|
|
|
|

Özü və sözü haqqında danışmaq istədiyim Nəcməddin Mürvətovun isə həm riyaziyyatçı, həm də şair kimi tanınmağa ilhamı çatıb. Təkcə yaşayıb çalışdığı Siyəzəndə deyil, qonşu bölgələrdə yaxşı bir riyaziyyat müəllimi kimi tanınan Nəcməddin Mürvətov pedaqoji fəaliyyətinə görə Prezident sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.
Poeziyası haqqında qələm adamlarından
professor Nizaməddin Şəmizadənin, yazıçı-publisist Sadıq Elcanlının, şair Musa Ələkbərlinin xoş sözlər dediyi şair kimi də tanınmağa Nəcməddin müəllimin ilhamı çatıb...
1997-ci ildə "İlk sözüm" adlı nazik şeirlər toplusu ilə oxucuları ilə görüşən Nəcməddin Mürvətov indi onacan kitabın müəllifidir. AYB-nin üzvüdür.
Qədim hindlilər belə hesab edirdilər ki, sənət, poeziya hansısa qeyri-adi bir şeyi ifadə etmək istəyindən, hisslərin elə bir aşıb-daşmasından doğulur ki, onun qarşısını almaq mümkün deyil.
"Ramayana"nın yaradıcısı haqqında yaranan və həmin poemanın mətninə sonradan əlavə edilən əfsanədə deyilir ki, bir dəfə müdrik Valmıki meşə cığırı ilə gedirdi. Birdən çəməndə nəvazişlə, sevişə-sevişə bir-birinə səs verib oxuyan iki cüllüt gördü. Qəfildən bir zalım ovçu peyda oldu və quşlardan birini nişan alıb oxla vurdu. Quşa yazığı gələn və qəzəblə, kədərlə dolub durmuş Valmıki ovçuya lənətlər yağdırıb ürəyini boşaltdı və bununla da qəlbinin coşqun hisslərindən doğulan sözlər elə o vaxtdan da vəzn ölçüsü kimi qanuniləşdirilən "Silok" ritmində bir şeirə çevrildi. Sonralar Allah Brahma Ramanın qəhrəmanlığını məhz belə şeirlərlə vəsf etməyi Valmıkiyə əmr etdi.
Bu əfsanəni yerli-yataqlı nəql etməkdə məqsədimiz poeziyanın emosional-həyəcanlandırıcı mühitdən yarandığını möhtərəm oxucuların bir daha yadına salmaqdır. Hər halda qədim hindlilər belə fikirləşirdilər.
... Və o zaman - 1992-ci ildə mən Siyəzən rayonunda çıxan "Çıraq" qəzetinin redaktoru idim. Qarabağımızın tacı, çal-çağırlı vaxtlarında elə mənim də ikicə dəfə olduğum Şuşamızı qəsbkarlar yenicə işğal etmişdi. Şuşanı görənlər də, görməyənlər də bu itkiyə yanıb yaxılırdı, göyüm-göyüm göynəyirdi.
Elə o ağrılı günlərin birində adlı-sanlı bir riyaziyyat müəllimi kimi yaxşı tanıdığım Siyəzənin hörmətli pedaqoqlarından olan Nəcməddin Mürvətov redaksiyamıza gəldi. Şeir gətirmişəm, dedi. "Şuşa" adlı o şeiri qəzetdə çap etdik və bu yazı Nəcməddin müəllimin mətbuatda çap olunan ilk şeiri idi. Açığı mən bu şeiri Nəcməddin müəllimin Şuşanın işğalı ilə bağlı məhz o zamankı emosional-həyəcanlı duyğularının şeirə çevrilən ötəri bir nümunəsi hesab etmişdim:
Bağışlama heç vədə öz oğlunu, qızını,
Ay ürəyi alovlu, ürəyi şan-şan, Şuşa.
Qarlı qışa döndərdik baharını, yazını,
Heç kəsi saymasan da məni suçlu san, Şuşa.
Bundan sonra biz gərək özümüzü
öyməyək,
İgidlikdən danışıb sinəmizə döyməyək,
Söyülməli bizik biz, başqasını söyməyək,
Səni oda salmışıq, demişik ki, yan, Şuşa.
Bax, necə qan ağlayır inildəyən qoca Xan,
Geyib qara qəbri də matəm tutub
Natəvan.
Gözün qalıb yollarda, ilə dönüb hər bir an,
Üfüqündə sökülmüş neçə gündüz,
dan, Şuşa...
