NOTRDAM KİLSƏSİ
Kinolarda görmüşdüm
Kitablardan sevmişdim
Göy üzü tək gurlayan
Kilsənin zəng səsini -
Notrdam kilsəsini.
Zamandan qalan izdi,
Üstü dumandı, sisdi.
Möhtəşəm divarları
Hörülüb mərhəmətdən,
Baxdıqca adam doymur
Ondakı əzəmətdən.
Gündə neçə min adam,
Dilək diləyir ondan
Dünyanın gərdişini,
Xeyir-şər hər işini,
Saysız hökmdarların
Hikkəsini hökmünü
Görüb müqəddəs kilsə,
Qucağında ovudub
Kim onu deyib, gəlsə.
Mən də sevdim təzədən
Tanıdım Jan Valjanı,
Gördüm Viktor Hüqonu
Bonapart Napalyonu.
Tarix yenə dilləndi,
Divardakı naxışlar,
Mələk-mələk baxışlar
Sanki üstümə gəldi,
Məsciddə olduğu tək
Duydum haqqın səsini.
Allah evi tək sevdim
Notrdam kilsəsini.
Paris, iyul 2011
GECƏ DÜŞÜNCƏLƏRİ
İndi anlayıram sənsizlik nədir?
Üstümə şığıyan bu təklik nədir?
Necəymiş qurd kimi ulayan otaq,
Necəymiş buz kimi soyuyan yataq,
Diksinmək nə imiş hər qəfil səsdən,
Əl işdən soyuyur, könül həvəsdən.
Xəyalım yollardan çəkilib getmir,
Getdiyin səfərin heç sonu bitmir?
Sərt imiş dünyanın dəyişən üzü,
Gah sevincə çəkir, gah qəmə bizi,
Ağladır, güldürür bir uşaq kimi,
Əlində oynadır oyuncaq kimi
Məni anlayanı itirmişəmsə,
Mənzilsiz yolları bitirmişəmsə,
Dünyada artığam özüm bilirəm,
Yaşaya-yaşaya demək ölürəm.
Daha bu ağrıma çarə bilinməz,
Alnıma bəxr yazan gözə görünməz.
Ümid yollarına çıxmağım hədər,
Təklik sıxır məni sonsuzluq qədər.
Necə də yaxınsan mənə bu axşam.
Ruhunun hənrini bəlkə almışam?
Əl-ələ tutuşub, boş otaqları,
Gəzib dolanırıq bu gecə yarı.
Yuxu dünyasından ayılt səsinlə,
Oyanıb məst olum təbəssümünlə.
Baş-başa sonacan vursaq gecəni,
İnan ki, qorxutmaz bu təklik məni.
May 2013
İNTİZAR GECƏLƏR
Ulduzlar asılıb kipriklərimdən,
Xatirəm gecəyə bürünür yenə.
Ümidsiz bir eşqin səhralarında,
Xəyalın gözümə görünür yenə.
Nə gözəl təsadüf, nə şirin görüş,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Sənin sevgi dolu baxışlarından,
Rəngbərəng duyğular verdi səs-səsə
Sevinc yanağımda açıldı gül-gül,
Bu bir həqiqətmi yoxsa yuxudu?
Pəncərəmin altda kövrələn eşqin
Xatirəsi vardı, özü yoxuydu.
DAHA
Gedim də, qalım da Tanrı işidir,
Xəzan gözün tikib, gülümə daha.
Min nəğmə qoşsa da könlümün sazı
Bir ağı tuş gəlib dilimə daha.
Yarımçıq qırılan duyğu hədərdi,
Gedilən hər yolun sonu kədərdi
Mənimsə dözümüm ömrüm qədərdi
Heyif ki, vər düşüb ilimə daha.
Bu ağrım çətin ki, ovuna, keçə,
Sənsizlik talayır məni hər gecə
Qayıdıb gələsən, bir gün gizlicə,
Onda inanmaram ölümə daha.
ÖTƏN ÇAĞIMDI
Gün-günə dayaqdı, aylarda ilə,
Təbiət canlanar fəsillər ilə
Karvanım yüklənib, üzü mənzilə,
Ta izi yollardan, itən çağımdı.
Ömür çiçəkləməz, dörd tərəf qardı,
Könlümü üşüdən ayrılıqlardı.
Nə yaxşı yaşanan o illər vardı,
Xatirə dadıma, yetən çağımdı.
Bir dolu bulaqdım, suyu bal olan,
Yamyaşıl çəməndim, gülü al-əlvan
Bir quru kolam ki, küləklər qovan,
Bozaran çöllərdə bitən çağımdı.
