
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən noyabr ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib.
Türkiyə ilə Rusiya əlaqələrinə toxunan politoloq iki ölkə arasında olan gündəlikdəki beynəlxalq problemlərin bu dövlətlərin münasibətlərini soyutmayacağını bildirib. Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu barədə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanı Sankt-Peterburqda qəbul edərkən deyib. O, bu görüşdə Suriya məsələsi ilə yanaşı, Qarabağ məsələsinin də müzakirə edildiyini söyləyib: "Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağ tənzimlənməsi üzrə müəyyən razılaşmanın olduğunu Ərdoğanın dediklərindən başa düşmək olur. Ərdoğan Rusiyaya səfəri zamanı Putinlə ikitərəfli iqtisadi əməkdaşlıq və enerji məsələlərini müzakirə etdi. Suriya və Qarabağ tənzimləmələri də ciddi müzakirə olundu. Ərdoğanın mətbuat konfransında verdiyi bəyanatdan Qarabağ tənzimləməsi üzrə Türkiyə ilə Rusiya arasında ciddi razılaşmanın olduğunu başa düşmək olar. Putin də Rusiya-Türkiyə münasibətlərinin inkişafını uğurlu hesab edir. Onun fikrincə, beynəlxalq gündəliyin bəzi məsələləri üzrə fikir ayrılığı Rusiya ilə Türkiyə münasibətlərinin soyumasına gətirib çıxarmayacaq".
Politoloqun fikrincə, Rusiyanın daxilində olan bəzi qüvvələr Rusiya patriotu adı ilə antitürkiyə mövqeyini gücləndirməklə çərkəz məsələsini qızışdırırlar.
Ermənistanın daxili vəziyyətinin hədsiz gərgin olduğunu deyən politoloq bu ölkədə hər an sosial partlayışın və ya inqilabın baş verə biləcəyini qeyd edib. Onun sözlərinə görə, son aylar fasiləsiz davam edən etiraz aksiyaları bir qrup etirazçının radikallaşmasına stimul verib: "Şant Arutunyanın rəhbərliyi ilə bir qrup etirazçı "Molotov kokteyli" ilə silahlanaraq hakimiyyəti ələ almağa cəhd etdi. Şant Arutunyanın bu hadisəni hazırlaması Ermənistanda, demək olar ki, hamıya bəlli idi. Hətta hakimiyyətə yaxın deputatlar da Şant Arutunyana baş çəkmişdilər".
Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması iclasını boykot etdiyini deyən politoloq bunları söyləyib. O, boykotun hakim Respublika Partiyasının qərarı ilə baş tutduğunu diqqətə çatdırıb: "Buna Ermənistan tarixinin ən rüsvayçı səhifələrindən biri kimi baxmaq olar. Gömrük İttifaqına üzvlüyün Ermənistan ətrafında yeni geosiyasi vəziyyət yaratması fonunda Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın müstəqilliyinin tanımasına köhnə yanaşmada qalması ciddi geosiyasi səbəb olmaqla yanaşı, həm də Ermənistanın daxili vəziyyətinə öldürücü təsir etdi. Geosiyasi parametr dedikdə, Ermənistan cəmiyyətinin heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımaq potensialının olmadığını və ya tükəndiyini başa düşmək olar. Ermənistan parlamenti sosial yığım fonduna dair keçirilən iclası da boykot etdi. Bu boykot da hakim Respublika Partiyasının qərarı ilə baş verdi. Sosial yığımla bağlı parlamentdə müzakirə olunan qanun layihəsi bir qrup deputatın və əhalinin əksər hissəsini narazı salmışdı. Parlamentdə sosial yığım qanunu haqda müzakirələr keçirilərkən əhali hakim Respublika Partiyasının və parlamentin binaları qarşısında piket keçirdi. Parlamentin iclasını şüurlu şəkildə pozduqlarına görə müxalifət hakim partiyanı konstitusiyanı pozmaqda ittiham etdi və Konstitusiya məhkəməsinə şikayət verəcəklərini bildirdilər".
