"Ağ Yol" Vətəndaş Hərəkatı "2013-cü il nə ilə yadda qaldı və 2014-cü ilə nə ilə gedirik" adlı silsilə müzakirələrə start verib.
Müzakirələrdə Şahdəniz konsorsiumunun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını imzalamasının 2013-cü ilin ən yadda qalan hadisəsi olduğu bildirilib. Müzakirədə qeyd olunur ki, bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir: "Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. Bu böyük investisiya layihəsi Azərbaycanın və daxil olan regionların, ölkələrin inkişafına yol açır. Azəri-Çıraq-Günəşli layihəsindən sonra Şahdəniz Azərbaycana iri gəlirlər gətirən ikinci ən böyük layihə olacaq. Bu layihə Azərbaycan daxil olmaqla Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yerləri açacaq. Şahdəniz Azərbaycanın müstəqilliyinin möhkəmlədilməsində, təhlükəsizliyinin təminatında da ciddi rol oynayır. Artıq ölkəmizin təhlükəsizlik qarantı həm ABŞ, həm də Avropa Birliyidir. Azərbaycan dünyanın ən mürəkkəb layihələrindən birinə imza atmaqla, dünyada önəmini nəinki artırdı, həm də xalqımızın başını digər xalqlar yanında daha da uca etdi. Bu gün bizim xalqımız avropalıların enerji təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilib".
Növbəti müzakirədə bildirilir ki, ölkə tarixində 2013-cü il üçün ikinci yadda qalan hadisə Azərbaycanın fevralın 8-də kosmosa "Azerspace-1" süni peykini buraxıb və kosmos ölkələri ailəsinə qovuşması olub. Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirləri və mənfəətləri diqqətə çatdırılıb: "Hazırda Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir. İlk öncə belə fikirlər var idi ki, bu layihə iqtisadi cəhətdən rentabelli olmayacaq. Amma ilk ilində xərclərini ödəyərək, gəlir gətirməyə başladı. Bu layihə Azərbaycanın imza atdığı ən yadda qalan layihələrdən biridir".
Üçüncü ən yadda qalan hadisə kimi isə Avropa Birliyi ilə Azərbaycan arasında vizanın sadələşdirilməsi sazişinin imzalanması göstərilir.
Müzakirədə noyabrın 29-da Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanmasının ölkəmizə və vətəndaşlarımıza nə kimi fayda verəcəyi açıqlanıb: "İlk öncə, Azərbaycanın qanunları Avropa Birliyi standartlarına uyğunlaşdırılacaq. Bu sazişin reallığa çevrilməsi Azərbaycanla birlik arasında assosiativ müqavilənin reallaşdırılmasına təkan verəcək. Bununla bərabər, anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Viza rejiminin sadələşdirilməsi ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlərlə viza almasını təmin edəcək. Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq. Bundan başqa, uzunmüddətli vizaların müddəti 3 ildən 5 ilədək uzadılacaq. Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları Şengen vizalarını pulsuz əldə edəcəklər. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir. Əlavə olaraq, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq. Bununla bərabər, vizanın alınması üçün tələb edilən sənədlərin sayı kifayət qədər azalacaq. Ən önəmlisi isə, Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar".
"Ağ yol" qeyd edib ki, 2013-cü il 9 oktyabrda növbəti prezident seçkilərinin keçirilməsi ötən il üçün dördüncü ən yadda qalan hadisədir: "Seçkilərin müxtəlif ekspertlər tərəfindən çətin bir şəraitdə keçiriləcəyi söylənilirdi. Rusiyanın ölkəmizdə inqilab etmək niyyəti də ortaya atılmışdı. Hətta, Ərəb inqilablarının da davamının Bakıya çatacağı deyilirdi. Amma tarix və xalq göstərdi ki, Azərbaycan xalqı daha yetişgən və daha müdrikdir. Müxalifət və ya iqtidar olub olmamasından asılı olmayaraq xalqımız siyasi mədəniyyət nümunəsi göstərdi. Bu fakt ən yadda qalan hadisələrdən birinə çevrildi. Seçkilər ərəfəsində xalqın həm beynəlxalq hadisələr, onların analizi, ölkəmizə təsiri, seçki maarifləndirilməsi barədə "Ağ Yol" Vətəndaş Hərəkatının gördüyü işlər də innovasiya və yanaşmalar baxımından yadda qalan oldu. Apardığımız müxtəlif kampaniyalar həm internet məkanına yeniliklər gətirdi, həm də sosial şəbəkələrə baxışı dəyişdirdi".
Müzakirədə isə beşinci ən yadda qalan hadisənin Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirdiyi görüşün olduğunu vurğulanıb. Müzakirədə danışıqlar prosesinin bərpasının ekspertlər və siyasi təhlilçilər tərəfindən analoji olaraq dəyərləndirildiyi göstərilib: "Əgər Azərbaycan tərəfi görüşlərin bərpasına razılıq veribsə, demək ki, ortada hasısa razılaşma var. Bu razılaşma nədir? Bunun nə olduğunu Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu dilə gətirdi. Ermənistan Dağlıq-Qarabağdan kənar işğal etdiyi bir neçə rayonu azad etməyə razılıq verib. Türkiyə isə bunun müqabilində Ermənistanla sərhədləri açacaq və Sürix prosesinə - Ermənistan və Türkiyə arasında imzalanan protokol yeni nəfəs alacaq. Danışıqlar davam edir. Prosesə Türkiyə də qoşulub. Tərəflər arasında xarici işlər nazirləri səviyyəsində bir neçə görüş artıq keçirilib. Növbəti görüş isə 2014-cü ilin əvvəllərində iki prezident arasında keçiriləcək".
AQİL



