Rəşid Faxralı
1813... Payız... Gülüstan...
Çeşməkli cənabla topsaqqal ağa1
Sərhəd dirəyini qələm ucunda
gah sola sürüdü, gah da ki, sağa.
... Dünyanın gözünə kül üfürdülər,
Ocaqlar kül oldu kül bələyində.
Arpaçay daşmadı, Kür mələmədi
Özgə torpağında iki qəsbkar
Arazı qərəzlə kürmələyəndə.
Ayrılıq deməyə gəlməyir dilim,
Hicran cücərtdilər, həsrət əkdilər.
Gülüstan kəndində Azərbaycanın
belinə tikanlı kəmər çəkdilər.
Özgə xırmanında taxıl döyənlər,
Yoxu bircə anda var elədilər.
Bığaltı güldülər, bu qələbəni
yaxına-uzağa car elədilər.
Necə saxlayasan vaxtı, zamanı,
Qələmlə-kağızla ötüşən anı...
Bir ağır fərmanla bu gen dünyanı
millətin başına dar elədilər...
Fərman dönməzlərin qolunu burdu,
Adınabazarın2 boynunu vurdu...
Yadlar Gülüstanda bir qurğu qurdu,
Qeyrəti, təpəri xar elədilər.
1813...Payız rüzgarı
Bir özgə həvəslə, maraqla gəldi.
Salıb yedəyinə qaxdağanları,
Gəldi şaxta ilə, sazaqla gəldi.
Tarixin ilməsi düşürdü düyün,
Özünü itirdi dünya büsbütün...
Özgə yedəyinə düşən "on üç"ün3
ovcunda gizlənən duzaqla gəldi.
Küldən köynək geydi hər od, hər ocaq,
Köksünü ötürdü dirsəklənən dağ...
Barış kəlməsiylə gəlmişdi, ancaq
Gülüstan kəndinə yaraqla gəldi...
Sərhədlər qazıldı bu yaraq ilə,
Biri digərinin nazını çəkdi...
Yaraqla dikələn sərhədlər hələ
tikanlı məftillər bitirəcəkdi...
Əlləri qoynunda qaldı məmləkət,
"Dur!" deyən olmadı o payız günü.
"Mənim tariximə yazılır həsrət,
Vur!" deyən olmadı o payız günü.
Fars rusun, rus farsın əlini sıxdı,
Özgə torpağında suç elədilər.
Gülüstan kəndində bir ulduz axdı,
Yanar ocaqlara su çilədilər.
Arşını əyilən dünya irişdi,
"Möhürə baxdılar, qola baxdılar".
O gün Xudafərin tilsimə düşdü,
Fərmanla kəsilən yola baxdılar...
Ağacdan qopurdu yarpaqlar bir-bir,
Cəllad kötüyüydü burda masa da,
Çatmışdı, elə bil son zamanıydı...
Fars rusu, rus farsı anlamasa da,
Bu fərman onlara tərcümanıydı.
Gözü tox olmayıb işğalçı, yenə
o tərəf, bu tərəf işğal acıydı.
Əli silahını əzişdirənə
hər sərhəd dirəyi dar ağacıydı.
Fərmanla qırdılar qanadlarını
O gün Savalandan əsən yellərin.
Fərman verənlərə lənət yağdırıb,
Fərman alanlardan küsən yellərin.
Bu qəfil gəlişdən dağlar da küsdü,
Qərəz yeli əsdi, şər yeli əsdi.
İki şər birləşdi bir axşam üstü,
Min illik tarixin təməli əsdi.
Qarabağ xanlığı, Bakı xanlığı,
İrəvan xanlığı, Şəki xanlığı...
Hərənin öz mülkü, öz xanimanı,
Hərə öz qəhrində, dərdi-sərində...
Elə buna görə Azərbaycanı
ikiyə böldülər günün birində...
Günah qılıncının kölgəsi altda
Xalqın tarixini puç elədilər;
Neçə min illəri yoran tarixi
Gülüstan kəndində qıc elədilər.
Kimin tamahına tamah saldı kim,
Nə fərqi, kim kimin bəhsinə düşdü.
Tarix yazan xalqın tarixi o gün
təntimiş zamanın nəsinə düşdü.
Kim deyir olmuşlar çözüldü dən-dən,
Sözü ötkünlərin dili üyüşdü.
Gülüstan kəndində elə o gündən
tilsim qıran qılınc tilsimə düşdü.
Bir saray yapdılar bir fərman ilə,
Qərəz baxışların heyrəti üstə.
Göylərin buludu vurnuxur hələ,
Göylər haray çəkir "Heyratı" üstə.
İşğalın quluna döndüyü üçün
dəyişdi yolların rəngi büsbütün...
Mənə elə gəlir, elə həmin gün
ilk dəfə oxunub "Kəsmə şikəstə".
Qara buluduydu, boşaldı o gün,
Hər gözdən bir ovuc yaş aldı o gün,
Qürbətə atılan daş oldu o gün,
Heysiyyət bələyi düşdü Araza.
