|
|
|
|

BMT: "Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkədir"
Hər şey insanın üzərindədir. İnkişaf da, məğlubiyyətdə. Cəmiyyətin normal olub olmaması həmişə insanla, onun sağlamlağı, əqli, zehni, fiziki və sosial rifahı ilə ölçülür. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra birinci növbədə onun siyasətinin baş mövzusu Səməd Vurğunun dili ilə desək, "dünyanın əşrəfi" böyük insan oldu. Tarix göstərir ki, öz vətəndaşının qeydinə qalmayan dövlət heç bir sahədə uğur qazana bilməz. Azərbaycan dövlətinin baş memarı Heydər Əliyev hakimiyyətə ikinci qayıdışında cəmiyyət insanının sosial, mədəni və fiziki bəlalarını gördü və birinci növbədə o bəlaları sağaltmağa başladı.
Ulu Öndərimiz Heydər Əliyev bütün gücünü insan kapitalının inkişafına sərf edirdi. Hələ sovet dönəmində Azərbaycan gənclərinin SSRİ-nin böyük şəhərlərinə təhsil almağa getmələrinə yol açırdı və onları təntənəli şəkildə yola salanda öz dəyərli tövsiyələrini verirdi. İndi bu gün həmin gənclər ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına öz layiqli töhfələrini verirlər. Heydər Əliyev milli-mənəvi, əxlaqi dəyərlərimizə sadiq qalaraq Azərbaycan insanının sosial inkişafını yeni dünyanın insan modellərinə yaxınlaşdırdı və bu gün müstəqil dövlətimiz insanın hər tərəfli inkişafını birinci amil kimi diqqətdə saxlayır.
Bu gün ədəbiyyat və incəsənət xadimləri prezident təqaüdü və mənzillərlə təmin edilir, onların yubileyləri dövlət səviyyəsində keçirilir, adları əbədiləşdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam musiqisinə göstərdiyi qayğı Azərbaycanın tarixində heç vaxt olmayıb. Bakıda Muğam, Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi onu göstərir ki, ölkəmizdə incəsənətin bütün sahələri inkişaf edir. Bu tədbirlər gənc musiqiçilərin formalaşmasına təsir göstərdiyi kimi, həm də insan zövqünün dünyəviləşməsinə, onun kamilləşməsinə xidmət edən böyük bir stimuldur. Mən bu yazını yazarkən Prezident İlham Əliyevin Məmməd Əmin Rəsulzadə haqqında imzaladığı sərəncam ölkəmizdə yaxşı mənada böyük bir rezanans doğurdu. Alqışdan başqa heç kəsin deməyə sözü qalmadı. Bu onu göstərdi ki, Azərbaycan dövləti öz tarixi mədəniyyətinin hər bir sahəsinə sahib çıxmaq qüdrətindədi və bu Azərbaycanda insan inkişafına göstərilən böyük bir qayğının təzahürüdür.
Ulu Öndərin möhtəşəm bir fikri yadıma düşür: "Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır". Azərbaycanın Dünya Olimpia oyunlarına qatılması və geçirilən oyunlarda saysız -hesabsız medallar qazanması və ölkəmizdə insanların idman potensialının dövlət qayğısına alınması ən böyük insan quruculuğunun təməli hesab oluna bilər. Milli Olimpiya Komitəsinin gördüyü işlər Dünya Olimpiya Komitəsinin diqqət mərkəzindədir. Respublikamızın hər bir bölgəsində geniş idman kompileksləri tikilir, bütün bunlar insanların sağlamlığına qoyulan böyük sərmayədir və gələcək idman tarixinin bünövrəsini qoymaqdır. İdman oyunları təkçə insanın fiziki sağlamlığına deyil, həm də onun mənəvi cəhtdən kamilləşməsinə kömək edən dəyərli bir vasitədir. Heydər Əliyevin vaxtı ilə dediyi sözləri xatırlayıram: "İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".
