|
|
|
|

İran məsələsi ilə əlaqədar ümidverici informasiyaların yayılması dünya ictimaiyyətini müəyyən dərəcədə sakitləşdirmişdi. Lakin indi də Səudiyyə Ərəbistanının nüvə silahı əldə edə bilməsi haqqında məlumatlar yayılmağa başlayıb. Bunu ekspertlər təhlükəli məqam hesab edirlər. Məsələnin kökündə bir çox geosiyasi amil dayandığından həmin prosesin qlobal miqyasda yeni geosiyasi problemlər meydana gətirə biləcəyindən ehtiyat edilir. Dünyanı yeni böhranmı gözləyir?
Ər-Riyad: şıltaqlıq, yaxud düşünülmüş geosiyasət?
Qlobal geosiyasətdə ciddi dəyişikliklərin getdiyini artıq əksər analitiklər etiraf edirlər. Təcrübə də bunu təsdiq edir. Onun əlamətlərindən biri ABŞ-ın Yaxın Şərq siyasətində bir sıra yeni məqamların özünü göstərməsidir. Əvvəla, Vaşinqtonla Ər-Riyad arasındakı strateji tərəfdaşlıqda müəyyən sərinləşmə özünü büruzə verir. İkincisi, Amerika prezidenti Barak Obama İranla real yaxınlaşmaya səbəb ola biləcək addımlar atır. Son olaraq o, Konqresi Tehrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb (bax: Госдеп США считает возможным смягчить санкции в отношении Ирана / "Baltinfo", 14 noyabr 2013). Doğrudur, Konqres sanksiyaların müddətini bir il də uzadıb. Lakin rəsmi Vaşinqton İranla uyğun sazişin imzalanacağı halda onların yumşaldıla biləcəyini bildirir. Üçüncüsü, ABŞ son zamanlar Uzaq Şərqə daha çox diqqət yetirir.
Böyük Britaniyanın ərəb dünyasını və İslamı öyrənən institutunun professoru Tim Niblok deyir: "...düşünürəm ki, ABŞ-ın maraqları artıq burada deyil (Yaxın Şərq nəzərdə tutulur – Newtimes.az), dünyanın başqa regionlarındadır" (bax: "Интересы США сейчас уже не сконцентрированы на Ближнем Востоке!" / "Terra America", 11 noyabr 2013).
Bu fikri keçən ilin sonlarında Milli Təhlükəsizlik Komitəsinin hesabatında ifadə edilən bir müddəa da təsdiq edir. Orada bildirilir ki, yaxın 20 ildə çox şey dəyişəcək. Amerikanın təsiri azalacaq, Hindistan və Çinin nüfuzu isə artacaq. Bunun nəticəsində ABŞ klassik mənada dünya supergücü ola bilməyəcək. Təbii ki, həmin tendensiya Amerikanın xarici siyasətinə ciddi təsir göstərməlidir. Artıq belə görünür ki, Vaşinqton diqqətini konkret regionlarda cəmləşdirir. Əvvəllər isə bütövlükdə dünyanı idarə etməyə çalışırdı (bax: əvvəlki mənbəyə).
Yaxın Şərqdə cərəyan edən və birbaşa İranla bağlı olan proseslər müstəvisində yuxarıda vurğulanan geosiyasi dəyişikliklərin maraqlı və düşündürücü xüsusiyyətləri özünü göstərməkdədir. Məsələn, getdikcə daha aydın görünür ki, Səudiyyə Ərəbistanı Vaşinqtona inanmır. Amerika isə söz vermişdi ki, bu ölkəyə həmişə dəstək verəcək. ABŞ-ın maraqları Sakit okean hövzəsində cəmləşdikcə, onu Çin narahat etdikcə, müəyyən mənada Ər-Riyad unudulur. Səudiyyə Ərəbistanı ehtiyat edir ki, Amerika müdafiə siyasətini dəyişə bilər və hərbi strukturunun xeyli hissəsini Yaxın Şərqdən çıxarar.
