Bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 40 milyard ABŞ dolları həcmini keçib.
ARDNF-dən verilən məlumata görə, aktivlərin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanaqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir.
Bildirilib ki, 2019-cu ilin yanvar-mart ayları ərzində fondun büdcə gəlirləri 5 milyard 960 milyon 700 min manat, büdcə xərcləri isə 2 milyard 640 milyon 700 min manat təşkil edib.
2019-cu ilin birinci rübü ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 3 milyard 833 milyon 500 min manat, bonus ödənişləri 766 milyon 400 min manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib.
Ötən rüb ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 355 milyon 700 min manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 332 milyon manat təşkil edib.
2019-cu ilin 31 mart tarixinə fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515 milyon 200 min ABŞ dolları) nisbətən 4,56 faiz artaraq 40 milyard 273 milyon 300 min ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
CEYHUN