Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan sədr Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edib.
Sədr rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verdiyini, Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.
MSK-dakı səmimi qəbula görə təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandıraraq ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları diqqətə çatdırıb. Bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.