Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın Ankaranın "Gece akademi" nəşriyyatında türk dilində "Nahçıvan ağızlarının sözcük bilimi" adlı monoqrafiyası çapdan çıxıb.
Naxçıvan dialekt və şivələrinin leksikasından bəhs edən elmi nəşrdə Naxçıvan şəhərində və rayonlarında işlənən dialekt sözlər seçilərək leksik cəhətdən izah edilmiş və hər bir sözün etimologiyası əhatəli şəkildə araşdırılıb.
Xalqımızın keçmişdən bu günə kimi işlətdiyi dialekt sözləri toplamaq, onları sistemli təhlil etmək, geniş şəkildə araşdırmaq xeyli çətin və məsuliyyətli işdir, həm də xüsusi diqqət və fədakarlıq tələb edir. Nuray Əliyeva bu işin öhdəsindən böyük bacarıqla gəlib, hətta materialı Türkiyə türkcəsinə tərcümə edərək Ankara şəhərində nəşr etdirməyə nail olub. Monoqrafiyanın Türkiyədə nəşri, internet vasitəsilə satışının təmin edilməsi Naxçıvan dialekt və şivələrində işlənən sözlərin geniş arealda yayılmasına imkan yaradıb.
Haqqında bəhs etdiyimiz monoqrafiya 178 səhifədən ibarətdir. Kitabda sözün həqiqi mənasında Naxçıvanın dil sistematikasına, dialekt və şivələrinə zəngin aid bir xəzinə cəmlənib. "Keçmişimiz gələcəyimizin təməlidir" şüarı ilə yanaşsaq, xalq dilində işlənən qədim tarixə malik hər bir kəlmənin və cümlənin bu gün üçün çox əhəmiyyətli olduğunu etiraf etməliyik. Bu mənada Nuray Əliyevanın uzun illəri əhatə edən elmi axtarışlarının bir hissəsi olan monoqrafiya keçmişimizi gələcəyimizə daşıyan bir mənbə rolunu oynayır.
Monoqrafiyanın üstün cəhətlərindən biri də Naxçıvan dialekt və şivələrində işlənən sözlərin digər türk xalqlarının dialekt və şivələrində işlənən variantlarını özündə əks etməsidir.
Giriş hissədə Naxçıvanın tarixinə yığcam nəzər salınır, Naxçıvan dialekt və şivələri haqqında ümumi məlumat verilir. Birinci bölmədə keçmişdə ədəbi dilimizdə işlənən, bu gün isə ədəbi dildə işləkliyini itirərək sadəcə dialekt və şivələrdə yaşayan sözlər diqqətə çatdırılır. Əsərin bir üstün cəhəti də ondadır ki, müəllif bu tipli sözləri digər türk xalqlarında işlənən variantlarını da araşdırır və müqayisəli şəkildə təhlilini verir.
"Yeni sözlər" adlı ikinci bölmədə Naxçıvan dialekt və şivələrində işlənən neoligizmlər araşdırılıb, mürəkkəb söz və söz birləşmələrinin türk xalqlarında işlənmə məqamı müəyyənləşdirilib.
Qədim sənət növlərindən biri olan xalçaçılıq sahəsi müəllifin tədqiqatında xüsusi yer alır. Belə ki, bu sahə ilə bağlı dialekt sözlər və söz birləşmələri seçilərək tədqiqata cəlb olunub.
Monoqrafiyada diqqəti çəkən fəsillərdən biri də heyvandarlıqla bağlıdır. Burada dialekt və şivələrdə heyvandarlıqla bağlı işlənən sözlərə diqqət ayrılıb. Bu sözlər türk, özbək, qazax, qırğız, türkmən variantları ilə müqayisəli şəkildə araşdırılıb.
Qohumluqla bağlı işlənən sözlər isə monoqrafiyanın beşinci fəslində verilmiş və təhlil edilmişdir.
Naxçıvanlıların müqəddəs neməti olan duz və ona aid nümunələr, deyimlər bir çox folklor materiallarında özünü göstərir. Monoqrafiyanın altıncı bölməsində duzla bağlı işlənən sözlər, deyimlər və onların müqayisəli təhlili öz əksini tapır.
Əsərin sonunda Naxçıvanın ayrı-ayrı rayonlarından toplanmış mətnlərə və atalar sözlərinə də rast gəlirik. Bu mətnlər Naxçıvan dialekt və şivələrində necə səslənibsə, eləcə də qələmə alınmış və oxucuya çatdırılmışdır.
Eyni zamanda, Naxçıvan dialekt və şivələrinin qısa lüğəti də monoqrafiyanın elmi əhəmiyyətini artıran cəhətlərdən sayıla bilər.
Monoqrafiya Naxçıvan dialekt və şivələrinin tədqiqində istinad ediləcək dəyərli mənbədir. Bu əsər Azərbaycan dilinin ölkəmizdən kənarda təbliği işinə də töhfədir.
Çinarə RZAYEVA
AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru