Azərbaycanda bu il ölkə prezidentinin müvafiq fərmanları ilə həyata keçirilən struktur islahatları ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilib.
Bu islahatlar ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, çevikliyini artırmaq, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə həyata keçirilib. Əlbəttə, surətlə inkişaf edən, müasir çağırışlara cavab verən bir ölkə olaraq Azərbaycanda zamanın tələblərinə uyğun olaraq bütün sahələrdə lazımi islahatları aparılır. Amma bu islahatlar bütün məqamlar nəzərə alınaraq, düşünülmüş şəkildə həyata keçirilir. Xüsusilə, islahatlar nəticəsində ləğv olunmuş qurumlarda çalışan işçilərin hüquqlarının təmin edilməsi, iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Dövlət İmtahan Mərkəzi bu sahədə prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.
Dövlət başçısı yanvarın 24 də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirakı zamanı da bu mövzuya toxunaraq deyib: "Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir".
Göründüyü kimi, dövlət başçısı ixtisar olunan strukturlarda çalışan şəxslərin işlə təmin edilməsini qəti şəkildə bir tapşırıq kimi qarşıya qoyub. Deməli, bir daha həm də o məlum olur ki, həyata keçirilən istənilən tədbir, atılan istənilən addım Azərbaycan vətəndaşlarını, xalqını düşünərək edilir. Bu islahatlardan isə Azərbaycan dövləti və xalqı yalnız və yalnız qazanır.
Bu baxımdan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların əmək hüquqlarının bərpa olunması şərti ilə müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstərişini də xüsusi vurğulamaq lazımdır.
Məlumat üçün bildirək ki, 2018-ci il dekabrın 13-də bir qrup şəxs "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. "Azərenerji" ASC tərəfindən "Azərbaycan İES" MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də "Azərbaycan İES" və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.
Bütün bunlarla yanaşı, Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.
"Azərenerji" ASC-də birinci vitse-prezidentin göstərişi dərhal icraata götürülüb. Bu barədə qurumun yaydığı açıqlamada bildirilir.
Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir.
O vurğulayıb ki, bu islahatlar idarəçiliyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur və buna yol verilməyəcək:
"Birinci vitse-prezident Mehriban Əliyevanın gösrərişi də elə bundan xəbər verir ki, islahatların aparılmasında məqsəd işçiləri ixtirasa salmaq deyil. Mehriban Əliyeva da artıq açıq şəkildə bəyan edib ki, bu insanlar yenilənən və islahatlar nəticəsində formalaşan qurumlarda işlə təmin olunacaqlar. Söhbət işçilərin ixtisara salınmasından deyil, işçi qüvvəsindən, insan kapitalından daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının effektivlik dərəcəsinin artırılmasından, bu qurumlarda birləşmiş insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından gedir. Bizim niyyətimiz də məhz budur".
Mövzu ilə bağlı "525"ə fikirlərini açıqlayan millət vəkili Azər Badamov deyib ki, son illər cənab prezidentin rəhbərliyi altında ölkəmizdə böyük iqtisadi islahatlara start verilib. Bu islahatlar isə ölkəmizin ümumi inkişafına gətirib çıxarıb. İndi isə başlanmış iqtisadi islahatların davamı olaraq struktur islahatları aparılır. Dövlət başçısının müvafiq fərmanları ilə bir neçə qurumun ləğvi, yaxud birləşdirilməsi istiqamətində tədbirlər görülür.
Millət vəkili əlavə edib ki, bu tədbirlərin, islahatların aparılmasında məqsəd daha çevik, operativ, məqsədyönlü idarəetmə sisteminin qurulmasıdır: "Ölkə prezidenti həmin strukturlarda çalışan şəxslərin işlə təmini üçün həm müvafiq qurumlara, həm də Dövlət İmtahan Mərkəzinə tapşırıq verib. Bu yaxınlarda isə "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də tutduğu vəzifəsindən azad olunan bir qrup şəxsin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciətlərinə müsbət cavab verilməsi də bunu bir daha sübut edir. Mehriban xanım bu müraciəti diqqətdə saxlayaraq, problemin həllinə göstəriş verib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda dövlət siyasətinin təməlində vətəndaşlar dayanır. Prezident və birinci vitse-prezident hər zaman Azərbaycan xalqını düşünür. Məqsəd isə vətəndaşlarımızın rifahının artması, daha yaxşı yaşamalarıdır. Həmçinin, qeyd edilənlər ölkəmizdə aparılan sosial siyasətin doğru olduğunu isbatlayır. Təbii ki, bu siyasət bundan sonra da daha yüksək səviyyədə davam etdiriləcək. Ölkəmizin imkanları artdıqca, vətəndaşlarımızın da təminatı daha da yaxşılaşacaq".
"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev isə bildirib ki, birinci vitse-prezidenti Mehriban Əliyevanın "Azərenerji"də aparılan struktur islahatları zamanı işdən azad olunan əməkdaşların işlə təmin olunması barədə həmin quruma göstəriş verməsi bir nümunədir. O deyib ki, dövlətin struktur islahatları zərurətdən irəli gələn addımlardır: "Dünya müasirləşir, qloballaşır və qloballaşan dünyanın da özünəməxsus tələbləri var. Azərbaycan da dünyanın bir parçası kimi bu prosesə qoşulmalıdır və sözsüz ki, zərurətdən irəli gələn kadr islahatları, struktur islahatları zamanı müəyyən problemlər də olur. Elə struktur islahatları var ki, həyata keçirilərkən bir qrup insan vəzifəsindən məcburi ayrılmalı olurlar. Mehriban xanım Əliyeva məhz bu problemləri aradan qaldırmaq üçün müvafiq göstəriş verib. Bu, çox humanist bir addımdır".
Ekspert vurğulayıb ki, ümumiyyətlə, dövlətin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır: "Məhz vətəndaşlar əziyyət çəkməsin deyə, struktur islahatlarının ailələrə, şəxslərə ziyanı olmasın deyə, bu cür addımlar atılır. Dövlət vətəndaşların rifahını düşündüyü kimi, struktur islahatları aparılarkən onların işsiz qalmamasını da fikirləşir. İnanıram ki, Mehriban Əliyevanın bu addımı gələcəkdə digər qurumlarına da şamil olunacaq və struktur islahatları nəticəsində vəzifəsindən azad olunan şəxslər müəyyən vakansiyalarla işə qəbul olunacaqlar. Bu addım vaxtında atılmış addımdır ki, işsiz qalan insanlar yenidən işlə təmin olunur. Sözsüz ki, dövlət həmişə bu siyasətinə sadiq qalıb. İnkişafdan irəli gələn struktur islahatları nəticəsində vətəndaş və onun ailəsi əziyyət çəkməyib. Bu addım da dövlət siyasətinin tərkib hissəsidir ki, bütün islahatlar ilk növbətə vətəndaşa xidmət etməlidir".
PƏRVANƏ