"Azərbaycanla Kuba arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər iki ölkə, iki xalq arasında həm qardaşlıq, həm də dostluq əsasında qurulan münasibətlərdir".
Bu fikirləri bizimlə söhbət zamanı Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo deyib. O bildirib ki, hər iki xalq bir-birinin tarixinə, adət-ənənəsinə həmişə hörmətlə yanaşıb: "Arzu edirik ki, ölkələrimizin, xalqlarımızın gələcəyi daha firavan olsun. Əlbəttə ki, siyasi münasibətlərimizin səviyyəsini iqtisadi münasibətlərdə də görmək istəyərdik. Hazırda iqtisadi əlaqələrin inkişaf etməsinə, bu sahənin ön plana keçməsinə çalışırıq". Diplomat bildirib ki, iki ölkə arasında biotexnologiya və tibb sahəsində mübadilə üçün zəmin vardır: "Biz kiçik dövlətlərik, lakin geniş insan kapitalına malikik. Bu insan kapitalından istifadə edərək geniş bir sahələrdə əməkdaşlıq edə bilərik. Həmçinin, elm sahəsində əməkdaşlıq mümkündür. Hər iki ölkə çalışır və çox istəyir ki, elmi bacarıqlarını genişləndirsin. Kuba tibb sahəsində inkişaf edib, o cümlədən, biotexnologiya sahəsində böyük nailiyyətləri var. Kuba çalışır ki, farmakologiya sahəsində də imkanlarını genişləndirsin. Xərçəng xəstəliyinə qarşı bir neçə preparat hazırlanıb ki, bu, xəstəliyin qarşısının alınması və inkişafının tam dayandırılmasına böyük dəstək olacaq. Bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşə bilərik. Azərbaycan da neft və qaz sənayesindən başqa digər sahələri inkişaf etdirməkdə maraqlı olduğu üçün, düşünürəm ki, bu sahədə əməkdaşlığımız çox məhsuldar olardı. Ona görə ki, qeyd edilən bu iki sahədə mübadilə üçün həmişə zəmin var. Aqrosənaye sahəsində çox ortaq nöqtələrimiz var. Kuba tropik meyvələr yetişdirir, bəzi məhsullarımız vardır ki, bütün dünyada tanınır. Azərbaycan, həmçinin, kənd təsərrüfatı sahəsini inkişaf etdirir. Bəzi məhsullar var ki, Kubada onlar yetişdirilmir və həmin məhsulların satılması mümkündür".
Səfir əlavə edib ki, Azərbaycanın neft sənayesində olan təcrübəsi Kuba tərəfindən həmişə tanınır. Kubada bu sahədə çalışan mütəxəssislərin demək olar ki, hamısı vaxtilə Azərbaycanda neft institutunda təhsil alıblar: "Demək olar ki, biz bu sahədə olan bütün nailiyyətlərimizə görə Azərbaycana borcluyuq. Bizim mütəxəssislərin daha da inkişaf etdirilməsi, yaxud müasir texnologiyanı daha yaxşı mənimsəmələri üçün əməkdaşlığın genişləndirilməsi, yeni inkişaf yollarının tapılması daha yaxşı olardı.
Son bir neçə ildə biz azərbaycanlı iş adamlarını Kubaya Havana Beynəlxalq Yarmarkaya dəvət etmişik. Biz səfirlik olaraq çalışırıq ki, istər dövlət təmsilçiləri, istərsə də iş adamları həmin tədbirlərə qatıla bilsinlər. Həmçinin, onları Havanadakı Mariel Azad Ticarət Zonasına dəvət etmişdik. Bir çox ölkələr orada sərmayələr yatırıb. Təklif etmişdik ki, Azərbaycan iş adamları həmin zonaya gəlib tanış olsunlar. Həmçinin, iş adamlarının turizm sektoruna da sərmayə qoymasını təklif etmişdik. Məsələn, AZPROMO vasitəsilə Azərbaycan məhsullarının orada satışı həyata keçirilə bilərdi. Türkiyə, İran, Belarus, Rusiya kimi Azərbaycan da Marieldə öz ticarətini apara bilər. İş adamları Kubaya səfər ediblər, maraq da göstəriblər, lakin bu səfərlərin sayını artırmaq lazımdır ki, ticarət də genişləndirilsin. Çalışırıq ki, bu ilin noyabr ayında Azərbaycan iş adamları Kubada yarmarkada iştirak etsinlər".
