|
|
|
|
20 il əlil arabasına məhkum olan Gəncə sakini müalicəsinə kömək etdiyinə və müalicəsinin uğurlu alındığına ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubu ünvanladı
“Bütün Azərbaycan xalqı çox yaxşı bilir ki, ölkəmizin birinci xanımı əhalinin ən zəif müdafiə olunan təbəqəsinin problemlərinin həllinə yaxından necə kömək göstərir. Xüsusilə xəstələrin şəfa tapmasına göstərdiyiniz səylər hər bir insanda Sizə çox böyük rəğbət və ümid yaradıb”. Bunu Gəncə şəhəri, Nizami rayonu, Qızılhacılı küçəsi ev № 60 ünvanında yaşayan Rəcəbova Təranə Əbülfət qızı ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya ünvanlandığı təşəkkür məktubunda qeyd edib. Məktubda qeyd olunur ki, şəxsən onun özü də M.Əliyevanın bu heyrətamiz köməyini öz üzərimdə hiss edib.
“Mənim 20 il bundan əvvəl onurğam sınmışdı və ayağa durub hərəkət edə bilmirdim. Aparılan müalicələr də bir nəticə vermirdi. Mən artıq hər şeydən əlimi üzüb ömürlük əlil olmağımla barışmışdım. Məhz Sizin köməyiniz sayəsində mən, Bakıda, Tusi adına klinikada 7 ay müalicə olundum. Bu müalicə nəticəsində 20 il əlillik arabasında oturmaqla ömür sürdükdən sonra ilk dəfə ayağa durdum və indi özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Bu xoşbəxtliyi mənə Siz bağışladınız və mənə sevinc dolu ikinci həyat verdiniz. İnsan üçün sağlam olmaqdan yaxşı heç nə ola bilməz.
Mənə göstərdiyiniz bu qayğıya və diqqətə görə ailəmiz və bütün qohumlarımız adından Sizə hədsiz minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Biz, Sizin xeyirxahlığınızı ömrümüzün sonunadək unutmayacağıq. Allah Sizi qorusun və həmişə köməyiniz olsun! Biz yaxşı başa düşürük ki, ölkə vətəndaşına və onun ən sadə insanına qarşı belə humanist qayğı dövlətimizin başçısı, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının apardığı siyasətin nəticəsidir və xoş gələcəyimizə əmin olduğumuza görə biz hamılıqla seçkilərdə İlham Əliyevə səs verdik.
Sizi və ailənizi 2014-cü il münasibəti ilə təbrik edirəm, Sizə möhkəm can sağlığı, ölkəmizin tərəqqisi və xalqımızın firavan həyatı naminə göstərdiyiniz misilsiz xidmətləri bundan sonra da uzun müddət uğurla davam etdirməyi arzulayıram”-deyə, təşəkkür məktubunda daha sonra qeyd edilir.
K.Həmzəoğlu