BMT-nin inkişaf proqramı 1990-cı ildən dünya ölkələrində əhalinin sosial rifah səviyyəsini əks etdirən insan inkişafı hesabatları nəşr etdirir. Kitab aparıcı prinsip olan aşağıdakı sözlərlə başlamışdı: "Hər bir dövlətin sərvəti onun insanlarıdır" Azərbaycan müstəqilliyini bərpa edəndən sonra inkişaf baxımından müqayisə edilən ölkələr sırasına daxil oldu və bundan sonra BMT-nin insan inkişafı hesabatlarında ölkəmizin nəticələri öz əksini tapdı. Fikrimi faktlarla göstərməyim daha məqsədə uyğundur: 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycanın İnsan inkişafı İndeksi 27% artaraq 0.563-dən 0.713 qədər yüksəlmişdir. BMTİP-in (BMT-nin İnkişaf proqramı) 2010-cu il üçün qlobal İnsan İnkişafı Hesabatına əsasən 169 ölkə arasında 67-ci yeri tutan Azərbaycan indiyə qədər aid edildiyi "orta insan inkişafı" ölkələri kateqoriyasını tərk edərək "yüksək insan inkişafı" kateqoriyasına daxil edilmişdir. Ölkəmiz 2000-2010-cu illər üzrə İnsan İnkişafı İndeksinin orta illik artım tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı məkanında qabaqcıl bir ölkəyə çevrilmişdir. Təsadüfi deyildi ki, BMT-nin hesabatında səslənən fkir Azərbaycanın hazırkı reallığını çox dəqiq əks etdirir: "Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkədir.
Azərbaycan günü-gündən inkişaf edir. Kənd adamı olduğum üçün adicə bir fakt deyim. Kənd üçün ötən əsrin əvvəllərində xəyal kimi görünən arzular indi real həqiqətdir. Torpaqların özəlləşdirilməsi, fermer təsərrüfatların yaradılması və onlara güzəştli kreditlərin verilməsi indi Azərbaycan kəndlərini başdan- ayağa laləzara çevirib. Əlbəttə, bu, Ulu Öndərin uzaqgörənliyi sayəsində baş vermişdir. Kəndin sosial rifahının yaxşılaşdırılması, yeni məktəblərin və bağçaların tikilməsi, yollara asfalt örtüyün döşənməsi, mədəniyyət ocaqlarının canlandırılması və kəndlərin başdan-başa telfonlaşdırılması və internetləşdirilməsi insan inkişafına bariz nümunədir.
Mən Prezident Aparatının ictimai-siyası məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun çıxışlarına diqqətlə qulaq asır, dövrü mətbuatda məqalələrini mütəmadi olaraq izləyirəm. Görürəm ki, dövlətimiz söz azadlığına, medianın inkişafına, jurnalistləri problemlərinə, xüsusən mənzil şəraitinin yaxşılaşdırılmasına, azad, təsirsiz, obyektiv şəraitin bərqərar olmasına nə qədər maraqlıdır. İqdidar və müxalifət düşərgələrinə fərq qoymadan hamısına eyni qaydada dəstək verir. Bu söz azadlığını inkişafıdır və eyni zamanda sözün müəllifi olan Azərbaycan insanının inkişafıdır.
Müvəqqəti olsa da torpaqlarımız işğal altındadır. Qaçqın və köçkün soydaşlarımızı sosial müdafiəsi daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Onların təhsil, tibb, mədəniyyət, mənzil problemləri dövlət qayğısı nəticəsində birdəfəlik həll olunub, yaxşı yaşamaları üçün lazımi şərait yaradılıb, daimi sosial yardımlar verilib, çadırlardan işıqlı evlərə köçürülüb. Onlara qayğı məsələsi təkcə bunlarla yekunlaşmır. Dövlətimiz onlara həmişə mənəvi dəstək olub. Ulu Öndərin bir qaçqın toyunda qol götürüb oynaması hamının yaxşı yadımdadır. Heydər Əliyev sosial qayğıdan əlavə onlarda, nəinki onlarda, bütün xalqımızda böyük ruh yüksəkliyi yaradırdı. Bütün bunlar Azərbaycan insanının maddi, mənəvi və sosial inkişafının hərəkətverici qüvvəsi deyilmi?
Dövlətimiz, aztəminatlı ailələrə, Böyük Vətən, Cernobıl, Əfqanıstan, Qarabağ müharibəsi əlil və iştirakçılarına, şəhid ailələrinə, şəhidlərin adlarının əbədiləşdirilməsinə, onların qəhrəmanlıqlarının gənc nəslə çatdırılmasına və digər maddi, mənəvi, sosial problemlərinin həllinə çox həssas yanaşır və bu gün bu məsələ dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bütün bunlar birinci növbədə insan amilinə, insan faktoruna yönələn diqqətdir. Bu diqqət təkcə onlara aid deyil, sabah Qarabağı azad edəcək Azərbaycan insanına mənəvi bir dəstəkdir.
