|
|
|
|

Koronavirusun yayılmasından dünyanın bütün ölkələrinə bu və digər dərəcədə təsir göstərib. Dövlətlər önləyici tədbirlərə əl atıb, sərhədlərdə, səyahətlərdə məhdudiyyətlər tətbiq edilib.
Azərbaycan Prezidentinin birbaşa göstərişi ilə ölkəmizdə də bununla bağlı gücləndirilmiş tədbirlər görülməkdədir. Baxmayaraq ki, Azərbaycanda bu sagədə hazırda vəziyyət stabildir. Koronavirus dünya iqtisadiyyatına da öz mənfi təsirini göstərməkdədir. Belə ki, dünya iqtisadiyyatında xeyli geriləmələr müşahidə olunur. Neftin qiymətləri də ucuzlaşmaqdadır.
Xatırladaq ki, neft hasilatını azaltmaq üçün OPEC+ sazişi öz effektivliyini göstərib. Qazaxıstanın energetika naziri Nurlan Noqayev martın 18-də texniki komissiyanın iclasının keçiriləcəyini bildirib: "Neft hasilatını azaltmaqla bağlı OPEC sazişi təsirli oldu. Saziş martın 31-dək qüvvədədir. Lakin martın 18-də texniki komissiyanın iclası keçiriləcək və orada daha çox məsələlər müzakirə ediləcək". O qeyd edib ki, razılaşma həmişə faydalı olub: "OPEC və OPEC+ üzvləri tərəfindən növbəti addımın nə olacağını zaman göstərəcək".
Bəs vəziyyət nə qədər belə davam edəcək?
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, orta perspektivli proqnozlar yaxşı heç nə vəd etmir. Bu, makroiqtisadi göstəricilər və strateji məhsulların qiymətləri, xüsusən də neftin dəyərində özünü göstərir. O bildirib ki, 2017-ci ildən bu ilə qədər neftin dünya bazarındakı qiymətlərində müəyyən qədər stabillik müşahidə olunsa da, cari ilin əvvəllərindən neftin qiyməti 55-60 dollara qədər ucuzlaşıb. Ekspertin sözlərinə görə, ötən ilin dövlət büdcəsində neftin bazar qiymətləri 60 dollar götürüldüyü halda builki riskləri nəzərə alan hökumət büdcə sənədlərində neftin qiymətini 55 dollardan götürüb. Manatın ucuzlaşmasına gəlincə, ekspert söyləyib ki, bu məsələdə təşvişə gərək yoxdur: "Qısası, neft 40 dollardan aşağı düşərsə, manatın dəyərini maksimum 3-4 ay ərzində indiki səviyyədə saxlamaq mümkün olacaq. Koronavirusla bağlı yaranan rezonansın dünya iqtisadiyyatına nə qədər zərər verəcəyi bundan sonrakı proseslərin gedişatından asılıdır. Hər halda qlobal iqtisadiyyat ehtimal olunan dərəcədə fəlakətə yuvarlanmayacaq".
Ekspert Cümşüd Nuriyev isə bildirib ki, Azərbaycanın ixrac potensialı kəmiyyət halında sabit qalacaq, lakin dəyər şəklində azalacaq. Ticarət dövriyyəsində ixracın dəyəri azaldığına görə biz idxalı da azaltmalıyıq, əgər idxalı azaltmasaq, onda bizim ticarət saldomuz mənfi olacaq". O, builki dövlət büdcəsində neftin 55 dollardan götürüldüyü və dünya bazarında neftin birdən-birə bu qədər düşməsinin Azərbaycan büdcəsinin gəlirlərinə təxminən, 40 faizə yaxın azalmaya gətirib çıxaracağını bildirib: "Azərbaycanın ixrac potensialında neft məhsulları üstünlük təşkil edir. Bu da onu göstərir ki, bizim ixrac potensialımız dəyər şəklində azalacaq. Ticarət dövriyyəsində ixracın dəyəri azaldığına görə biz idxalı azaltmalıyıq. Əks təqdirdə, bizim ticarət saldomuz mənfi olacaq. Ticarət saldosu mənfi olduqda isə artıq səviyyə balansında problem yaranır. Yəni bu o deməkdir ki, Azərbaycanda bu il inkişaf dayana bilər".
Ekspert vurğulayıb ki, burada "iqtisadi yastıq" deyilən bir məsələ də var, yəni Azərbaycan hələlik bunların qarşısını ala biləcək: "Əvvəla, bizim Mərkəzi Bankda 6,4 milyard dollar həcmində resursumuz var. Həmin resurslar pul şəklindədir. O resurslardan səmərəli istifadə edilməsi müqabilində Azərbaycan üçün heç bir problem yaratmayacaq. Yaxın bir neçə ay ərzində, ən azı yarım ilə Azərbaycan öz iqtisadiyyatını qoruya biləcək".
İqtisadi geriləmənin qarşısını almaq üçün dövlət olaraq hansı addımları atmalıyıq sualını isə ekspert belə cavablandırıb: "İlk növbədə bəzi xərclər azaldılmalıdır. Təbii ki, sosial xərclərin azaldılması mümkünsüzdür, bu, Prezidentin siyasi xəttinə zidd bir addım olardı. Lakin idarəetmə xərclərini, investisiya xərclərini azaltmaq olar. İri layihələri hələlik kənara qoymaq olar. Xüsusilə də kənd təsərrüfatı sahəsindəki layihələrin hələ ki, Azərbaycan büdcəsini qaldıracaq imkanı yoxdur. Azərbaycanın özünün istehsal etdiyi kənd təsərrüfat məhsullarını təcili müəyyənləşdirmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi təkliflərlə hökümətə çıxış etməlidir ki, hökumət həmin malların idxalına qadağa qoysun. Bu, Azərbaycanda valyuta itkisinin qarşısını alacaq. Azərbaycan bu tədbirləri çox surətlə həyata keçirməlidir".
Cümşüd Nuriyev əlavə edib ki, koronavirusla bağlı büdcədə nəzərdə tutulmayan əlavə xərclər də dövlət tərəfindən həyata keçirilir və bunlar da Azərbaycan büdcəsi üçün əlavə yükdür: "5 milyon Səhiyyə Təşkilatına ayrıldı və 5 milyon İrana yardım edildi, həmçinin, 10 milyon Azərbaycan üçün ayrıldı. Bunlar Azərbaycan büdcəsi üçün əlavə yükdür. Azərbaycan büdcəsindən bir sıra layihələr, məsələn, "Azəravtoyol"a, "Azərsu"ya, "Azərişıq"a olan layihələr bir qədər gecikdirilməlidir. Bəziləri kənara qoyulmalıdır. Onları başqa vaxta saxlamaq olar. Azərbaycan yaxın 6 ay ərzində idxal-ixrac əməliyyatlarında ciddi dəyişikliyə nail olmasa, ciddi proqramla gündəmə gəlməsə, Azərbaycan büdcəsinə ağır yük düşəcək. Buna görə də iqtisadi geriləmə baş verə bilər. Bu iqtisadi geriləmənin olmaması üçün dövlət təcili tədbirlər görməlidir".
PƏRVANƏ