Bütün bunlar ekspertlərdə belə qənaət yaradıb ki, Ər-Riyad öz gücünə nüvə silahı istehsal edə bilər! Başqa variantda o, kənardan lazım olan texnologiyanı alar. Məsələn, İslamabadın buna hazır olduğu haqqında informasiyalar yayılıb. Kütləvi informasiya vasitələri hətta rəsmi dairələrə istinadən bildiriblər ki, bu proses artıq başlayıb. BBC noyabrın 6-da Pakistan hökumətindəki mənbəyə əsaslanaraq bu haqda informasiya yayıb. Orada vurğulanır ki, rəsmi şəxs "Bəs sizlər nə bilirdiniz? Səudilər bizə nəyə görə bu qədər pul verirdilər?", - deyə sual edib (bax: əvvəlki mənbəyə).
Bundan bir qədər əvvəl isə kral Abdullah Obamanın rəsmi təmsilçisi Denis Rossa bildiribmiş ki, əgər "İran həddini aşsa", Səudiyyə Ərəbistanının öz nüvə silahı olacaq. İsrail kəşfiyyatının keçmiş şefi Amos Yadlin isə daha konkret fikir bildirib. O deyib ki, "səudilər artıq bombanın pulunu ödəyiblər" (bax: əvvəlki mənbəyə).
Nüvə silahının yeni iddiaçıları: arxadan zərbə
Geosiyasi kontekstdə buradan iki nəticə çıxarmaq olar. Birincisi, yazılanlar doğrudursa, Yaxın Şərqdə daha bir ölkə ilə bağlı nüvə böhranı meydana çıxa bilər. İkincisi, bəzi dairələr İrana nüvə məsələsini tez həll etmək işarəsini verirlər. Tehrana anladırlar ki, əks halda Ər-Riyadın öz nüvə silahı olacaq ki, bu da regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək. Çünki o halda İranın rəqibi təkcə İsrail olmayacaq – Səudiyyə Ərəbistanı da məzhəb fərqinə görə Tehrana düşmən kəsilə bilər. Proseslərin bu istiqamətdə inkişafının hansı ölkələrin maraqlarına cavab verdiyini tapmaq çətin deyil.
Hər bir halda, artıq Səudiyyə Ərəbistanının regionda özünə yeni müttəfiqlər axtardığından danışılır. Amerikalı sosioloq Cek Qoldstoun isə hesab edir ki, Ər-Riyad hələ bir müddət də Vaşinqtonu şantaj edəcək. Hadisələrin bu istiqamətdə inkişaf etməməsi və böhranın dərinləşməməsi üçün böyük dövlətlər xarici siyasətlərində əsaslı dəyişikliklər etməlidirlər. O cümlədən, Rusiya və ABŞ geosiyasi reallıqları düzgün qiymətləndirməlidirlər.
Amerikalı siyasətşünas Tomas Qrem məhz bu fikirdədir. O hesab edir ki, Moskva və Vaşinqton gerçəklikləri nəzərə alaraq dünyanın geosiyasi gündəmini müəyyən etməlidirlər (bax: США и России пора посмотреть в лицо реальности / "Известия", 8 oktyabr 2013). Bu kontekstdə regional güclərin maraqları böyük ölçüdə nəzərə alınmalıdır. Belə çıxır ki, bu günün geosiyasi gerçəklikləri tələb edir ki, Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməməsi üçün lazım olan addımlar atılmalıdır. Problemin kökü bundan ibarətdir. Lakin məhz bu istiqamətdə Vaşinqton və Moskvanın konkret mövqeləri müşahidə edilmir. T.Qremin vurğuladığı "usta və intizamlı xarici siyasətin" əlamətləri özünü göstərmir.
