Bu günlərdə "Ulduz" jurnalının 10-cu sayı çapdan çıxıb. Sona Vəliyevanın şeirləri ilə açılan dərgidə Zeynal Vəfa, Oqtay Rza, Əbülfəz Ülvi, Qafar Qərib, İbrahim Yusifoğlu, Məhərrəm Hüseynov, Vəli Qaraxan, Ədalət Nicat poetik yaradıcılığından nümunələr təqdim olunub.
Tanınmış publisist Laura Cəbrayıllının "Orta əsrlərin dastanı, 35 ilin romanı, III minilliyin kinosu" yazısında "Mahmud və Məryəm" filmi haqqında düşüncələrini qələmə alıb.
"Ulduz" jurnalının publika.az saytı ilə birgə həyata keçirdiyi "Variasiya" layihəsində bu dəfə Natiq Məmmədlinin "Kişilər ağlamasın" hekayəsi təqdim olunub.
Jurnalda həmçinin dərginin "qafqazinfo.az" saytı ilə birgə hazırladığı "Ədəbiyyat üzrə Nobel mükafatı laureatları" rubrikasında İlham Abbasovun təqdimatında Herhart Hauptmanın həyat və yaradıcılıq yoluna nəzər salınıb.
Şair-publisist Ənvər Əhmədin 70 yaşı münasibətilə professor Vaqif Yusiflinin yazdığı "Dünyanın bir xoşbəxt günündə" məqaləsi də jurnalda yer alıb.
Ramiz Məmmədzadənin "İşıq günü" kitabı haqqında Sabir Rüstəmoğlunun qələmə aldığı "Ruhun bənzərsiz çırpıntıları" yazısı da bu nömrədə oxucuların ixtiyarına verilib.
"Əsrin və nəslin sonuncu sevgi fəsli" yazısının müəllifi Yaşar Qasımbəyli Rəşad Məcidin poetik yaradıcılıq yolundan söhbət açıb: "Şeirdəki tragik-metaforik ifadələr və onların törəmələri etnomilli natamamlığın və faciələrin inikasına çevrildiyinə görə onların təsir gücü birə-beş artır. "Tərsinə kükrəyən vulkan kimiyəm", "Qədim dərdlərimin od heykəliyəm", "Sorulmuş nar kimi büzüşən Vətən", "Bu tayda sevinci qanadlananda, o tayda vuruşan, döyüşən Vətən" kimi şah misralar öz-özümüzə belə etiraf etməyə cəsarət eləmədiyimiz dəhşətli həqiqətləri amansızcasına göstərir: bizi bir toplum, xalq, millət olaraq min illərdən bəri izləyən və təqib edən əbədi faciələrimizi və ya faciəli taleyimizin əbədiyyəti vurğulayır..."
"Ulduz"un bu nömrəsində Fərəc Fərəcovun, Müzahim İsmayılzadənin, Sevil Gültənin hekayələri, Anar Eyyubovun satirik yazıları, həmçinin Təyyar Salamoğlunun "Od nəfəsli sənətkar" məqaləsi işıq üzü görüb.
Tərlan Novruzovun Hikmət Babaoğlunun "Akdamardan Sarı gəlinədək erməni yalanı" yazısı barədə məqaləsi də bu saydadır.
Sonda isə Vahid Aslanın şəhid şair Nizami Aydına həsr etdiyi "Nizami Aydın" film-poeması verilib.
S.MÜRVƏTQIZI