|
|
|
|
Bərdə rayon xəstəxanasının həkimi Şəfəq xanıma ithaf olunur.
Necə mehribansan, incə ruhlusan,
O gözəl çöhrəndən, sanki nur yağır.
Xeyirxah işindən, əməllərindən
Hər kəsə pay düşür, min uğur yağır.
Əlləri sayalı, ay Şəfəq həkim,
Bizlərə bir mələk bəxş eləmisən.
Ömür sarayına sən rəssam kimi
Ayseltək bir bəzək nəqş eləmisən.
Bu doğma ellərdə həkimlər gördük,
Küskün könlümüzü alan sən oldun.
Bədbin duyğuların qaranlığına
Günəştək gur işıq salan sən oldun.
Sözlər lal olurdu dodağımızda,
Elə bil, danışıb, heç dinməmişdik.
Elə sevindik ki, şad olduq ki, biz,
Həyatda bir belə sevinmişdik.
Adın dilimizin əzbəri oldu,
Çəkildi ən şirin sözlərimizdə.
Ucaldın anbaan, yüksəldin daim,
Loğmana çevrildin gözlərimizdə.
Hər an gərəyisən elin, obanın,
Qoy Tanrı qorusun həmişə səni.
Şəfalı əllərin şəfəqə dönsün,
Silsin ürəklərdən dumanı, çəni.
Gülsüm Cəfərli



