|
|
|
|

Rəbiyyət Aslanova : “ABŞ və bəzi aparıcı ölkələr hələ də qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı Konvensiyanı ratifikasiya etməyiblər”
“Bu gün dünyada qadınlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması məsələsi ən aktual, ən ağrılı məsələlərdəndir. Azərbaycan dövləti də müstəqillik əldə etdikdən sonra qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadın hüquqlarının qorunması məsələsini prioritet sahə kimi qəbul edib və bu istiqamətdə də bir sıra mühüm addımlar atıb”. 525.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dekabrın 2-də parlamentdə BMT-nin İnsan Hüquqları Şurasının qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə məruzəçisi Raşida Manjoon ilə keçirilən görüşdə dilə gətirib. Komitə sədrinin dediyinə görə, xanım Manjoonun Azərbaycana səfəri çox əlamətdar bir dövrə - BMT İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 65-ci ildönümünə təsadüf edir. R.Aslanova bildirib ki, ötən 65 il ərzində dünyada insan hüquqlarının, o cümlədən, onun tərkib hissəsi olan qadın hüquqlarının təmini sahəsində bir sıra uğurlu addımlar atılıb və bu da öz növbəsində hər kəsi sevindirir.
Onun qeyd etdiyinə görə, İnsan Hüquqları Bəyannaməsinin müddəaları eyni zamanda, həmin sənədi imzalayan dövlətlərin, o cümlədən, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanın milli qanunvericiliyində və Konstitusiyasında öz əksini tapıb.
Bununla yanaşı komitə sədri deyib ki, müstəqillik dövründə Azərbaycan qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı beynəlxalq Konvensiyanı ratifikasiya edib, həmçinin, parlament tərəfindən gender bərabərliyi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı beynəlxalq standartlara cavab verən modern qanunlar qəbul edilib:
“Ancaq çox təəssüflər olsun ki, həmin konvensiyanı bir sıra ölkələr, o cümlədən, ABŞ kimi bir dövlət hələ də bu günədək imzalamayıb. Hansı ki, qadın hüquqları insan hüquqlarının tərkib hissəsidir və demokratik, hüquqi, dünyəvi inkişaf yolunu seçmiş heç bir ölkə bu məsələyə laqeyd yanaşa bilməz. Əksinə, onunla bağlı hər bir dövlət öz birmənalı mövqeyini, iradəsini ortaya qoymalıdır.
Çox sevindirici haldır ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti belə bir mövqeni, iradəni ortaya qoyub. Azərbaycan özü də qadın hüquqlarının təmin edilməsini nəzərdə tutan qanunların qəbulu ilə kifayətləmir, həm də bu hüquqların qorunması istiqamətində praktik addımlar atır.
Məsələn, neçə illərdir Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi çox uğurlu fəaliyyət göstərir və eyni zamanda, bu dövlət qurumu parlamentin İnsan hüquqları komitə ilə çox sıx əməkdaşlıq edir. Onlar öz təkliflərini bizə göndərir və biz də onları müzakirə edərək, həmin təkliflərin qəbulu istiqamətində öz tərəfimizdən addımlar atırıq”.
R.Aslanova görüş zamanı onu da bildirib ki, qadın hüquqlarının təmini, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində bir sıra vacib addımlar atılmasına baxmayaraq, qadınlara qarşı zorakılıq halları hələ də qalmaqdadır:
“Biz bunu gizlətmirik və bu istiqamətdə də lazımi addımlar atırıq. Ancaq hesab edirik ki, qadınlara qarşı zorakılığın aradan qaldırılmasının ən effektiv yolları axtarılıb tapılmalıdır. Onu da qeyd edim ki, qadınlara qarşı zorakılıq halları təkcə bizim ölkə üçün xarakterik deyil, bu yöndə statistikaya nəzər salanda görürük ki, dünyanın ən inkişaf etmiş ölkələrində-ABŞ-da, Avropa ölkələrində bu “statistika” artmaqdadır, yəni, qadınlara qarşı zorakılıq halları onlarda da problem olaraq qalmaqdadır”.
Komitə sədri bununla yanaşı görüşdə diqqətə çatdırıb ki, savadlı, iradəli və iqtisadi cəhətdən asılılığı olmayan qadınlara qarşı zorakılıq hallarına əl atmaq çətin olur:
“Çünki həmin qadınlar öz hüquqlarını özləri qoruya bilirlər. Ancaq onu da təəssüf hissi ilə demək istəyirəm ki, bəzən qadınlara qarşı zorakılığa yol verənlər özləri həmin zorakılıq hallarının aradan qaldırılmasından pafosla danışırlar”.
Kamil Həmzəoğlu



