|
|
|
|
Direktor Firəngiz Həsənova: “Bu il bizim üçün daha da əlamətdardır”
Bu gün ali və orta təhsil müəssisələrində yeni tədris ilinin ilk dərs günü münasibətilə bir sıra tədbirlər keçirildi. Yasamal rayonundakı 53 №-li tam orta ümumtəhsil məktəbində də təntənəli tədbir baş tutdu. “Bilik günü”ndə müəllim və şagird kollektivi böyük sevinclə doğma məktəbə toplaşmışdı. Dövlət himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova tədbiri açıq elan etdi. Direktor Firəngiz xanım Həsənova tədbirə toplaşanları bu unudulmaz gün münasibətilə təbrik etdi: “Bu il bizim üçün daha da əlamətdardır. Cənab İlham Əliyevin sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən məktəbimiz müasir standartlara uyğun şəkildə, yüksək keyfiyyətlə təmir olundu. Qeyd edim ki, məktəbin birinci tədris binası 1961-ci ildə inşa olunmuşdur. 2008-ci ildə 360 şagird yerlik ikinci tədris binası inşa edilmişdir. Hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları müasir şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Sentyabrın 11-də Prezident İlham Əliyevin məktəbimizə gələrək əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olması bizi daha da ruhlandırdı. Kollektivimiz adından təhsilə göstərdiyi qayğıya görə dövlət başçımıza minnətdarlığımızı bildiririk”. Firəngiz xanım məktəbin qazandığı uğurlardan da bəhs etdi. Bildirdi ki, bu il məktəbi bitirən 154 məzundan 114-ü ali məktəblərə daxil olmuşdur, 3 nəfər məzun- Yusubov Şıxı-682 bal, Məlikova Nərmin-650 bal, Xanəliyeva Sevinc-643 bal, 16 məzun isə 500-dən yuxarı bal toplamışdır. F.Həsənova çıxışının sonunda şagirdləri, onların valideynlərini, doğmalarını bir daha təbrik edərək yeni tədris ilində uğurlar dilədi.
Tədbirdə iştirak edən qonaqlar, müəllimlər də öz ürək sözlərini söylədilər.
Sonda ilk dəfə məktəb pillələrinə kövrək qədəmlərini qoyan 1b sinif şagirdləri - Kənan Cəfərli, Banuçiçək Sadıqova, Ümid Qurbanov, Xədicə Abbasova şeir söylədilər, sinif rəhbərləri Sevinc Məmmədovaya təşəkkür edərək məktəbli adını qazanan yaşıdlarını da təbrik etdilər.
Bilik günü” nə həsr olunmuş təntənəli tədbir “İlk zəng”in sədaları ilə başa çatdı.
A.Cəfərli