|
|
|
|
Bu ərəfələrdə Bakı Dövlət Universitetinin 100, Jurnalistika fakültəsinin 50 illik yubileyləri münasibətilə bayram bayrama qarışıb. İndiyə kimi bu doğma fakültənin yüzlərlə yetirməsi olub. Ölkənin ən tanınmış jurnalistlərini yetişdirən fakültə cəmiyyətin həyatında da fərqlənməyi bacarıb.
Gecə saat ikidə gələn bir cümləlik mesaj məni arzularımın nərdivanında bir pillə yuxarı qaldırmışdı. İki-üç həftə sonra arzusunda olduğum fakültəmlə tanış olacaqdım.
Fakültəmizin 50 illiyi ilə bağlı görülən tədbirlər bundan üç il əvvəlki xatirələrimi yenidən canlandırdı. Bu əlamətdar günlə bağlı Jurnalistika fakültəsinin tələbəsi kimi mən də öz duyğularımı bölüşmək istəyirəm.
Fakültəyə gələn gündən müəllimlərin səmimi münasibəti bu yeri mənə daha da doğmalaşdırdı. İlk tanış olub, dəyər verdiyim müəllimlərdən biri Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli olub. O, əsl tələbə adamıdır və öz köməyini tələbələrdən heç vaxt əsirgəmir. Cahangir müəllimlə nə vaxt söhbət etsəm, ondan yeni bir informasiya alıram. Bir dəfə yazımı oxuyarkən mənə belə dedi: "Yadında saxla ki, bizim peşə digərlərindən çox fərqlənir, onlar etdikləri səhvlərin üstünü örtə bilərlər, amma jurnalistlər öz səhvlərini hər kəsə bəyan edirlər". Hər dəfə yeni bir yazıya başlayanda ilk ağlıma gələn də elə bu məsləhət olur.
Ən birinci praktiki fəaliyyətim də ondan aldığım müsahibə olub. Radio-televiziya kafedrasının müəllimi Əli Hacıyev müsahibəmin bəzi nöqsanlarına baxmayaraq, ilk işim olduğu üçün həmin süjeti "10" balla qiymətləndirmişdi.
Bizim müəllimlər tələbəyə çox yaxındır. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, dosent Mahmud Mahmudov bunu tez-tez xatırladır. Onun tələbəyə xitabla başlayan tövsiyələri hələ də yadımdadır. Bizim fakültəni fərqləndirən cəhətlərindən biri də odur ki, müəllimlə tələbə arasında nə qədər inciklik olsa da, müəllimin o tələbəyə qarşı heç bir qərəzindən söhbət gedə bilməz. Buna nümunə professor Akif Rüstəmovun dərslərindən yadımda qalan müəllimlərimdəndir. Birinci kursun ilk dərsini bizə o tədris etmişdi. Universitetlə yeni tanış olduğumuz, müstəqil həyata yeni qədəm qoyduğumuz üçün aramızda bir qədər şıltaq və dəcəl uşaqlar da var idi. 90 nəfərlik qrupda tələbələrin səs-küyü Akif müəllimin danışmağına mane olurdu. O, öz nitqini bizə çatdırmaq üçün növbəti dərsə auditoriya mikrofonu ilə gəldi. Hiss olunurdu ki, Akif müəllimin bizə göstərdiyi səbr tükənib. Ancaq imtahan vaxtı çatanda bundan əsər-əlamət yox idi. O da digər müəllimlər kimi, hətta, daha böyük həvəslə bizi imtahan üçün bilgiləndirir, hazırlayırdı. Yeri gəlmişkən, bu günlərdə Akif müəllimin 80 illik yubileyi idi. Fürsətdən istifadə edib bir tələbəsi kimi Akif müəllimi təbrik edir, ona hələ uzun illər fakültəmizdə savadlı jurnalistlər yetişdirməsini arzu edirəm.
