“Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər”.
Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahının yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə təbliği, milli mənəvi dəyərlərimizin qorunması, xeyriyyəçilik, humanizm prinsipləri əsasında quran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın sədr müavini, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya məxsusdur. Mehriban xanım bu gün özünün çoxşaxəli, ölçüyəgəlməz, yorulmaz fəaliyyəti, cəmiyyətə gətirdiyi yeni ənənələrlə təkcə Azərbaycanda deyil, dünyada böyük rəğbət və sevgi qazanıb.
Hər addımı ilə nümunə olan Birinci vitse-prezidentin diqqətindən heç kim və heç nə kənarda qalmır. O, hər zaman köməyə, dəstəyə ehtiyacı olanın yanındadır. Əbəs yerə insanlarımız Mehriban xanımı xeyirxahlıq mücəssəməsi adlandırmırlar.
Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Mehriban xanım çox şərəfli, nümunəvi bir həyat yolu keçib. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildən Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir.
2003-cü ildən bu yana Mehriban Əliyeva ölkənin birinci xanımı statusunu daşıyır. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq birinci xanım statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq, cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Mehriban Əliyeva birinci xanım kimi gördüyü işlərlə, geniş miqyaslı fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilir və böyük nüfuza malikdir.
Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Mehriban xanımın birbaşa təşəbbüsü ilə ölkəmizdə uşaq evləri, internat-məktəbləri, baxçalar yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilib. Yeni və müasir məktəblər, baxçalar tikilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar daim Heydər Əliyev Fondunun diqqətindədir. Mehriban xanım kimsəsiz uşaqlar üçün təşkil edilmiş bayram tədbirlərində iştirak edir, onlara lazım olan bütün qayğını göstərir.
“Biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq”, deyən Mehriban Əliyeva hər zaman xalqın, köməyə ehtiyacı olan insanların yanında olub. İndiyədək Heydər Əliyev Fonduna, Mehriban xanıma edilən elə bir müraciət olmayıb ki, ona baxılmasın.
Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də bir sıra humanitar, mədəni layihələr gerçəkləşdirib. Fond qardaş Pakistanda böyük humanitar layihələrə imza atıb. Bir sıra ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün yardım göstərib.
Mehriban Əliyevanın fəaliyyətində Azərbaycana xas olan tolerantlıq və multikulturalizm dəyərlərinin təbliği də ön sıradadır. Onun təşəbbüsü ilə Azərbaycanda və xaricdə dini, mədəni abidələr tikilib, bərpa olunur. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib. Bütün bunlar Mehriban Əliyevanın qədim tarixə aid mühüm abidələrin həyata qaytarılmasına misilsiz töhfə verdiyinin parlaq göstəricisidir.
Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırmı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün də mühüm tədbirlər görülüb. İşğal faktının dünya ictimaiyyətinə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolu var. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın bir cox ölkələrində müxtəlif aksiyalar keçirilir, sərgilər və digər tədbirlər təşkil edilir. Bu məqsədlə görülmüş fundamental işlərin sırasında Fond tərəfindən hazırlanmış və bir çox xarici dillərə tərcümə olunub, “Qarabağ reallıqları” toplusu, Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi və mədəni abidələrin dağıntılarının təsvirini verən nəfis şəkildə hazırlanmış səhifələnən disklərlə və peyk fotoşəkilləri ilə təchiz olunmuş “Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında” multimedia nəşri xüsusi yer tutur. Dünyanın bir çox yerlərində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər bu soyqırımın dünyada tanınmasında vacib rol oynayıb. Bu kampaniya nəticəsində bir çox xarici ölkələrin parlamentləri Xocalı faciəsinə hüquqi qiymət verib.
Bu il Fransa məhkəmələri tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimlə imzalanmış qanunsuz “xartiyaların” ləğvində də Mehriban xanımın böyük rolu olub.
Görünən budur ki, Mehriban Əliyeva rəhbərlik etdiyi hər bir sahədə, gördüyü hər bir işdə böyük uğur qazanır. Ölkəmizdə keçirlən beynəlxalq tədbirlərin Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban xanım mükəmməl bir nəticə ortaya qoymuşdu. Bakıda "Avroviziya" mahnı müsabiqəsinin, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları zamanı bütün dünya bu təşkilatçılığa heyran qaldı. Hər bir detal mükəmməl idi, ölkəmizin milli dəyərləri çox ustalıqla təqdim edilirdi.
Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsində də böyük uğurlara imza atıb. 2002-ci ildə Gimnastika Federasiyasına rəhbərlik etdikdən sonra bu idman növü üçün milli məktəb, eləcə də bütün zəruri infrastruktur demək olar ki, sıfırdan yaradıldı. Bu nəhəng iş nəticəsində ötən illər ərzində Azərbaycanda gimnastika inanılmaz dərəcədə böyük inkişaf yolu keçdi, idmançılarımız isə yüksək uğurlar əldə edirlər.
Mehriban xanım deputat fəaliyyəti müddətində hər zaman seçicilərinin yanında olub, onların problemlərinin həlli istiqamətində göstərişlər verib. Seçicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Görülmüş nəhəng işlər, sahib olduğu potensial, daha çox işləmək əzmi, xalqın sevgisi Mehriban xanımın daha yüksək postda olmasını diqtə edirdi. Beləliklə, 2017-ci il fevralın 21-də Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti təyin olunur. Bu təyinat xalq tərəfindən böyük sevinclə qarşılaşdı.
Birinci vitse-prezidenti təqdim edərkən Azərbaycan prezidenti İlham Əliyev onun ölkənin ictimai-siyasi və mədəni həyatında xidmətlərini qeyd edərək, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun işinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğuladı:
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Təyinatından sonra “Rossiya 24” telekanalına müsahibəsində Mehriban xanım bildirib: “Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram”.
Birinci vitse-prezident kimi Mehriban xanımın ilk keçirdiyi müşavirə məhz Bakı və Sumqayıtda yararsız və qəzalı binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə bağlı oldu. Bunun ardınca bu kateqoriyadan olan insanlar üçün yeni mənzillər tikilib istifadəyə verildi.
Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər, Çernobıl əlilləri daim Birinci vitse-prezidentin diqqət mərkəzindədir. Mehriban Əliyeva 2016-cı il aprel döyüşlərinin iştirakçılarına və həlak olmuş hərbi qulluqçuların ailələrinə xüsusu diqqətlə yanaşır, onlara hər zaman öz dəstəyini göstərir.
Beynəlxalq aləmdə böyük nüfuza malik olan Mehriban Əliyeva və öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları ilə təltif edilib.
Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistan Islam Respublikasının “Hilal-e Pakistan” Ali ordeni,
Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların bir hissəsidir. Ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə əzmlə çalışan Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı, öz fəaliyyəti ilə ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Mehriban Əliyeva bundan sonra da genişmiqyaslı fəaliyyəti ilə dövlətimiz, xalqımız, bəşəriyyət üçün çalışmaqda davam edəcək.
Pərvanə SULTANOVA