Dekabrın 25-də Bakı Slavyan Univeristetində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş XII Respublika tələbə elmi konfransı keçirildi.
" Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual probemləri" mövzusunda təşkil olunmuş konfransın məqsədi müasir dövrdə Azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinəcəlb edilməsidir.
Konfrans Beynəlxalq tələbə himni -"Qaudeamus" unifası ilə açıq elan olundu. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor prof. A.Hacıyev konfransda həm yerli, həm də xarici universitetlərdən tələbələrin iştirak etdiyini qeyd etdi. O, vurğuladı ki, Bakı Slavyan Universitetinin bir sıra xarici ali təhsil müəssisələri ilə sıx əməkdaşlığı var. Bu əməkdaşlıq Azərbaycan dilinin və mədəniyyətinin digər ölkələrdə öyrənilməsinə yönəlib.Tələbələrin belə konfranslara maraq göstərməsini yüksək qiymətləndirdiyini bildirən prorektor bu cür konfransların onların gələcək elmi işlərində kömək olacağına inandığını bildirdi. "Bu konfransın digər bir əhəmiyyəti isə ondan ibarətdir ki, müxtəlif universitetlərdə təhsil alan, tərcüməçiliklə, mədəniyyətşünaslıqla maraqlanan tələbələr bir araya gələrək fikir mübadiləsi aparır, bu sahədə olan biliklərini artırırlar".
Tərcümə fakültəsinin dekan əvəzi dos. K.Hacıyev çıxış edərək konfransın işi haqqında iştirakçılara geniş məlumat verdi.
Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən Jukov Dimitri və Litvinova Marta artıq bir ildir ki, Azərbaycan dilini öyrəndiklərini və bu konfransın onlar üçün maraqlı olacağına inandıqlarını bildirdilər. Onların S. Vurğunun "Azərbaycan" şeirini Azərbaycan dilində söyləmələri iştirakçıların böyük marağına səbəb oldu.
Bakı Dövlət Universitetinin magistrantı Ayşən Sadıqlı, Nigar Rzayeva, Müəllimlər İnstitutundan Həsənov Əli, Qafqaz Universitetindən Elvin Həmidov, Murad Bayramov , Turizim Universitetindən Səma İsalı da öz növbələrində konfrans təşkilatçılarına minnətdarlıqlarını bildirdilər, tədbir iştirakçılarına uğurlar arzuladılar.
Konfrans öz işini aşağıdakı bölmə iclasları üzrə davam etdirdi: "Tərcümə Nəzəriyyəsi", "Tərcümə tarixi və praktikası", "Dilşünaslıq", "Ədəbiyyatşünaslıq", "İctimai elmlər", "İngilis dili üzrə tərcümə nəzəriyyəsi və praktikası" və "İngilis dili və ədəbiyyatı".
Konfransın materialları yaxın günlərdə kitab şəklində çap olunub iştirakçılara paylanacaq.
Dillər Universitetinin 241 tələbəsi mükafatlandırıldı
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev tələbələrlə görüş keçirib. Görüşdə Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, kafedra müdirləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Şəbəkəyə daxil olan Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, İctimai Münasibətlər və Cəmiyyətin İnkişafı Mərkəzinin rəhbəri Əhməd Abbasbəyli və "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin layihə direktoru Elvin Yusifli iştirak ediblər.
Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev çıxış edərək rəhbərlik etdiyi fakültə haqqında geniş məlumat verib. Ə. Abdullayev 2600 tələbənin təhsil aldığı fakültənin tərkibində 10 kafedranın fəaliyyət göstərdiyini və 300-ə yaxın professor-müəllim heyətinin çalışdığını diqqətə çatdırıb. Fakültənin son 10 ildə fəaliyyətindən danışan Ə. Abdullayev bildirib ki, 2003-cü ildə 68 qrup var idisə, hazırda bu qrupların sayı 186-a çatıb. Tələbələrin ötən semesterdə göstərdiyi nəticələrə toxunan dekan ən yaxşıların III və IV kurslarda olduğunu qeyd edib. Belə ki, III kursda təhsil alan 472 tələbədən 111 nəfəri, IV kursda təhsil alan 412 tələbədən isə 130 nəfəri dekanın fəxri vərəqinə layiq görülüb. O bildirib ki, təhsil aldığı 4 il ərzində 403-cü qrup tələbəsi Türkan Əhmədovanın dərsə davamiyyəti yüksək olub və dərs buraxmayıb.
T. Əhmədova nümunəvi tələbə kimi fakültə adından kompyuterlə mükafatlandırılıb.
Ə. Abdullayev çıxışında qış semestri ərəfəsində tələbələrin semester ərzində göstərdiyi nəticələrə də toxunub və imtahanların keçirilməsi qaydalarından danışıb.
O, çıxışında universitetin maddi-texniki bazasının gücləndirildiyini, təhsil səviyyəsinin daha da yüksəldilməsi istiqamətində universitet rəhbərliyi tərəfindən islahatlar aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra söz tələbələrə verilib. Tələbələr çıxışlarında İngilis dilinin qrammatikası, İngilis dilinin fonetikası kafedralarının müəllimlərinin yüksək səviyyədə tədris apardıqlarını vurğulayıblar, eyni zamanda problemlərdən söhbət açıblar.
Sonda Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək Pedaqoji fakültənin fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb .
Vəfa MƏMMƏDLİ