Uca-uca dağları özünə beşik bilib qoynuna-qucağına sığınan bir kənd idi ki, adına Yuxarı Ələz deyirdilər.
Uludan ulu xatirələrlə, qədim yaddaşı ilə baş-başa qoyub gəldiyi doğma ata-baba yurdunu Nəcməddin Mürvətov sonralar vəsf edib hüsnünə belə bir şeir qoşacaqdı:
Çox sevirəm səni, Ələz,
Kələ-kötür yollarınla,
Adda-budda, təkəm-seyrək,
Ağacların, kollarınla.
"Simi qaya" vüqarlıyam,
"Yekə daş"a pənahlıyam,
Deməzdim ki, ilhamlıyam,
Süzməsəydim qartalınla.
Körpəliyim keçdi səndə,
Uzaq düşdüm böyüyəndə.
Üzüm gülür gəzdirəndə,
"Xəyal yamac" yallarınla.
Bir qocaya bənzərin var,
Yorğun, uzun yarğan, cadar.
Yay mülayim, qış boran-qar,
Kişitək sən ilqarınla.
Nəcməddinəm - kövrək balan,
Nəyim varsa, səndən qalan...
Görsən məni gözü dolan,
Sıx bağrına qollarınla.
İndi bir kənd nə vaxtdan bəri arabir işdən-gücdən vaxt, macal tapıb yolu-güzarı qoynuna düşəndə yaxında-uzaqda onu tanıdan, şöhrətləndirən bir ziyalı övladının, müəllim-şair oğlunun boynuna qollarını dolamaqla öyünür, qürrələnir...
Nəcməddin müəllimin dediklərindən:
-Ötən əsrin yetmişinci illərində Siyəzən şəhər Cəfər Cabbarlı adına orta məktəbdə oxuduğum vaxt bizə öz ixtisaslarını dərindən bilən, qəlbən öz peşələrinə bağlı, məktəbi doğma ocağı, şagirdləri istəkli övladları hesab edən çox gözəl pedaqoqlar dərs deyirdi.
İxtiyar Niftəliyev, Hüseyn Nuriyev, Sona Ağayeva, Zakir Qurbanov, Fatma Novruzova, Balayar müəllim...
Onlar bizə ayrı-ayrı fənlərdən dərs deyirdilər və hərəsi də çox istəyirdi ki, biz şagirdlərinin hər birisi məhz onun yolunu tutsun...
İxtiyar müəllim mənə riyaziyyatı necə sevdirmişdisə, artıq orta məktəbin son sinfində öz gələcək yolumu dəqiqləşdirmişdim; müəllimimin yolunu getmək!
Hüseyn müəllim isə bir gün ədəbiyyat dərsində M.S.Ordubadinin ölməz "Qılınc və qələm" romanından bizə necə danışmışdısa, bir oturuma o əsəri oxuyub başa vurdum.
O vaxtlar mən də sinfimizin "riyaziyyatçı"larından sayılırdım və indi mən "riyaziyyatçı"nın o qalında romanı bir oturuma oxuyub başa vurmağım məhz sözün böyük sehri, gücü-ovsunu idi...
Həm də romanı oxuyandan sonra başa düşdüm ki, ulu babalarımızın, ixtiyar atalarımızın bir əlində qılınc olubsa, birində də söz olub.
Həmin romandan sonra mən də sözün sehrinə-tilsiminə düşdüm.
Nəcməddin müəllimin öz ədəbiyyat müəlliminin xatirəsinə bu əbədi hörməti sonralar qəlbində misralara döndü, şeirə çevrildi:
Ağır təbdi, ağır təmkin,
Düşüncəsi geniş, zəngin.
Bir az küskün, bir az qəmgin,
Təhər-tövrü gözə gəlim,
Xoş surətdi Hüseyn müəllim!
Çöhrəsində ağıl nuru,
Vüqarlıydı, şah qürurlu.
Bulaq təki gözü duru,
Zəka, hikmət, duyum, bilim,
Dərrakəydi Hüseyn müəllim!
Baxışıydı məhəbbəti,
Həm töhməti, məzəmməti.
Yox, bilməzdi o qeybəti,
İpək kimi yumşaq, həlim,
Mehribandı Hüseyn müəllim!
Danmazdı, danışdısa,
Söyləyərdi sözün qısa...
Dinləyənin ağlı olsa,
Deməzdi ki, var bir fikrim...
Möhtərəmdi Hüseyn müəllim!