Turizm əlaqələrindən danışan səfir deyib ki, bu sahə demək olar ki, cücərti dövründədir: "Bizim müşahidəmizə görə, ötən il Azərbaycandan Kubaya gedən turistlərin sayı kifayət qədər artıb. Kubada da Azərbaycanı getdikcə daha çox tanıyırlar. Türkiyə və Rusiyaya gedən kubalı artıq Azərbaycana gəlməyə də maraq göstərir. Biz hər il Azərbaycanda keçirilən turizm sərgisində iştirak edirik. Düzdür, ötən il sərgidə bizm stendimiz olmadı, lakin Kubanın turizminin təbliği üçün kiçik bir təqdimat etdik. Biz, həmçinin, bir çox tur operatorlarla, Kubaya birbaşa uçuşlar təşkil edən hava şirkətləri ilə də danışdıq.
Keçən il Azərbaycandan böyük bir qrup Kubaya səfər edib. Çox istərdik ki, qrup şəklində səyahətlərin sayı artsın. Azərbaycan Turizm Agentliyi ilə sıx əməkdaşlıq edirik. Bu, yeni bir sahədir, amma düşünürük ki, maraq olduğu üçün getdikcə inkişafa nail olunacaq".
Onun sözlərinə görə, hazırda İstanbuldan Havanaya birbaşa aviareys həyata keçirilir ki, bu, çox gözəl və rahat uçuşdur: "Digər bir ənənəvi uçuş Moskva-Havana reysidir. Lakin İstanbul-Havana uçuş xətti məhz bu region üçün nəzərdə tutulub və öz bəhrəsini göstərməkdədir. Bu reys getdikcə insanlar arasında daha çox tanınır. Düşünürəm ki, bu uçuşlardan istifadə etmək lazımdır".
Səfir Portoundo vurğulayıb ki, əsasən Rusiya və Türkiyəyə gedən kubalıların sayının çox olduğu barədə məlumat var: "Son dövrlərdə Kubadan Bakıya gələn insanların sayı artıb, lakin onlar hansısa bir nümayəndə heyətinin tərkibində, elmi sahəsi üzrə hansısa tədbirlərə gəlirlər. Keçən il Kubadan Bakıya idman yarışlarında, həmçinin, bir çox beynəlxalq tədbirlərdə iştirak etmək üçün heyətlər gəlib. Qoşulmama Hərəkatının Zirvəsində Kubadan böyük nümayəndə heyəti iştirak edib. Heyətə 200-dən çox insan daxil idi. Kubalı jurnalistlər Zirvə görüşünü işıqlandırmadan əlavə, Bakının gözəlliyini də kubalılara çatdırdılar. Siz əgər Dövlət Miqrasiya Xidmətindən bu statistikanı soruşsanız, onlar deyəcəklər ki, 2019-cu ildə Kubadan Azərbaycana gəliş sayında böyük bir partlayış olub. Deyə bilərəm ki, keçən il Azərbaycana gələn kubalıların sayı 25 illik diplomatik münasibətlərin tarixində ən yüksək göstərici olub".
Səfirin sözlərinə görə, keçən il Kuba üçün çətin bir il oldu, çünki "Helms Burton Qanunu" tətbiq olunmağa başladı. Bu da blokadanın və embarqonun gücləndirilməsinə gətirib çıxardı: "Amerika Kubaya qarşı həm maliyyə, həm də iqtisadi cəhətdən göstərə biləcəyi bütün təzyiqləri ən yüksək səviyyədə göstərdi. ABŞ-dan Kubaya olan uçuşlar, Kuba tərəfindən həyata keçirilən bank əməliyyatları məhdudlaşdırıldı. Kubanın digər ölkələrlə olan iqtisadi əlaqələrini də məhdudlaşdırmaq üçün əllərindən gələni etdilər. Lakin bu embarqo bizm iqtisadiyyatımızn inkişaf etdirilməsinin, planlar qurmağımızın qarşısını ala bilmədi. Digər ölkələrlə əlaqələrimizi dərinləşdirməkdə, turizmi inkişaf etdirməkdə davam edirik, çünki bu, bizim iqtisadiyyatımızın əsasını təşkil edir. Tibb sahəsində də xidmətlərimizi dünyaya tanıtmaqda və satmaqda davam edirik. Kuba məhsullarının xaricə ixracı da davam edir".
PƏRVANƏ