"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin Gənclər və İdman nazirlərinin Bişkekdə keçirilən dördüncü iclasında üzv ölkələr arasında gənclər sahəsindəki əməkdaşlığın davamlılığının təmin edilməsi istiqamətində vacib qərarlar qəbul olundu".
Bunu Türk Şurası Gənclər Platformasının prezidenti, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov noyabrın 29-da Türk Şurasına üzv ölkələrin Gənclər və İdman nazirlərinin Bişkekdə işə başlayan dördüncü iclasında müzakirə olunan məsələlərlə bağlı açıqlamasında deyib.
Qəbul olunan qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan M.Seyidov bildirib ki, iclasda Gənclər Platforması Baş Assambleyasının ikinci, Gənc Liderlərin üçüncü forumunun keçirilməsi, Gənclər Platforması çərçivəsində ilk “Youth Exchange” təcrübəsinin hazırlanması, beynəlxalq könüllülük praktikasının öyrənilməsi məqsədilə Azərbaycan ilə Türkiyə arasında ilk təcrübənin başlanması kimi məsələlərin diqqət mərkəzində saxlanılması təqdirəlayiq haldır. Həmçinin beşinci Gənclər Düşərgəsinin təşkili, bu istiqamətdə müvafiq işlərə başlanılması üçün müzakirələrin aparılması, eyni zamanda, keçiriləcək dördüncü gənclər festivalı ilə əlaqədar konkret təkliflərin alınması da müzakirəyə çıxarıldı. Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistan Prezidentinin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Gənc Sahibkarlar Forumunun baş tutması istiqamətində ilkin danışıqlara başlanılması, Türk Şurası Gənclər Platformasına daha iki ölkənin - Özbəkistanın və Macarıstanın gənclər təşkilatlarının da cəlb olunması ilə bağlı konkret addımların atılması, müxtəlif mədəniyyətlilik dialoqunun inkişaf etdirilməsinə çalışan və radikalizmə, ekstremizmə qarşı mübarizə aparan alyanslarla əməkdaşlığın qurulması, yeni iş formatının müəyyənləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanıldı”.
İclasda Azərbaycanın Gənclər və İdman nazirinin öz çıxışında mühüm məsələləri qeyd etdiyini diqqətə çatdıran M.Seyidov bildirib: “Nazir Azad Rəhimovun iclasda çıxış edərək Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini və mövcud əlaqələrimizdən və təcrübədən istifadə edərək onun inkişafına töhfə veriləcəyini bildirdi. A.Rəhimov 2020-ci ilin yayında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi. Düşünürəm ki, Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsi bizim üçün əhəmiyyətli hadisə olacaq.
Eyni zamanda, 2020-ci ildə Qazaxıstanda keçiriləcək ikinci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq dördüncü Dünya Köçəri Oyunları, Türk Şurasına üzv dövlətlərin dopinqlə mübarizə məsələsi, Türkiyə Antidopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular da müzakirəyə çıxarıldı. Əminəm ki, bütün bu məsələlərlə bağlı atılacaq addımlar Türk Şurası Gənclər Platforması üçün də uğurlu olacaq”.