilli liderin siyasi kursuna tamamilə yiyələnib. Atasından prinsipiallıq, intellektuallıq, ictimaiyyətə açıqlıq, tolerantlıq, səmimilik və humanizm kimi xüsusiyyətləri götürüb. Heydər Əliyev kimi, o da qərarlılıq, enerjililik, əqli potensial və təşəbbüskarlıq kimi keyfiyyətlərə sahibdir. Xarakter baxımından ata və oğul səmimi insanlardır. Onların səmimiliyi əsasən sıravi vətəndaşlarla ünsiyyət zamanı daha çox nəzərə çarpır. Bütün müdrik dövlət xadimləri kimi İlham Əliyev də hər kəslə ümumi dil tapmaq, sıravi vətəndaşla psixoloji baryeri aşmağı bacarır. Bu da dövlət başçısının Azərbaycan xalqının dəstək və etibarını qazanmaqda yardımçı olur. Bütün xarizmatik liderlər kimi, İlham Əliyev də özünə qarşı tələbkardır. Sərt intizam və yüksək məsuliyyət hissi dövlət başçısının bütün fəaliyyətinin ölçüsüdür".
Dövlət başçısı haqqında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərəb dilli "Samanews" və "Kolalarab" xəbərlər agentliyi, "Eremnews" internet portalı, həmçinin, ingilis, Çin və rus dillərində nəşr olunan "Avia Most" qəzeti də maraqlı məqalələr dərc edib. İlham Əliyev: "Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var" sərlövhəli məqalədə son illərdə Azərbaycanın BƏƏ sakinlərinin səfər etmək üçün ən sevimli məkanlardan birinə çevrildiyi bildirilib. Yazıda vurğulanıb ki, 1991-ci ildə öz dövlət müstəqilliyini qazanmış Azərbaycan bütün çətinliklərə tab gətirməyə müvəffəq olub, dünyanın aparıcı şirkətləri ilə neft və qaz yataqlarının istismarına dair sazişlər imzalanıb, köklü islahatlar nəticəsində iqtisadiyyat inkişaf etdirilib və nəticə etibarı ilə Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib.
Məqalədə BƏƏ və Azərbaycan arasında qarşılıqlı etimada söykənən və demək olar ki, bütün sahələri əhatə edən dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu qeyd olunub, ölkələrimizin iki və çoxtərəfli formatda əməkdaşlıq etdiyi bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsasını neft və qaz resursları təşkil edən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Enerji sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da müsbət dinamikasını təmin etmək məqsədi ilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad iqtisadi zonaların yaradılması və digər sahələr təşviq edilməkdədir. Belə ki, son zamanlar neft-qaz sektorunda çox əlamətdar hadisə baş verib. Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" neft yatağının gələcəkdə işlədilməsi ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə 2050-ci ilə qədər yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın konsorsiumda iştirak payı artırılmış, xarici neft şirkətləri tərəfindən ölkəyə 3,6 milyard dollar bonusun ödənilməsi qərarlaşdırılıb.
2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onların üçü - "Şahdəniz-2" qaz yatağının işlədilməsi, Cənubi Qafqaz kəməri və TANAP yekunlaşıb, sonuncu olan TAP layihəsinin böyük bir hissəsi icra olunub.
Yazıda strateji baxımdan mühüm şəraitdə Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın əsrlər boyu özünəməxsus körpü rolunu oynadığı vurğulanıb. 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Azərbaycan və Türkiyə prezidentləri, Qazaxıstanın, Gürcüstanın, Özbəkistanın baş nazirləri, həmçinin, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Bildirilib ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan sözügedən dəmir yolu xətti qədim İpək Yolunu polad magistrallar vasitəsilə bərpa edib, bu isə öz növbəsində Mərkəzi Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq və bu yol vasitəsilə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınmasını təmin edəcəkdir. Dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcəkdir.
Eyni zamanda, məqalədə vurğulanıb ki, yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsi ilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin təşəbbüsü olan "Bir Kəmər - Bir Yol" meqa-layihəsini də dəstəkləyib.
Yazıda 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələrin imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə də bəhs edilib. Bu sənədin imzalanması regionda əməkdaşlıq proseslərinə təkan verilməsi, dənizin bioresurslarının, ətraf mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.
Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu qeyd edən məqalə müəllifi İslam və Avropa təşkilatlarının üzvü olan ölkəmizin hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə onlar arasında təbii körpü rolunu oynadığını bildirib.
Yazıda, İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə islam dini dəyərlərinin inkişafı istiqamətində böyük işlərin görüldüyü, yeni məscid və məbədlər tikildiyi bildirilib. Xüsusi qeyd olunub ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ə yaxınlaşır. Bütün bunlarla yanaşı, müsəlman dünyasının üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həll olunması istiqamətində də Azərbaycan səylərini əsirgəməyib.
Məqalənin sonunda vurğulanıb ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasəti Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Təsadüfi deyil ki, 11 aprel 2018-ci ildə keçirilmiş ümumxalq seçkilərində cənab İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən Azərbaycan prezidenti seçilib.
PƏRVANƏ