|
|
|
|

Əsl, həqiqi sevgi “mən” duyğusunu üstələyir! Əlbəttə, sevgiyəbənzər hansısa başqa, aldadıcı hissdən söhbət getmir. Ruhuna, fikirlərinə, qəlbinə hakim kəsilmiş böyük eşq... Təmənna güdməyən, maddiyyat ummayan, fayda gözləməyən məhəbbət... O məhəbbət ki düşüncələrinlə bərabər, zamanını da alır! Rejimini tənzimləyir! Əgər doğrudan da sevirsənsə, “mən istəyirəm”, “mən edəcəyəm”, “mən beləyəm”, “mən... mən... mən” nəinki dilinə, heç ağlına da gəlmir. Axı daha tək deyilsən! Yarına qovuşub qarışmısan. Birləşməmisən, məhz qarışmısan... Artıq hansı cəhətin kimə aidliyini, onun ya sənin daha çox sevməyini, fərqlərinizi və eyniliklərinizi ayırd eləmək çətinləşib. Ona görə də ən adi qərarından tutmuş, həlledici məsələlərə kimi hər şeydə təkcə özünü düşünmürsən... Heç düşünə də bilməzsən, çünki özün yoxsan daha... İkiniz varsız! Yəqin sevənlər həm də buna görə qəribə görünürlər adamlara. Çünki ilk baxışdan məntiqsiz, hətta əndrəbadi təsir bağışlayan əməllərin səbəbini anlaya bilmirlər. Qoy anlamasınlar! Amma sən ki bilirsən, yediyin yeməklərdən tutmuş, oxuduğun kitablara, baxdığın filmlərə, dinlədiyin musiqilərə kimi hər şeyin kimlə bağlı olduğunu, bütün zövqlərini kimlə və nə üçün bölüşdüyünü dəqiq başa düşürsən! Və o gün də, “mən”inlə vidalaşdığın an da yaxşı yadındadı. O vaxtdan heç bir rahatlığı təkcə yaşamaq istəmədin, sevinci də onsuz dadmadın... Təklikdə olanda adicə, dinlədiyin gözəl musiqiyə, aldığın zövqə görə də günahkar bildin özünü... Az qala qulaqlarını yummaq da keçdi könlündən... tez ona da çatdırmaq, bəxş etmək istədin bu paydan! Məhz bəxş etmək! Almaq yox, əldə eləmək, qazanmaq yox!
Məncə, “bəxş etmək” duyğusu sevginin məhək daşıdı... Onunla məhəbbətin dərəcəsini, səviyyəsini, həqiqiliyini ölçmək olar. Əgər sevindirməkdən, bəxş etməkdən zövq almırsansa, hər an bu haqda düşünmürsənsə, deməli sevmirsən. Aldatma özünü! Yəqin sevgiylə dostluğun fərqli cəhətlərindən biri də budu... Dostunla hər şeyi, kədərini də sevincini də, uğurlarını da, məğlubiyyətlərini də bölüşürsən. Və bunu çox normal, sakit qəbul edirsən. Sevdiyinə isə yalnız xoş hisslər, zövq, nəvaziş, səadət bağışlamaq istəyirsən. Ən ağır yükləri də təkcə daşımağa, cüzi rahatsızlıqları da özün həll eləməyə çalışırsan! Fədakar görünmək, yaxşı adam təsiri bağışlamaq üçün yox, sadəcə sevdiyin üçün, sevgilini qorumaq üçün, onun əzablarına dözmədiyin üçün!
Azərbaycan poeziyasında daha çox sevgi şairi kimi tanınan, əsərləri ilə xatirə dəftərlərindən tutmuş sosial şəbəkələrə, müxtəlif eşq forumlarına qədər hamısını “zəbt edən” Nüsrət Kəsəmənli “İkimizin yerinə” şeirində insan hisslərinin məhz bu tərəfini qələmə alıb. Zənnimcə şeirin elə ən böyük uğuru məhz “ikimizin yerinə” ifadəsidi. Bu da Nüsrət Kəsəmənli lirikasına, üslubuna xas cəhətdi. Bir qeyri-adi, poetik ifadə, söz ətrafında gəzişmələr, oyunlar və s. Amma bu şeirdə insanı təsirləndirən əsas cəhət sadəcə söz oyunu, yerinə düşən lirik təsvirlər deyil... İnsanın sevdiyindən ötrü eşqin əzabını, ağrısını, dərdini, cəzasını öz boynuna götürməsidi. Və pərişan, nigaran aşiqin zərifdən-zərif münasibəti... Elə təkcə, “Gül deyirəm, gül qəlbinə dəyirəm...” – misrasından şairin hisslərinin incəliyi, qəlbinin nazikliyi duyulur. Bu mənada belə həssas, diqqətli aşiqin “İkimizin yerinə” deməsi, dərdləri, ağrıları təkcə çəkməyə hazır olması təbii görünür. Eyni ovqat – fədakarlıq, bağlılıq, kövrək duyğular şeirin sonuna kimi davam edir və müxtəlif poetik priyomlarla ifadə olunur.
... Son bəndi oxuyanda düşünürsən belə sevən adamın hətta ölümə də hazır olması, “Mən ölərəm ikimizin yerinə” deməsi təbiidi... Və burda aşiqin “mən” duyğusu insanı riqqətləndirir... Ölümü, əzabı, ağrını, nisgili – MƏNinin üzərinə götürür ona görə...
Nüsrət Kəsəmənli: “Mən sevərəm ikimizin yerinə...”
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...