Politoloq Ermənistan Parlamentində 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi də ciddi narazılıq mənbəyi olduğunu da bildirib. O, belə deyib: "Müxalifət bu büdcəni "konstitusiyaya zidd", "onurğasız", "heç bir şeyə yaramayan" büdcə adlandırdı. Büdcənin mədaxil hissəsinin ümumi ifadələrlə verilməsi onun konstitusiyaya zidd olmasının göstəricisidir. Ermənistan konstitusiyasına görə, dövlət büdcəsinin mədaxil və məxaric hissələri geniş şəkildə yazılmalıdır. Büdcə əlillərin sosial müdafiəsinə, hərbçilərin ev tikintisinə və sair bu kimi məsələlərə əvvəlki il ilə müqayisədə ayrılan vəsaitin azalmasını tələb edir. Hərbi büdcəyə 6 faizlik artım və dövlət məmurlarının maaşlarının artırılmasını nəzərə almasaq, heç bir ciddi sahə üçün artım nəzərdə tutulmayıb. Büdcədə inkişaf tempi və inflyasiya reallığa uyğun göstərilməyib. Büdcəyə görə, 2014-cü ildə xarici borca xidmətdə də Ermənistan üçün problem yaranacaq. Büdcə müzakirələri zamanı Ermənistanın Baş naziri Tiqran Sarkisyan ölkənin əsas problemlərinin korrupsiya, miqrasiya, işsizlik və yoxsulluq olduğunu bildirdi və bunların hamısının savadsızlığa bağladı. Ermənistan əhalisinin 32.4 faizi rəsmən yoxsul kimi tanındı. 980 min yoxsuldan 480 mini çox yoxsul, 85 mini isə hədsiz yoxsul hesab edilir. Nəzərə alınmalıdır ki, Ermənistanın əhalisi 3 milyon götürülüb. Reallıqda 2012-ci ildə Ermənistanda təxminən 2 milyon əhali yaşayıb. Bu hesabla Ermənistanda yaşayan əhalinin 50 faizi kasıblıq həddində olduğunu ehtimal etmək olar".
O, Ermənistanda miqrasiyanın rəqəminin hədsiz yüksək olduğunu deyib: "Gürcüstanla sərhəddə yerləşən nəzarət buraxılış məntəqəsindəki erməni gömrükçülərindən birinin verdiyi məlumata görə, Ermənistanı gündəlik 2-3 min adamın tərk etməsi adi hala çevrilib. Hətta bir dəfə bu rəqəm 8 minə çatıb, gömrükçülər bu rəqəm barədə ölkə rəhbərliyinə məlumat verməkdən qorxublar. Serj Sarkisyanın istefa verəcəyi ilə bağlı məlumatlar mətbuatda geniş yer alıb. Bəzi mənbələrə görə, Serj Sarkisyan özünün də mənsub olduğu Qarabağ klanını başına yığaraq yaxınlarda istefa verəcəyini bildirib. Hətta yeni ilədək Sarkisyanın istefa verəcəyini iddia edənlər var. Sarkisyanın siqnala tutulması Ermənistanda sosial-iqtisadi vəziyyətin və prezidentə münasibətin real göstəricisidir".
M.Əhmədoğlu Ermənistanın Vorotan SES-i ABŞ-a satdığını deyərək Sarkisyanın bu konfliktogen addımının Ermənistan dövlətçiliyini ləğv etməklə yanaşı region üçün ciddi problemlər yarada biləcəyini vurğulayıb: "O, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində sanki ona mesaj verir. Bu addımların ikinci mənası Qərb qarşısında antirusiya cəsarəti nümayiş etdirməkdir. Vorotan Kaskad İran-Ermənistan sərhədində yerləşir. ABŞ-ın bu SES-ə marağı 2 il bundan qabaq yaranıb. ABŞ İranın ərazisini izləməklə bağlı qurğularının böyük bir qismini bu ərazidə yerləşdirmək istəyirdi. Vorotan Kaskad yaxşı maska rolunu oynaya bilərdi. İndi ABŞ-İran münasibətləri normallaşmağa doğru gedir və Ermənistan bu iki ölkənin münasibətlərinin normallaşmasından məmnundur. Beləliklə, Serj Sarkisyan Ermənistan-İran sərhədində yerləşən böyük qurğunu ABŞ-a satmaqla nəhəng konfliktogenlik ocağı yaratmış olur. İranla ABŞ-ın dost olması daha böyük konfliktogenlik yarada bilər. Bu zaman İran Rusiyanı Qafqazdan sıxışdırıb çıxaracaq. Onun addımı ABŞ tərəfdən dəstəklənəcək. Rusiyanın buna dözməsi qeyri-mümkündür. İranın ABŞ-la münasibətlərinin yaxşılaşmasına Ermənistanın müsbət reaksiyası Türkiyə və Rusiyanın regionda baş verən proseslərə münasibətini hədsiz həssaslaşdıracaq. Ermənistan episentrdə olduğu üçün bu iki dövlətin həssaslığı Ermənistan üzərində cəmləşəcək".
Politoloq Rusiyanın Yerevan yaxınlığındakı Erebuni aerodromunu almasının müxtəlif narazılıqlar yaratdığını söyləyib. O, bunları qeyd edib: "Erebuni aerodromunu ABŞ almaq istəyirdi. Məqsədi Ermənistana gələn ABŞ vətəndaşlarını Rusiya sərhədçilərinin yoxlamasından "xilas etmək" idi. "Zvartnos" aeroportunda sərhəd yoxlama məsələsi ilə rus sərhədçiləri məşğuldurlar. İndi Rusiya ABŞ-ı bu imkandan məhrum etdi. Ehtimal ki, Vorotan kaskadın ABŞ-a satılmasında Erebuni aerodromunun ABŞ-a deyil, ruslara verilməsi də öz rolunu oynayıb".
AQİL



