|
|
|
|

Dünyada əhalinin sayının çoxalması istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması enerji daşıyıcılarına olan tələbatı da artırır. Bu da öz növbəsində, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə zərurəti yaradır. Bərpaolunan enerji mənbələri isə, əsasən, "günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə" və "dalğa" enerjiləri kimi qruplaşdırılır.
Azərbaycanda ilin əksər günlərinin günəşli keçməsi alternativ enerji mənbələri arasında günəş enerjisindən istifadənin daha əlverişli olduğu qənaəti yaradır. Bəs günəş panellərinin nə kimi ekoloji təsirləri var?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə APA-ya açıqlamasında bildirib ki, elektrik enerjisinin istehsalında alternativ bərpaolunan enerji mənbələrindən istifadə ətraf mühitə mənfi təsirləri azaltmağa imkan verir: “Hazırda dünyada qlobal iqlim dəyişmələri fonunda alternativ enerji mənbələrindən istifadəni daha da artırmaq istiqamətində addımlar atılır. Neftdən və kömürdən istilik effekti yaradan qazların əmələ gəlməsinə gətirib çıxaran elektrik enerjisi istehsalı proseslərini alternativ proseslərlə əvəz eləmək məqsədəuyğundur. O cümlədən, Azərbaycanda da iqlim dəyişmələri, ətraf mühitə təsirləri azaltmaq üçün alternativ enerji mənbələrindən mümkün qədər geniş istifadə olunmalıdır”.
R.Səttarzadə qeyd edib ki, günəş panelləri vasitəsilə təmiz enerji əldə olunur. Günəşin şüaları elektrik enerjisinə çevrilir. Həmçinin əlavə edib ki, Azərbaycanda bir çox milli parkda artıq günəş panelləri quraşdırılıb və bu işlər davam etdirilir: “Harada elektrik enerjisinə çıxış çətindir, həmin yerlərdə belə panellər quraşdırılır. Azərbaycanda da günəş panellərindən istifadənin artırılması ilə bağlı planlar var”.
Şöbə müdirinin sözlərinə görə, günəş panellərindən istifadə ekoloji təsirləri minimuma endirməyə imkan verəcək.
Ekoloq Rauf Soltanov isə APA-ya bildirib ki, dünyada əhalinin istilik enerjisinə tələbatını ödəmək üçün yerin altında olan karbohidrogen ehtiyatlarından geniş miqyasda istifadə olunur. Onun sözlərinə görə, gələcəkdə bu ehtiyatlar bitəcək və yerin özünün daxili sferasında olan enerjidən istifadə olunacaq: “Alternativ enerji mənbələrindən biri olan günəş enerjisindən istifadə etmək üçün müxtəlif texnologiyalar var, bunlardan biri də günəş panelləridir. Dünyanın gələcəyi günəş enerjisindən istifadədən çox asılıdır. 50-100 il sonra bu, yeganə enerji mənbəyi olacaq. Azərbaycanda da günəş panellərindən istifadə etmək ən vacib məsələlərdən biridir. Məsələn, külək enerjisindən istifadə etməklə alınan enerji və günəş panellərindən əldə olunan enerji arasında böyük fərq var. Çünki günəş enerjisi küləyə nisbətən daha davamlı və dayanıqlı enerji mənbəyidir. Məsələn, Qubada panellər qurulub. Həmin paneldən küçənin işıqlandırılmasında istifadə olunur. Hava işıqlananda panellər sönür, ehtiyat enerjini toplayır. Bu, iqtisadi cəhətdən olduqca böyük əhəmiyyət kəsb edir”.
R.Soltanov bildirib ki, hazırda dünya texnologiyası günəş enerjisindən istifadəyə yönəlib: “Aparılmış hesablamalar göstərir ki, gələcəkdə əhalinin enerji ehtiyatının 60-70 faizi günəş enerjisi hesabına təmin olunacaq”.
Ekoloq vurğulayıb ki, günəş panellərdən istifadə etməklə alınan enerjinin atmosferin təmizlənməsində çox böyük rolu olacaq - karbohidrogen məhsullarından yanacaq kimi istifadə edilməyəcək, onların havaya buraxdığı karbon qazı, maşınların istifadə etdiyi karbon oksidinin miqdarı azalacaq: “Bu, atmosferin çirklənməsinin qarşısının alınmasında ən böyük təsiredici amillərdən biri olacaq. Bu gün Bakı şəhərində atmosferin çirklənməsinin 65-70 faizi avtomobillərin payına düşür. Təsəvvür edin ki, bu avtomobillər günəş enerjisindən istifadə edərsə, Bakıda atmosferin çirklənməsi, yəni karbon qazının miqdarı 40-50 dəfə azalacaq”.
R. Soltanovun sözlərinə görə, inkişaf etmiş kapitalist ölkələrində günəş enerjisindən istifadə əmsalı Azərbaycanla müqayisədə 1000 dəfə çoxdur: “Azərbaycanda son 4-5 ildə bu istiqamətdə işlər görülüb. Ölkəmizdə su problemi var, hələ yeni-yeni inkişaf edir, müəyyən struktur sahələrinə pul ayrılır. Azərbaycan da inkişaf etmiş ölkələr kimi günəş enerjisindən istifadəyə üstünlük verməlidir. Azərbaycanda da gələcəkdə şübhəsiz ki, bu istiqamətə böyük önəm verəcək”.
Qeyd edək ki, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na uyğun olaraq Azərbaycanda 2030-cu ilədək bütövlükdə istehlak olunan enerjinin 30%-nin alternativ mənbələrdən əldə olunması nəzərdə tutulur.



