
Dünən Bakı Şəhəri Təhsil İdarəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri üzrə təhsil işçilərinin konfransı keçirilib.Konfransda məktəb direktorları, direktor müavinləri, müəllimlər, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, yüksək balla ali məktəblərə daxil olmuş məzunlar, habelə aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.
Konfransdan öncə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə yeni tədris ili ilə əlaqədar təhsil işçilərinə ən böyük töhfənin Prezidentin əmək haqlarının artırılması qərarı ilə verdiyini deyib. M.Cabbarov yay ayları ərzində 164 orta məktəbdə təmir işləri aparıldığını qeyd edib. “Bu da Bakı məktəblərinin yarısını təşkil edir”.Nazir əlavə olaraq dörd milyon dərslik çap olunduğunu da diqqətə çatdırıb.
Nazir uşaq evləri və fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində qidalanma praktikası tətbiq olunacağını qeyd edib.”Sentyabrın 16-dan Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evləri, fiziki qüsurlu uşaqlar üçün fəaliyyət göstərən təhsil müəssisələrində kalori, vitamin, uşaq qidası və uşaqların yaşı üçün bütün xüsusiyyətlər nəzərə alınaraq tərtib olunan mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq”.
M.Cabbarov əlavə edib ki, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığını daha yaxşı təmin etmək üçün də Nazirlər Kabineti tərəfindən şagirdlərin qidalanması ilə bağlı müvafiq qərar qəbul edilib: “Bu qərar məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyir və təhsilin infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir. Təbii ki, bu prosesdə müəyyən çətinliklər də var. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə məsləhətləşmələr aparılır. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək”.
Bakı Şəhəri Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov “2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
“Bu il paytaxt məktəblərində birinci sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna uyğun aparılıb”. Müdir əvəzi bildirib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 şagirdin qəbul olunduğunu deyən M.Bayramov qeyd edib ki, 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir. Müdir əvəzinin sözlərinə görə, bu il I sinfə qəbul üçün bu vaxta kimi 35 min şagird sənəd verib və hazırda da proses davam edir. Yekun say isə məktəblərdə dərslər başlayanda məlum olacaq: “Şagirdlərin I sinfə qəbulu ilə bağlı bir vacib məsələni də sizin diqqətinizə çatdırmaq istərdim. İstər Nazirliyə, istərsə də idarəyə I sinfə şagird qəbulu ilə bağlı vətəndaşlar tərəfindən çox saylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblər əsas gətirilərək vətəndaşların incidildiyi deyilir. Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına əsas yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqənin keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar”.
M.Bayramov yekun attestasiya imtahanında fənlərin sayının artırılması məsələsinə də toxunub. “Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur”.
M.Bayramovun sözlərinə görə, buraxılış imtahanlarında təbiət elmləri də əhatə olunmalıdır: “Çünki bu fənlər bütün ixtisas qruplarında imtahana düşür”.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov da təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazir, həmçinin səsləndirilən fikir və təkliflərlə bağlı öz mövqeyini açıqlayıb.
Samirə QULİYEVA



