Türkiyənin Baş Nazirliyi nəzdindəki dövlət arxivlərinin baş müdirinin köməkçisi Mustafa Budaq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. İnstitutdan verilən məlumata görə, qonaq institutun işi ilə tanış olaraq şöbələri gəzib.Sonra institutun iclas zalında Mustafa Budaq ilə görüş keçirilib. İnstitutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, Türkiyə bizim tariximizə, mədəniyyətimizə aid əlyazmalarla zəngin olan ölkədir, oradakı arxivlər bizim üçün vacib mənbədir. P.Kərimov Əlyazmalar İnstitutunun Türkiyənin müxtəlif müəssisələri, elm adamları, əlyazmalarla məşğul olan insanları ilə əlaqələrinin olduğunu söyləyib, faydalı əməkdaşlıqdan danışıb: “Bu əlaqələr nəticəsində Türkiyədə saxlanılan əsərlərin ölkəmizə gətirilməsi tariximiz üçün əhəmiyyətli olacaq. Bu arxiv sənədləri əsasında tariximizin təhrif olunmuş məqamlarına aydınlıq gətirmək və əsl tariximizi üzə çıxarmaq mümkün olacaq”.