Ölkəmizdə dini azadlığa geniş və əlverişli şərait yaradılıb. Din xadimlərinə və başqa xalqların dinlərinə ölkəmizdə dərin hörmət və diqqət vardır. Qurban, Novruz, 8 Mart Qadınlar bayramı və digər peşə bayramları ölkəmizdə geniş şəkildə qeyd edilir. Dini mərasimlərin keçirilməsi üçün lazımi şərait yaradılır. Ölkəmizdə yaşayan azsaylı xalların dilinə, dininə, adət və ənənələrinə dövlətimiz böyük sayğı ilə yanaşır. Bütün bunlar Azərbaycanda insan inkişafını təmin edən dövlət qayğısının əsas amillərindən biridir.
Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımıza sarsılmaz bir dayaqdır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün təntənə ilə qeyd edilməsi və Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi fikirlərimizə parlaq sübutdur. Səfirliklərimizin, diaspor təşkilatlarımızın apardığı məqsəd yönlü iş imkan verir ki, dünyanın ən ucqar nöqtəsində yaşayan azərbaycanlı özünü güvənli hiss eləsin. Bilsin ki, onun arxasında müstəqil, azad, dünyada öz sözünü deyə biləcək bir dövləti var. Ramil Səfərovun həyatı danılmaz bir fakt kimi həmişə yaddaşlarda qalacaq. Azərbaycan dövləti və onun qüdrətli prezidenti öz vətəndaşını soyuq həbsxana divarları arasından xilas edərək vətənə gətirdi. Bu hissin özü gələcək nəsilləri güvənli edir və onları bir insan kimi inkişaf etdirir.
Xarici ölkələrdə keçirilən sərgilər, mədəni kütləvi tədbirlər, konfranslar, dünyanın mədəni qurumları ilə aparılan dialoqlar, bağlanan müqavilələr Azərbaycan insanının dünyagörüşünü genişləndirir və onun təfəkkürünün dünya mədəniyyətinin layiqli bir hissəsi olması diqqətə çatdırılır. Azərbaycan dövlətini dəstəyi ilə mədəniyyət kapitalımız dünyaya təqdim edilir. Dövlətimiz bağçasındakı meyvədən tutmuş, torpağın altındakı bir damla neftinə qədər -hamısının qeydinə qalır və gələcək nəsillərin mənafeyini indidən qoruyur və onlara xoş bir gələcək vəd edir. Bu dediklərim Azərbaycan insanınn inkişafına kömək edən əsas faktordur.
Azərbaycanın iqtisadi, siyası inkişafının bazasında qanunun aliliyi, sülhsevərliyi, söz azadlığı, insana qayğı, onun hər cəhətdən inkişafı üçün nəzərdə tutulan ali prinsiplər dayanır. 1998-ci ildə Ulu Öndər Şərqdə ilk dəfə olaraq-Azərbaycanda ölüm cəzasını ləğv etdi. İnsan hüquqlarının müdafiəsi üçün Ombudsman Aparatının yaratdı. Bütün bu qərarların hamısı insanın əqli, zehni, hüquqi inkişafının əsas təminatı oldu.
Son illər ölkəmizdə əhalinin yoxsulluq həddi olduqca aşağı düşmüşdür. Bütün bunlar bir sıra vacib dövlət proqramlarının həyata keçirilməsi sahəsində mümkün olmuşdur. Dövlət proqramların həyata keçirilməsi nəticəsində davamlı iqtisadi inkişaf tempi artırılmış və eləcə də inflyasiya və milli valyutanın məzənnəsi lazım olan səviyyədə saxlanılması təmin edilmişdir. Dövlətimiz insanların sosial rifahını yaxşılaşdırmaq üçün bir -birinin ardınca möhtəşəm addımlar atır. "2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı" intensiv olaraq böyük uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2003-cü ildə yoxsulluq səviyyəsi 44,7% faiz idisə, 2009-cu ildə bu rəqəm 10,9% faizə enmişdir.
Ölkəmizdə əlverişli biznes və investisiya mühüti olduğuna görə Azərbaycan iqtisadiyyatına xarici ölkələr tərəfindən milyardlarla investisiya yönəldilir. Dünya iqtisadiyyatında bu, çox ciddi məsələdir. Ölkəmiz bütün sahələrdə inkişaf edir və bu gün dövlətimiz Azərbaycan insanını hər tərəfli inkişaf etdirərək qabaqcıl dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur. Əlbəttə , bu uğurlar Heydər Əliyev ideyalarının tarixi qələbəsidir və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin, savadlı, ağıllı, məqsədyönli fəaliyyətinin, dünya iqtisadiyyatını dərindən bilməyinin, vətənə, xalqa böyük məhəbbətinin canlı təzahürüdür.
Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap edilir.