Payız havasıtək bozarıb üzüm,
Dolan buludlara dar gəlir gözüm.
Dünyadan tutmağa qalmayıb lüzum,
Pəncərədən baxıb, ötən çağımdı.
BU BAHAR MƏNƏ GƏLMƏYİB
Otağımız soyuq, kirpiklərim nəm,
Soyuq divarlarda gəzir kədər, qəm
Üzümdə donubsa sonuncu nəğmən,
Bu bahar mənə gəlməyib.
Səni bitirmirsə çiçəkli çöllər,
Səni gətirmirsə açılan səhər.
Mən necə yaşayım bu yaz bir təhər?
Bu bahar mənə gəlməyib.
Bu sonuncu bahar, axırıncı köç,
Bir çıxar taleyi təzədən ölç-biç.
Mən öz qismətimdən yarımadım heç,
Bu bahar mənə gəlməyib.
Səni yaz həvəsli illərdən sordum,
Bizə soyuq əsən yellərdən sordum.
Fikrimin karvanın yorduqca, yordum
Bu bahar mənə gəlməyib.
KÖÇƏNLƏR OLUB
Bu qədər dərd çəkmə, vəfalı könlüm,
Dərdin düyünündən keçənlər olub.
Bu qəm dediyimiz dibsiz dəryadan,
Payına bir badə içənlər olub.
Hər maraq dalında bir şeytan yatır,
Həqiqət yanında şər-böhtan yatır.
Ağıldan dayazlar kürsüyə çatır,
Ömrü el yolunda biçənlər olub.
Mənzilə bir yetər düz də, yalan da,
Haqqı büdürləyib atdan salan da.
Şöhrət zirvəsinə söz ucalanda,
Söz içindən sözü seçənlər olub.
Aldanıb dövlətə, uymayıb vara,
Dabandan soyulub, çəkilib dara.
“Haqq” - deyib köksündən alıb min yara,
Dünyadan mərdanə, köçənlər olub.
ƏLVİDA!
Xəstəliyinin ümidsizliyini həkimdən özü eşidən atası Hüseynin dilindən qızı Fərəhə
Xəyalım qarışıb, dönməyir dilim,
Bəlkə görüşmədik yenə, əlvida!
Tanrının hökmünü mən hardan bilim,
Qorxuram rüzgarım dönə, əlvida!
Oğul əvəziydin sən, həm də qızım,
Açılan səhərim, hər gələn yazım
Sinəmdə təzəcə göyərən arzum,
Heyif ki, tutmadı binə, əlvida!
Torpaq həsrətilə hördüm ömrümü,
Özümdən yan keçən gördüm ömrümü.
Ay qızım, kim bilir öldüyü günü,
Yaşanmayan aya, günə əlvida!
Vəsiyyət yüngüllük, nəsihət inam,
Harda sahil tutam, harda dayanam,
Canımdan qanımdan yaranan balam,
Sonda da demərəm sənə əlvida!
BU GÖZƏL
Öz toyunda oynayan qıza
Bu qız bürünübdür al, yaşıl tülə,
Tül ona yaraşır, özü də gülə.
Dolanır məclisdə belədən-belə
Qol açıb, arada süzür bu gözəl.
Bu qızı bir eşqin havası vurub,
Sağında, solunda mələk oturub.
Sanki yerlə-göylə davaya durub,
Telinə gül-çiçək düzür bu gözəl.
Gör necə dolanır hallı-havalı
Atadan, anadan xeyir dualı?
Kəklik tək ayağı əli xınalı
Sanki dağda-daşda, gəzir bu gözəl.
Üzündən, gözündən məhəbbət yağır,
Hərdən də boylanıb ahu tək baxır.
Subayların bağrın yandırıb yaxır,
Könüllər talayır, əzir bu gözəl.
Həyat da, sevgi də elə gözəldi,
Bunun hansı axır, hansı əzəldi?
Horovlu, gəncliyin özü gözəldi,
Sevgi ümmanında üzür bu gözəl.
TORPAĞI ÇƏKİR
Yenə yaz özünə toy-büsat qurub,
Mənisə elimin yaylağı çəkir.
Fikrimin, duyğumun yorğun vaxtında,
Şirin xatirəmin ilk çağı çəkir.
Xəyal qanadlanır dağlar boyunca,
Yaşıl ətəyində gəzəm doyunca.
Qayalar dünyanın yaşından qoca,
Zirvədə qartalın oylağı çəkir.