İkinci kursdan bizə Azərbaycan jurnalistikası tarixi fənnini tədris etməyə başlayan Cümhuriyyət tədqiqatçısı, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublunun dilindən hər dərs canlı ensiklopediya dinləyirdik, hələ də dinləməyə davam edirik. Onun tez-tez dərsə gətirdiyi kitablar və arxiv sənədlərinin mühazirələrin səmərəli keçməsində böyük rolu var.
Az müddət olsa da, əski Azərbaycan yazısını öyrəndiyimiz Samir Mirzəyev bu fənni bizə sözün əsl mənasında sevdirdi. O, təkcə konkret mövzuda deyil, başqa fənlərdə də öz dəstəyini, köməyini tələbələrdən əsirgəmir. Dəhlizdə salamlaşıb, hal-əhval tutanda "Hər zaman yanınızdayıq, nə kömək lazım olsa, bizə yaxınlaşın" deməsi ilə bizə ürək-dirək verir. Ötən kursda Beynəlxalq jurnalistika kafedrasının müəllimi, professor Nəsir Əhmədlinin dəvət etdiyi qonaqlarla keçən mühazirələr, fərqli ab-havada olan seminarlar yaddaşlarımızda özünə əbədi yer etdi. Fakültəmizin dekanı Vüqar Əliyev və dekan müavini Könül Niftəliyeva da tələbələrə öz köməklərini əsirgəmirlər. Vüqar müəllimin özünəməxsus bir xüsusiyyəti də var. O, tələbələrin şikayət və təkliflərini yalnız dekan kimi deyil, bir dost kimi dinləyir və daim dəstək olur.
Üçüncü kursda bizə yeni bir fənni tədris etməyə başlayan Ayaz Musayev keçirdiyi sınaqların fərqliliyi ilə digər müəllimlərdən seçilməyi bacarıb. Bu kursda Yeni media fənnini tədris edən Osman Gündüz mühazirələrə media sahəsində olan iş adamlarını qonaq çağıraraq bizi həm onlarla tanış edir, həm də praktikaya hazırlayır. Bu sayədə də Osman müəllimin mühazirələri olduqca interaktiv keçir.
Nəhayət, ikinci kursun sonunda Cahangir müəllimin də təkidiylə yazılarımı dərc etdirməyə başladım. Həm onun, həm də fakültəmizin IV kurs tələbəsi olan Kənan Novruzovun yazmağa həvəsimin formalaşmasında çox böyük rolu və köməyi olub. Kənanın hər dəfə ruhdan düşməməyim üçün verdiyi məsləhətlər məndə olan həvəsi artırır.
Bir sözlə, Jurnalistika fakültəsinin həyatımda tutduğu yer ürəyimin mərkəzində dayanır. Tanıdığım, dəyər verdiyim insanların çoxunun məhz bu fakültəylə bağlı olmasının də bunda müəyyən payı var. İstər şəxsi ünsiyyətdə olduğum, istərsə də qiyabi tanıdığım müəllimlərin hər biri fakültənin, tələbələrin inkişafında böyük əmək sərf ediblər. Müəllim və tələbə arasında olan səmimi münasibətlər fakültəmizin müsbət cəhətlərindən biridir.
Ötən günlərdə Jurnalistika fakültəsinin 50 illiyi münasibətilə keçirilən şənliyə tələbələrlə bərabər müəllimlər də dəvət olundu. Həmin şənlikdə bizim üçün öz arzularını dilə gətirən müəllimlərimiz o günü bizimlə bərabər keçirərək yanımızda olduqlarını bir daha sübut elədilər. Hər zaman bizə dəstək olduqları üçün onlara minnətdarlığımı bildirirəm.
Çox xoşbəxtəm ki, bu səmimi ailənin bir üzvüyəm. Sevincimi jurnalistika fakültəsinin müəllim və tələbə kollektivi, eləcə də məzunları ilə bölüşür, hər birini təbrik edirəm.
Günel ABBAS BDU-nun Jurnalistika fakültəsi III kurs tələbəsi