
"DH-Hüquq Consulting" Şirkətinin
vitse-prezidenti, hüquq elmləri namizədi
"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Heydər Əliyev
Prezident
İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən xalqa, cəmiyyətə daim diqqətlə, böyük qayğıkeşliklə, həssaslıqla yanaşır. Məhz buna görə də əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişafı, yoxsulluq probleminin birdəfəlik həlli istiqamətində mühüm tədbirlərin reallaşdırılması dövlətimiz üçün prioritet vəzifədir. Həyata keçirilən islahatlar hər bir vətəndaşın, hər bir ailənin həyatında öz müsbət əksini tapır. Əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, insanların maddi gəlirlərinin mütəmadi artması beynəlxalq miqyasda da açıq etiraf olunur. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olur. Burada bir neçə rəqəmə nəzər salmaqla fikrimizi təsdiq edə bilərik: Son on il ərzində maaşlar 6 dəfə, pensiyalar 10 dəfə artıb, işsizlik 4,8 faizə düşüb, yoxsulluq 10 dəfə azalıb, adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır...Burada bir həqiqəti də unutmayaq: Azərbaycan Prezidentinin ötən illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır. Bəli, indi ölkəmizdə iqtidar və xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması ölkəmizin dinamik inkişafı, tərəqqisi ilə nəticələnib.
Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan ən mühüm cəhətlərindən biri sadə insanların qayğıları ilə yaşaması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konrket addımlar atmasıdır. Elə buna görə də dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan eyni nümunə sərgiləməsini-vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər. Ona görə də Prezidentin məmur məsuliyyəti və onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna toxunması təsadüfi deyil: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".
İlham Əliyevin xalqa arxalanması, xalqdan güc alması onun ulu öndər Heydər Əliyev kursuna sadiqliyi, bu kursu inam və qətiyyətlə həyata keçirməsi ilə bağlıdır. Yaxşı xatırlayırıq, ümummilli lider qazanılan uğurları xalqın adı ilə bağlayır və hər bir nəticəni xalqın iradəsinin ifadəsi kimi qiymətləndirirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Məhz buna görə də Heydər Əliyev idarəçilik məktəbi və siyasi kursu bu gün örnək kimi yüksək qiymətləndirilir, əldə rəhbər tutularaq istiqamət proqramı kimi qəbul edilir.
Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev insanlarla təmasa, ünsiyyətə daim önəm verir. Dövlət başçısı paytaxtda, eləcə də müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə insanların arzu və istəklərini diqqətlə dinləyir, problemlərin yerindəcə həlli üçün əlaqədar qurumlara müvafiq göstərişlərini verir. Təbii ki, bu da hər bir vətəndaşın ölkə rəhbərinə inamını, ümidini artırır.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına, onların qayğı və problemlərinin həllinə əlverişli şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha həssaslıqla yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması hər bir insanın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsini reallaşdırır.
Ölkə Prezidenti bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə xatırladır, əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün geniş miqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayır.
Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur əldə edərək dövlətə rəhbərlik imkanı qazanırlar. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimada yiyələnir, dəstəklənir.
Görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları nəzərdə tutulan vəzifələrin uğurla reallaşdırılması üçün daha səylə, əzmlə çalışmağa yönəldir. Məhz bu baxımdan "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı, məqsədi kimi dəyərləndirir.
Azərbaycan Prezidenti öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, eyni zamanda cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə, həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir.
Dövlət başçısının idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirləri həyata keçirməsidir. "Əsl siyasət konkret, real iş görməkdir" devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.
Ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təmin edilməsinə çalışan Prezident İlham Əliyev bu işdə bilavasitə vətəndaşların problemləri ilə əlaqədar olan, onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyur və qəti surətdə tələb edir: "... Dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır".
Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlib. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə Azərbaycan MDB məkanında birinci yerə layiq görülüb, "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçib. Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liyinə daxil olub. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilib. Avropa İttifaqının maliyyələşdirdiyi "Avropa Qonşuluq Barometri" sorğusunda bildirilir ki, 1000 respondentdən 920 faizi Azərbaycan hökumətinə inanır.
