Sentyabr ayı ərzində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədini pozduqları üçün 34 halda 49 nəfər saxlanılıb.
Bu barədə 525.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Saxlanılanlardan 24 nəfər Azərbaycan, 10 nəfər Gürcüstan, 8 nəfər Özbəkistan, 2 nəfər İran, 2 nəfər Moldova, hər ölkədən 1 nəfər olmaqla Ukrayna, Qırğızıstan və Pakistan vətəndaşları olub. Sərhəd rejimi qaydalarını pozarkən 1355 halda 1614 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 197 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə tədbirləri nəticəsində isə 6 halda 3 kq 323,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ötən ay, həmçinin 64 halda ümumi dəyəri təqribən 308 min manat təşkil edən qaçaqmal, o cümlədən, 1 ədəd pnevmatik tapança, tapança üçün 4,5 mm-lik 500 ədəd qırma, 75 ədəd 16 və 12 mm-lik patron, 1000 ədəd piston, 1 kq barıt, 1 ədəd müşahidə kamerası, 20 ədəd qısa məsafəli rabitə vasitəsi, 913 ədəd mobil telefon, 699 ədəd mobil telefon aksessuarları, 347 ədəd araq, 6325 qutu siqaret, 40 min ABŞ dolları, 1450 qram gümüş zinət əşyaları, müxtəlif dərman preparatları, ərzaq və s. mallar saxlanılıb.