Axtarsan taparsan məni hər yerdə,
Baykalda, Urmuda, mavi Xəzərdə.
İstəyən ovunsun yad ölkələrdə,
Ruhumu Arazın qırağı çəkir.
Kölgə tək sürünüb, qanad taxana,
Çəpiklə , alqışla taxta çuxana.
Əsir obalar gendən baxana,
Anamın dilindən bir ağı çəkir.
Nə qədər görmüşəm qansız yağını,
Söndürüb evimin od-ocağını,
Gülüstan etsələr qürbət bağını,
Məni doğma yurdun torpağı çəkir.
QIŞ TUTUB
Gözümə yığdım yolları
Öldüm ölümümə sarı,
Sordum dolan buludları
Gördüm, gözümü yaş tutub.
Dərd məni çəkdi təkinə,
Gördüm boşuna, bərkinə
Səbrə yükünə-yükünə
Gördüm, yolumu daş tutub.
İllər bir birin kiritdi,
Ömrümü dözüm əritdi,
Gənclik nə vaxt gəlib getdi,
Gördüm, saçımı qış tutub.
MƏNİM DÜNYAM
Əzəlki dünyamı gəzdim,
Həsrətə dözdükcə, dözdüm.
Onu əlçatmaz bilməzdim
Demə, bacamızın qara
Tüstüsüymüş, mənim dünyam.
Ömür su tək axıb getdi,
Ətəyini yığıb getdi
Dünyam gendən baxıb, getdi
Mərcan gözlü bulaqların
Bəstəsiymiş, mənim dünyam.
Küskün qaldı bənövşəlik,
Yaşıl tala, göy meşəlik.
Dünyam oldu bölük-bölük,
Xan çinarın həmişəlik
Kölgəsiymiş, mənim dünyam.
Yol dolaşıq, mən yorğunam,
Vaxt ötür, hələ durğunam.
Mən öz dünyama vurğunam,
Öz anamın qucağının
İstisiymiş mənim dünyam.
AĞLADIM
Cəbrayılın işğalı günündə
Söz demədim, adım olsun ya varım,
Bəs eyləyər əyilməyən vüqarım,
Geri dönməz vaxtsız ötən baharım,
Qəhr eləyib, yerə-göyə, ağladım.
Ağrılarım ərşə-kürşə çəkəndə,
Sevincimi həsrət qəmə bükəndə.
Gül bağımda yağı tikan əkəndə,
Torpaq, Vətən deyə-deyə, ağladım.
Qardaş dedim Ərdəbilə, Təbrizə,
Doğmalar tək heç durmadıq üz-üzə.
Ayrılıqdan don biçəndə yad bizə,
Araz qəmin geyə-geyə, ağladım.
Heç bilmədim dağ nəyimiş, dərə nə,
Qürbət eldə bağ necəymiş, bərə nə.
Becərdiyim qismət oldu dərənə,
Mən dərdimi yeyə-yeyə, ağladım.
Bir könülə dəyməmişəm dünyada,
Özgə budağ əyməmişəm dünyada.
Ata yurdum əsir düşəndə yada,
Dizlərimə döyə-döyə, ağladım.
23 avqust 1993-cü il
UZAQ DÜŞMƏYİM
ÖZÜM-ÖZÜMDƏN
Hərdən ərşə çəkir məni ürəyim,
Ağrı-acısını aça bilmirəm
Hamı dərdli gəzir, qəmli dolanır,
Bu giley-güzardan qaça bilmirəm.
Hardan düşdü aramıza bu yadlıq
Hərə suyu çəkir öz axarına.
Aşdığı bu kiçik cığır bəsimdir,
Duyğumu yönəldib, söz axarına.
Yamyaşıl baharlı torpağımızda,
Soyuqluq tökümü əkdilər hardan?
Ruhumuzda birlik oyanan kimi
Doğmalıq, qohumluq tez çıxdı yaddan.
Mən yad toyuğuna kış deməmişəm,
Başıma ələnən bu daşlar nədir?
Birinə atından düş deməmişəm,
Haqsızın köhləni, məndən öndədir.
Mənə yuxarıdan baxan, qardaşım,
Baxışın biganə, ruhun özgədir.
Gəl torpaq dərdini birlikdə çəkək,
Qan-qanı çəkəndə soyuqluq nədir?
Hər soyuq baxışdan ruhum əyilməz,
Nə mənsəb, nə şöhrət keçməz gözümdən
Dünyacan dərd ola yenə dözərəm,
Kaş uzaq düşməyim, özüm-özümdən.