Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli şeyx həzrətləri!
Sizi - zəmanəmizin görkəmli və nüfuzlu din xadimini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
1997-ci ildə Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılan Elmi-Dini Şuranın yarandığı ilk gündən onun üzvü kimi bölgələrə səfərlərimiz və Qafqaz Müsəlmanları İdarəsində mütəmadi olaraq keçirilən yığıncaqlarda Sizin səbrli, təmkinli, müdrik bir insan olmağınız, müdrik kəlamlarınız məni həmişə heyran qoyub.
Şeyx həzrətləri, uzun illərin müşahidələri imkan verir əminliklə deyim ki, Siz Müqəddəs kitabımızdan irəli gələn elmi və əxlaqi dəyərlərə arxalanan, mütərəqqi ideyalarla yaşayan, aydın düşüncə və etiraf edilməyə layiq təfəkkür sahibi olan din xadimlərindənsiniz. Azərbaycan xalqına baş ucalığı gətirən, böyük şəxsiyyətsiniz.
Siz yüksək intellektə, mənəviyyata malik, millətin ağrıları ilə yaşayan, vətənimizin taleyüklü problemlərinin ağırlığını ürəyində daşıyan, onların həllinə çalışan, xalq tərəfindən etiraf edilən bir ziyalı, xoşbəxt taleli insansınız.
Odur ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin anadan olmağınızın 70, Şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyinizin qeyd olunması haqqında Sərəncamı və Sizi dövlətimizin ali Heydər Əliyev ordeni ilə təltif etməsi ürəyimizdən oldu.
Şeyx həzrətləri! Allahın verdiyi ömür payını bundan sonra da sağlam və gümrah yaşamağınızı, Qafqazda yaşayan bütün müsəlman xalqlarının Şeyxi kimi səmərəli fəaliyyət göstərməyinizi arzu edirəm.
Allah Sizi qorusun!"