Bu səbəbdən Yaxın Şərqin yeni bir qeyri-müəyyənlik mərhələsinə qədəm qoyduğu təəssüratı yaranır. Bunun fonunda İranın nüvə proqramı ilə bağlı yaranmış çətinliklərin tam aradan qaldırılması şansının az olduğu qənaəti yaranır. T.Niblok burada əsas faktor olaraq "Səudiyyə Ərəbistanının İrana nifrətinin çox olması"nı götürür (bax: "Интересы США сейчас уже не сконцентрированы на Ближнем Востоке!" / "Terra America", 11 noyabr 2013). Suriya məsələsində bu, özünü daha qabarıq surətdə göstərməkdədir. Həmin səbəbdən böyük dövlətlərin İranla hər hansı razılığa gəldiyi halda belə Yaxın Şərqdə yeni geosiyasi ziddiyyətlər meydana çıxa bilər.
Bütün bunlar Yaxın Şərqdə düşündürücü geosiyasi mənzərənin formalaşmaqda olduğunu təsdiq edir. Regionda İran və İsraillə yanaşı, Səudiyyə Ərəbistanı da nüvə proqramına sahib ola bilər. Dünya ictimaiyyətinin bütövlükdə nüvə silahlarını məhdudlaşdırmağa çalışdığı bir mərhələdə bu, təbii ki, arzu olunan hal deyil. Bəs səbəb nədir? Belə görünür ki, böyük dövlətlər hələ də ikili standartlardan əl çəkməyiblər. Bunun nəticəsidir ki, bir gərginlik ocağını "söndürməmiş" digəri meydana çıxır. Əgər İslamabad Ər-Riyada nüvə silahı əldə etməkdə yardımçı olsa, Yaxın Şərqlə birlikdə Mərkəzi Asiya və ona yaxın regionlarda da yeni geosiyasi ziddiyyətlər çələngi yaranacaq.
Məsələnin bu tərəfi strateji aspektdən daha düşündürücüdür. Çünki qlobal geosiyasətin ağırlıq mərkəzi Uzaq Şər olacaqsa, Pakistanın nüvə silahı qalmaqalına qatılması bəzi dairələrin əlinə əlavə bəhanə verə bilər. Sanki bununla dünyanın geosiyasi cəhətdən ən dinamik regionuna çevrilməkdə olan Sakit okean hövzəsinin altına bomba qoyulur. Müəyyən müddətdən sonra böyük dövlətlərin geosiyasi mübarizəsində həmin faktor ciddi rol oynaya bilər. O cümlədən, həmin regionda da nüvə problemi aktuallaşar. Təbii ki, burada Hindistan, Çin və Koreyanın da nüvə silahına malik olmasını yaddan çıxarmaq olmaz.
Görünür, Yaxın Şərqdə geosiyasi sabitliyə nail olmaq üçün çox çalışmaq lazım gələcək. Eyni zamanda, regionda geosiyasi vəziyyətin yalnız ABŞ və Rusiyanın fəaliyyətindən asılı olmadığı məlum olur. Regional miqyasda söz sahibi olan dövlətlərin maraqlarının təmin olunması arxa plana atıla bilməz. Burada isə müxtəlif ölkələrin yollarının kəsişdiyi müşahidə edilir. Belə bir mürəkkəb vəziyyətdə ədalətli siyasət çıxış yolu ola bilər. Səudiyyə Ərəbistanı ilə yanaşı, regionun digər güclü dövlətləri də nüvə silahını əldə etmək arzularını dilə gətirə bilərlər. İranın özü də nüvə proqramından tam imtina etmək fikrində olmadığını bəyan edir. Beləliklə, reallıqda Yaxın Şərqdə bu məsələ nəinki həllini tapır, hətta bəzi aspektlərdə yeni gərginlik çalarları meydana çıxır. Bunlar çox təhlükəli tendensiyaların yaranmaqda olduğundan xəbər verir.
Newtimes.az