Aqil idi, natiq, müdrik,
Gendi ondan hiylə, biclik,
Əxz etmişdi böyük bilik,
Elmlərə vaqif, salim,
Həm təşnəydi Hüseyn müəllim!
Çox deyildi onun yaşı,
Tez ağardı, ancaq başı.
Nə söyləsin, desin naşı...
Qiymətini verib elim,
Bir dənəydi Hüseyn müəllim...
Nəcməddinin şeirləri poeziyamızın ənənəvi şeiri üstdə köklənib.
O, bütün şeirlərini demək olar ki, hecada yazır, amma ənənəvi şeirdə öz "mən"ini təsdiq etməyə çalışır. Əksər şairlərimizin müraciət etdiyi mövzulara üz tutsa da, təzə söz deməyə çalışır, öz dünyasını tərənnüm edir.
Yaman kövrəlmişəm ürəyim yanır,
Gərək yol götürəm üzü dağlara,
Ruhum o yerləri gəzir dolanır,
Çevirib aranı, düzü dağlara.
Qalxım aram-aram dolayla döşə.
Səslənsin bəri gəl yamyaşıl meşə,
Tapım qalınlıqda bir xəlvət guşə,
Hönkürüm göstərim közü dağlara.
Toxtayım, tərpənim yetim zirvəyə,
Açıb qollarımı qaldırım göyə,
Dönüm dörd tərəfə "Ay Vətən" deyə,
Çatdırım müqəddəs sözü dağlara.
Qucum qayaları oxşayım bir az,
Çağlasın içimdə qəmli səs, avaz,
Burda uşaqlaşmaq eyib sayılmaz,
Sürtüm sifətimi, üzü dağlara.
Çöksün ətrafıma alatoranı,
Arasın baxışım ürək soranı,
Dönər möcüzəyə, sehrə hər anı,
Zilləyim həsrətlə gözü dağlara.
Təbiətə məftunluq, torpağa bağlılıq hissləri sadəcə məcbur xarakteri daşıyanda məlumdur ki, şeirdə də yeknəsəklik yaranır. Nəcməddin Mürvətin şeirlərində isə təbiətə məhəbbət bilavasitə vətənpərvərlik duyğuları ilə bağlıdır.
Gəl Ələzə gedək bir gün,
Gəzək düzləri, dağları.
Ucalıqda aşkar üstün,
Zirvəyə qalxaq yuxarı.
Özümüzü öyə-öyə,
Əlimizi vuraq göyə.
Şıltaqlıqla basıb küyə,
Diksindirək qartalları.
Topa buludlara dalaq,
Üfüqlərə nəzər salaq.
Ruh, duyğuyla qanad çalaq,
Soraqlayıb uzaqları.
Qarşılayaq sökülsün dan,
Nur donunu geysin hər yan.
Pıçıltıyla Vətən, can-can,
Deyək, axsın göz yaşları.
Danışmayaq, susaq, duraq
Bu görüşü başa vuraq,
İlham de
sin vərəq-vərəq,
Yazaq ötən xoş anları.
Gəl Ələzə gedək bir gün,
Gəzək düzləri, dağları.
Ucalıqda aşkar üstün,
Zirvəyə qalxaq yuxarı.
Həmişəcavan ispan şairi Qarsia Lorkanın sözləridir: "Poeziya küçələrdə gəzişir, yanımızdan keçir. Dünyada hamının, hər şeyin bir sirri var və bu sirr poeziyadır..."
Ədası xoş, dili şirin,
Düşüncəsi, ağlı dərin.
Gözəlidir gözəllərin,
Bir qızdır ki, yox ona tay,
Nargül bala Günəşdir, Ay.
El-obanın bircəciyi,
Nar gülüdür, nar çiçəyi.
İş-gücündə inan düzü,
Xatırladır odu, közü.
Buyruqlara "can"dır sözü,
Yaradandan bizlərə pay,
Nargül bala Günəşdir, Ay.
El-obanın bircəciyi,
Nar gülüdür, nar çiçəyi.
Böyük-kiçik yeri bilən,
Ürəklərdən qəmi silən.
Ağbirçəyə bərabər, tən,
Məsləhətçi, dost, sirdaş say,
Nargül bala Günəşdir, Ay.
El-obanın bircəciyi,
Nar gülüdür, nar çiçəyi.
Qoy yaşının 60-nı tamamlayan dostumuz Nəcməddin Mürvətov bundan sonra da bu narahat-nigaran səksəkəli dünyamızda "küçələrdə gəzişən, yanımızdan keçən" o poeziyasını öz oxucularına ilhamla təqdim etsin!



