Bugünlərdə 28 may - Respublika günü ilə əlaqədar xarici ölkə və beynəlxalq təşkilatlardan Azərbaycan Prezidenti İlham Əliyevə çoxsaylı təbrik məktubları gəldi.
Dövlət və hökumət, nüfuzlu təşkilat rəhbərləri Azərbaycan dövləti və xalqına ən xoş arzularını bildirib, ikitərəfli və çoxtərəfli formatlarda birgə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını diqqətə çatdırırdılar. Bu xüsusda, daha çox diqqət cəlb edən ölkələrdən biri Amerika Birləşmiş Ştatları oldu. Bu ölkənin prezidenti Donald Tramp ənənəsinə sadiq qalaraq həm milli bayramımız, həm də 26-cı Bakı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar azərbaycanlı həmkarı İlham Əliyevə ard-arda iki təbrik məktubu ünvanladı.
Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli formatda mövcud əməkdaşlıqdan məmnunluğunu dilə gətirən D.Tramp Azərbaycan Prezidentinə ünvanladığı məktublarla əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını nümayiş etdirir.
Əvvəlcə, Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı məktubunda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində İlham Əliyevin liderliyini dəyərləndirdiyini bildirən Amerika Prezidenti Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışladığını qeyd edib. Həmçinin, ATƏT-in Minsk qruğunun həmsədr dövlətinin rəhbəri kimi, D.Tramp Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində danışıqlar prosesində Azərbaycan Prezidentinin iştirakını təqdir etdiyini bildirib.
Növbəti məktubunda isə Azərbaycanın öz tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmadığını qeyd edən D.Tramp Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qazın dünya enerji bazarlarında sabitliyi artırmaqda davam etdiyini bildirib.
Vurğulanıb ki, Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində Prezident İlham Əliyevin səylərini dəstəkləyir. D.Tramp hesab edir ki, Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcək: "Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram".
Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 may - Respublika Günü və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ünvanladığı iki təbrik məktubunda Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bir daha bəyan olunub. O, "Trend"ə bildirib ki, Donald Trampın qısa müddət ərzində Prezident İlham Əliyevə iki təbrik məktubu göndərməsi ABŞ-ın Azərbaycana xüsusi önəm verməsinə işarədir: "Bu fakt onu göstərir ki, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın həyata keçirdiyi qlobal layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir, təhlükəsizliyə mühüm töhfə verir. Azərbaycan sülhməramlıları beynəlxalq koalisiyanın tərkibində dünyanın müxtəlif qaynar nöqtələrində sülh və sabitliyin bərqarar olmasında fəal iştirak edirlər. Ölkəmiz terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyə təhdid yaradan hallara qarşı fəal mübarizənin önündə gedən ölkələrdən biridir. Buna görə də ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə xüsusi önəm verir, əməkdaşlığın inkişafına çalışır".
G.Baxşəliyevanın sözlərinə görə, təbrik məktubunda ABŞ Prezidenti "Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və "Cənub Qaz Dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində" Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir: "Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir".
"ABŞ Prezidenti Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində xalqın mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır. Bir daha görünür ki, ABŞ Azərbaycanda həyata keçirilən islahatlar kursunu yaxından izləyir, nəticələrini görür və perspektivini yüksək qiymətləndirir", - deyə deputat bildirib. O əlavə edib ki, Donald Tramp ikinci təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rola malik olduğunu və dünyanın enerji bazarında sabitliyin hökm sürməsinə mühüm töhfə verdiyini qeyd edib: "Tramp xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərimizi dəstəklədiyini, Azərbaycanın uğurunun bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəyini xüsusi vurğulayıb. Bu, bir daha onu göstərir ki, artıq Azərbaycanın dünyanın təhlükəsizlik sahəsində göstərdiyi səylər yüksək nəticə verib".
G.Baxşəliyeva onu da bildirib ki, Donald Trampın sonuncu məktubunda "Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır" fikri Azərbaycanın parlaq gələciyindən xəbər verir.
C.ABASOV