Dikələn dağlar da dağ deyib gələr,
Cığır kürmələyər, yol əyib gələr...
Oğullar əyninə ağ geyib gələr:
Təbrizin küləyi düşdü Araza!..
İndi ot basıbdı cığırı, izi,
Acılar göynətdi ürəyimizi.
Haray oyadarmı heysiyyətsizi,
Bir durna lələyi düşdü Araza.
lll
Rus farsın kəhərində, fars rusun kəhərində
sərhəd boyu çapdılar...
Tarixin tağlarını bir möhürlə çapdılar.
Azərbaycan adında yağlı tikə tapdılar...
Millətin taleyini
Gülüstanda siyasət təndirinə yapdılar...
Zamanın sərhəddini çığnadılar, keçdilər,
Haraya boylanana
tikanlı məftillərdən bir dar köynək biçdilər.
Necə, nə cür quruldu
ərişi Araz olan bir fərmanın xanası?
Tələsik qabqarıldı işğalın barxanası.
İşğalıydı. İşğala xoş bir niyyət dedilər.
İmzalanan fərmana əbədiyyət dedilər4.
Qara daş atmalıyıq biz hər qara niyyətə.
Lənət, min lənət olsun belə əbədiyyətə!
lll
O gün bir fərman ilə
Başdan başa qoyuldu sərhədlər papaq kimi.
Sərhəd-sərhəd bölündü göylər də torpaq kimi.
Ağır qəsdə durdular,
Tarixin qollarına cin duyünü vurdular...
...bu düyün
Millətin taleyinə Qorde düyünü11 oldu.
Tarix yazan millətin öz doğma torpağından
öz doğma torpağına qəfil sürgünü oldu...
lll
Qayım-qədim məmləkəti
Araz adlı qılınc ilə o tay-bu tay elədilər,
Heysiyyəti para-para, tikə-tikə elədilər,
Yarı elə, yarı belə müstəmləkə elədilər.
O tay rusa müstəmləkə,
Bu tay farsa müstəmləkə...
O tayda da, bu tayda da
Anayasa - müstəmləkə...
Sızım-sızım sızıldadı Azərbaycan;
Can ruhuna həsrət qaldı, ruhuna - can...
Rusla farsın ittifaqı məmləkəti gizildətdi
can nədir ki, ruhunacan!..
lll
Bir xalqın taleyi düşürdü düyün,
Zəhər verirdilər dərman yerinə.
Fərman imzalandı... Qan düşdü o gün
Füzuli babamın qəzəllərinə.
Fars rusun, rus farsın sıxdı əlini,
Qara niyyətlilər durmuşdu qəsdə.
Qara yellər əsdi...
Qar yağdı o gün
Nizami babamın "Xəmsə"si üstə.
Yönü hayanaydı bu qərib köçün?
Fərman Gülüstanın son nəfəsiydi.
Gülüstan kəndində yadın yad üçün
yazdığı ən böyük mədhiyəsiydi!..
lll
Göylərin çalmasını
yellərə yem elədi dağın-daşın harayı.
Cavadın17 qolu üstə
ucaldıldı həmin gün imperiya sarayı...
İllərin quluncunu qırası oğul hanı?
Tarixin kəhərini yorası oğul hanı?
Heysiyyət sancağıyla Təbrizə, Ərzincana,
Ərdəbilə, Mərəndə. varası oğul hanı?
Oğul gərək tilsimi birdəfəlik qırmağa,
Gülüstanda vurulan kilidi sındırmağa.
Gözümün işığını gözümə qaytarmağa,
Ləçəyindən qan daman
bənövşəni, nərgizi düzümə qaytarmağa,
Dünənki şöhrətimi özümə qaytarmağa...
Sərhəd məntəqələri
bu boyda, bu biçimdə bir qəhər pəncərəsi...
Aysız gecələrimiz şəbi-yelda gecəsi...
Tikanlı məftil alıb Bənövşənin yerini.
Küləklər daraqlayır xalqın dərdi-sərini...
lll
Ha çalışdım, açammadım,
Kim salıbdı kim, düyünü?
Nişanəsi bəlli deyil,
Bu düyün kimin düyünü?
Kim ağladıb, kim ağlayıb,
Kim doğub, kim qundaqlayıb?!
Nə müddətdi pas bağlayıb
sim üstündə sim düyünü.
Göylərdə bir ah ağlayır,
Günahsız günah ağlayır,
Açılmaz sabah ağlayır,
Taleyi bir cin düyünü...
lll
Ruhu candan üzübdü dərd,
Dərd sapına düzübdü dərd,
Dərdlilərdən bezibdi dərd,
Dərdi dərddən seç, Savalan.
Deyirlər: - Dərdin boyatdı,
Dillənmədin, dərd boy atdı...
Ağıya dönüb bayatı,
Bir dərd olub üç, Savalan.
Gələrik, səslə, gələrik,
Ayrı həvəslə gələrik,
Axır nəfəslə gələrik,
Tükənməyib güc, Savalan!..