Məmur təyinatı, xüsusilə də, ən yüksək ranqlı vəzifələrə təyinat, adətən, cəmiyyətin, ictimai rəyin böyük maraq dairəsində olur. Təyin olunanlarla bağlı elə ilk günlərdən səsləndirilən rəylər, irəli sürülən fikir və mülahizələr təyinatın cəmiyyət tərəfindən necə qarşılandığı barədə müfəssəl qənaətə gəlməyə imkan verir.
Bir neçə ay öncə Prezident İlham Əliyev hüquq-mühafizə və xüsusi xidmət orqanlarının rəhbərliyində yerdəyişmələr apararaq, general-polkovnik Vilayət Eyvazovun Daxili İşlər naziri, general-leytenant Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrinə təyin olunmaları barədə müvafiq sərəncamlar imzaladı. Bundan dərhal sonra istər kütləvi informasiya vasitələrində, istərsə də sosial şəbəkələrdə hər iki generalla bağlı söylənilən rəy və mülahizələr cəmiyyətdə bu təyinatların razılıqla qarşılandığını, eyni zamanda, yeni təyin olunanlar haqqında pozitiv fikirlərin olduğunu göstərdi. Belə mövqe nümayiş etdirənlər arasında müxalif düşüncə sahibi kimi tanınan bir çox şəxslər də vardı: hər iki generalın peşəkarlığı və ictimai nüfuzu etiraf olunurdu.
Əslində, biz də bu yazını həmin vaxt qələmə almağı düşünürdük. Lakin ictimai rəyin, medianın, sosial şəbəkələrin mövzu ətrafında apardıqları müzakirələrin spektrinin genişləndiyini görüb, müşahidələrimizi bir müddət davam etdirmək, səsləndirilən faktları və dəlilləri nəzərdən keçirmək qərarına gəldik.
General-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarındakı fəaliyyəti, demək olar ki, həmişə cəmiyyətin gözü önündə olub. O, sıravi polis nəfəri kimi öz nümunəvi xidməti ilə yuxarı rəhbərliyin diqqətini cəlb edib və Azərbaycanın ən uzunmüddətli Daxili İşlər naziri olmuş general-polkovnik Ramil Usubovun rəhbərliyi altında əzmkarlıqla çalışaraq pillə-pillə irəli çəkilib. V.Eyvazov gənc olmasına baxmayaraq, ən mürəkkəb vəziyyətlərdə belə həmişə soyuqqanlılığı və təmkini ilə fərqlənib, zəruri peşəkarlıq keyfiyyətləri və xarizması ilə seçilib.
Daxili işlər orqanlarında ən çətin və məsuliyyətli sahə sayılan cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə xidmət edən gənc polis zabiti sonralar bir-birinin ardınca DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb. Prezidentin sərəncamı ilə ona 2004-cü ildə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. 2005-ci ildən Daxili İşlər nazirinin müavini, 2016-cı ildən isə birinci müavini işlədiyi müddətdə V.Eyvazov cinayətkarlığa qarşı qətiyyətli və səmərəli mübarizənin təşkilində, ictimai asayişin və təhlükəsizliyin təminində, Konstitusiya və dövlət quruluşunun müdafiəsində fədakar xidməti ilə fərqlənib. Buna görə də dövlətimizin başçısı tərəfindən "Azərbaycan Bayrağı", 2-ci dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri, eləcə də "İgidliyə görə" medalı ilə təltif olunub. Nəhayət, bu ilin iyun ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib və ona general-polkovnik ali hərbi rütbəsi verilib.