Azərbaycan Prezidenti əhalini daha çox düşündürən və narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır, rayon mərkəzləri və kəndlərin, xüsusilə Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, paytaxtətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması, yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, əhalinin rahatlığı üçün "ASAN xidmət" qurumunun fəaliyyətinin genişləndirilməsi, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin istifadəyə verilməsi kimi məsələlərin həllinə mühüm önəm verir, icrasını diqqət mərkəzində saxlayır.
İlham Əliyev oktyabr ayının 19-da keçirilən andiçmə mərasimində demişdi ki, Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib, tarixi abidələrimiz bərpa edilib. Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, həllini tapıb. İşsizliyin səviyyəsi təxminən 5 faiz həddinə düşüb... Bölgələr abadlaşıb, canlanıb. Yerlərdə infrastruktur yaradılıb və regional proqramların icrası nəticəsində bölgələrlə paytaxt arasında fərq azalıb. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə də prioritet istiqamət olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm ki, bundan sonra da davam edəcək.
Azərbaycan Prezidentinin sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib, Milli Qəhrəmanların və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğləri artırılıb. Yoxsulluğun azaldılması və sosial təminatın gücləndirilməsi məqsədilə səmərəli ünvanlı sosial yardım mexanizmi yaradılıb.
Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılmasıdır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.
Dərindən düşünülmüş sosial siyasət nəticəsində son 10 ildə əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması mütəmadi xarakter daşıyıb. Sonuncu dəfə əmək haqları Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Təbii ki, bu zaman məcburi köçkünlərin yemək xərclərinin, uşağa qulluğa görə ödənişli sosial məzuniyyətdə olanların müavinətlərin də artırılması da unudulmayıb.
Yeri gəlmişkən, burada sosial ədalətlə bağlı bir haşiyə də çıxmaq istərdim. Dekabrın 3-də Azərbaycanın daxili bazarında avtomobil benzini və dizel yanacağının qiyməti artırılıb. Bu barədə hazırda bir sıra kütləvi informasiya vasitələrində yazılar verilir. Həmin yazıların bir qismində irəli sürülən fikir və mülahizələr reallıqdan uzaqdır, materiallarda boş hay-küy yaratmaq cəhdi açıq-aydın hiss olunur. Əslində isə bu məsələ obyektiv iqtisadi amillə bağlıdır və burada da təbii ki, əhalinin vəziyyəti, hazırkı iqtisadi şərait nəzərə nəzərə alınıb. Əvvəla xatırladaq ki, yanacaqla bağlı sonuncu dəfə qiymət artımı 2007-ci ilin fevralında baş verib və beləliklə, təxminən 7 il ərzində qiymətlər eyni səviyyədə olub, dəyişilməyib. Amma ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolu keçib, iqtisadi durum yaxşılaşıb, əmək haqları bir neçə dəfə artırılıb, həmçinin yanacağa tələbat da yüksəlib. Başqa bir səbəb də odur ki, respublikamızda yanacağın qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycanın regional nəqletmə dəhlizi olmasını nəzərə alsaq, onda bu məhsulun ixracı ilə bağlı yaxın bir zamanda ölkəmiz üçün hansı mənfi halların baş verdiyini də təsəvvür etmək elə çətin deyil. Bahalaşma ilə bağlı bir daha təkrar edirəm, əhalinin vəziyyəti, yuxarıda göstərdiyim kimi, elə bu ilin sentyabr ayından etibarən əmək haqlarının artırılması nəzərə alınıb. Yəni sözügedən bahalaşmada insan amili, sosial ədalət prinsipi diqqət mərkəzində saxlanılıb.
Azərbaycan iqtisadiyyatında nəzərə çarpan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan cənab İlham Əliyev sosial sahədə reallaşdırılan ciddi proqramların mahiyyətindən danışaraq demişdir: "...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətlərinin gücünü artırmaq üçün çalışırlar".
Hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.