Peşəkar keyfiyyətləri mənimsəmək, öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmək və ən əsası, göstərilən etimadı doğrultmaq nüfuz və karyera qazanmaq, irəli çəkilmək üçün mühüm, önəmli amillərdən sayılır. Yəqin razılaşarsınız ki, xidməti fəaliyyətində daim tələbkar, nizam-intizama xüsusi önəm verən rəhbər kimi tanınmış, təxminən, 25 il Azərbaycanın daxili işlər orqanlarına rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun etibar və etimadını qazanmaq heç də asan məsələ olmayıb. Şərəfli fəaliyyəti ilə müasir dövlətçilik tariximizdə mühüm yer tutan Ramil müəllimlə çiyin-çiyinə çalışarkən və onun zəngin idarəçilik təcrübəsindən bəhrələnərkən Vilayət Eyvazov hər zaman xidməti subardinasiyaya layiqincə riayət edərək, nazirliyin qarşısında qoyulmuş vəzifələrin icrasına öz sanballı töhfələrini verib, bir peşəkar kimi daim ümumi iş naminə məsuliyyətlə çalışıb. Bu baxımdan, Vilayət Eyvazovun keçdiyi karyera yolu hüquq-mühafizə orqanlarında xidmətə başlayan, taleyini bu sistemlə bağlayan hər bir gənc üçün nümunə sayıla bilər.
Məhz yüksək peşəkarlıq, özünə və işinə qarşı tələbkar münasibət, bütün gücünlə göstərilən etimadı doğrultmağa çalışmaq kimi zəruri keyfiyyətlərin vəhdəti insanın qarşısına qoyduğu məqsədə nail olmasını, gələcəkdə böyük karyera qura bilməsini şərtləndirən ən əsas amillərdəndir. Vilayət Eyvazovun Daxili İşlər naziri vəzifəsinə təyinatının ertəsi günü general-polkovnik Ramil Usubovun Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edərək onun barəsində xoş fikirlər səsləndirməsi də elə sabiq nazirin öz xələfinə olan bu inam və etimadının göstəricisi idi: "Uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi. İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz".
Vilayət Eyvazovdan fərqli olaraq uzun illər çalışdığı strukturun spesifikliyinə görə general-leytenant Əli Nağıyevin fəaliyyəti ictimaiyyət üçün daim qapalı olsa da, müxtəlif zamanlarda Azərbaycanın xüsusi xidmət orqanlarında işləmiş ayrı-ayrı şəxslərin onun haqqında səsləndirdikləri fərqli pozitiv fikirlər bu təyinatın da ümumilikdə ictimai fikirdə kifayət qədər müsbət qarşılandığını təsdiqlədi.
Dövlət təhlükəsizliyi orqanlarının uzun illər boyu qazandığa nüfuza Eldar Mahmudovun və onun rəhbərliyi altında işləmiş bəzi şəxslərin vurduğu zərbənin fəsadlarını aradan qaldırmağa, bu mühüm strukturun zədələnmiş imicini dəyişməyə, ona ictimai etimadı bərpa etməyə ciddi ehtiyac vardı. Həqiqət naminə demək lazımdır ki, xüsusi xidmət orqanlarında aparılan islahatlar zamanı yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbər təyin olunmuş general-polkovnik Mədət Quliyev bu sahədə bir sıra dəyişikliklərə müəyyən mənada nail oldu. Bununla belə, onun bu təyinata qədər fərqli fəaliyyət sahəsində çalışdığını nəzərə alsaq, məhz xüsusi xidmət orqanının özündə yetişib püxtələşmiş bir kadrın rəhbərliyə gətirilməsi islahatların daha çevik və effektli olacağı qənaətini gücləndirirdi.
General-leytenant Əli Nağıyev məhz belə kadrdır: uzun illər təhlükəsizlik orqanlarında çalışmış peşəkarlardan biridir, qətiyyətli və xarizmatik xarakteri ilə seçilən çox təcrübəli zabitdir. Təkcə elə bu keyfiyyətləri onun rəhbərliyi ilə dövlət təhlükəsizliyi orqanının əvvəlki imicini və nüfuzunu özünə qaytara biləcəyi baxımından böyük nikbinlik yaradır. Bu təyinatdan sonra Ə.Nağıyevi tanıyan, təhlükəsizlik orqanlarında xidmət etmiş ayrı-ayrı şəxslərin onunla bağlı səsləndirdikləri fikirlər də gözləntiləri təsdiqləyir. Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov da vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan bir şəxsin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirib, bunu həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsi adlandırıb. Xələfini peşəkar zabit və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadr kimi səciyyələndirən N.Abbasov Ə.Nağıyevin uzun müddət Milli Təhlükəsizlik Nazirliyində çalışdığını, nazir müavini vəzifəsinədək yüksəldiyini xatırladaraq onun işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynadığını bildirib. O, Əli Nağıyevin vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inandığını ifadə edərək ölkəmizin milli təhlükəsizliyinin etibarlı əllərdə olduğuna əminliyini vurğulayıb.
Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunması antiazərbaycan qüvvələrin, xüsusilə də, ölkəmizin daxili sabitliyini pozmağa çalışan və bununla da müharibə vəziyyətində olduğumuz Ermənistanın maraqlarına xidmət edən qrupların zərərsizləşdirilməsi, eləcə də onların dəstəkçilərinin ortaya çıxarılıb ifşa olunması baxımından da olduqca əhəmiyyətlidir. Vaxtilə xüsusi xidmət orqanlarının səlahiyyət və imkanlarından öz şəxsi və biznes maraqları üçün istifadə edənlərin məsuliyyətsizliyi və qətiyyətsizliyi, vəzifə borclarının icrasına biganəliyi belə qrup və dəstələrin fəallaşmasını şərtləndirib desək, yanılmarıq. Əsl peşəkarları orqandan uzaqlaşdıran, əsas postları öz yaxınlarına həvalə edib şantaj, hədə-qorxu yolu ilə vətəndaşları gözümçıxdıya salan, ali dövlət qurumuna bəzən biznes məkanı kimi baxan rəhbərliyin səhlənkarlığı Azərbaycan əleyhinə kampaniya aparan, xarici ölkələrin kəşfiyyatına xidmət göstərən ayrı-ayrı qrupların sərbəst, rahat fəaliyyəti üçün münbit şərait yaradırdı. Belə bir məqamda xüsusi xidmət orqanının əsl peşəkara həvalə olunması Azərbaycanın təhlükəsizliyi baxımından olduqca zəruridir. Əli Nağıyevin təyinatı ilə bağlı səsləndirilən fikirlərin bir çoxunda da elə bu məsələlər vurğulanır, rəhbərliyə belə bir peşəkarın gəlişi ilə dövlət təhlükəsizliyi sistemində əsaslı dəyişikliklərin olacağına, dövlətimizə qarşı məkrli planların qarşısının alınacağına, fitnə ocaqlarının sərt və qətiyyətlə söndürüləcəyinə böyük əminlik ifadə edilir.
Bu gün sivil dünyaya inteqrasiya yolunu seçmiş müstəqil Azərbaycan bir çox nəhəng dövlətlərinin maraq dairəsindədir. Təbii ki, uğurlarımıza sevinən dost dövlətlərdən başqa bu tərəqqini gözü götürməyən qüvvələr, Ermənistan kimi düşmən ölkə də var. Onlar istər ölkəmizin daxilində, istərsə də xaricində öz məkrli niyyətlərini həyata keçirmək üçün daim müxtəlif yollar axtarır, hər an fürsət gəzirlər. Belə qüvvələrin zərərsizləşdirilməsi, onların Azərbaycan əleyhinə addımlarının qarşısının alınması, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunması, ilk növbədə, daxili işlər və xüsusi xidmət orqanlarının fəaliyyət sferasına aid vacib məsələlərdir. Bu baxımdan adları çəkilən dövlət qurumların fəaliyyətinin, onların rəhbər şəxslərinin peşəkarlıq keyfiyyətləri ilə bağlı bilgilərin ictimai fikri maraqlandırması təbiidir. Bu qurumlara əsl peşəkarların, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutan şəxslərin rəhbərlik etməsi isə hər bir Azərbaycan vətəndaşının arzusudur. Təbii ki, ölkə vətəndaşlarının peşəkarlıq keyfiyyətlərinə inandıqları bu yüksək vəzifəli şəxslərdən Azərbaycanın mənafeyi naminə böyük gözləntiləri də var. Biz də bu gözləntiləri doğrultmaları yolunda hər iki generala fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin davamlı inkişafı, xalqımızın əmin-amanlığı, müstəqil dövlətimizin təhlükəsizliyi hər birimiz üçün ən ümdə məsələdir.
AZAD