Dünyada koronavirus infeksiyasının (COVİD-19) yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı andan Azərbaycan hakimiyyəti bütün istiqamətlər üzrə çevik və ciddi tədbirlər həyata keçirməyə başladı.
Azərbaycan Prezidenti ilk gündən bəyan etdi ki, ölkə vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi dövlət üçün ilk sıradadır. Ölkə başçısının birbaşa rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmağa başladı. Mühüm tədbirləri qeyd etsək, bunlar əsasən, virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həllini, vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsini əhatə edirdi.
Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, müvafiq dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Sərhədlərin bağlanması, COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edilməsi, qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən, ən müasir standartlara cavab verən "Yeni Klinika"nın koronavirus xəstələrinin ixtiyarına verilməsi pandemiya ilə mübarizədə mühüm rol oynadı. Eyni zamanda, bölgələri də əhatə etməklə, ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanıb ki, onların bir qismi artıq istifadəyə verilib.
Ən müasir standartlara cavab verən laboratoriyalar alınıb və qısa müddətdə onların sayı 26-ya çatdırılıb. Xarici ölkələrdən çoxsaylı vətəndaşlarımızın geri qaytarılması təmin edilib, 4-5 ulduzlu otellərdə karantin təşkil olunub.
Dövlət üzərinə düşən nə varsa yüksək səviyyədə həyata keçirib, vətəndaşları isə dəfələrlə səlahiyyətli şəxslər Operativ Qərargahın qəbul etdiyi qaydalara əməl etməyə, xüsusilə tibbi maska taxmağa, sosial məsafəni qorumağa, gigiyenaya əməl etməyə çağırıblar. Bu gün bütün dünyada virusdan qorunmaq üçün məhz bunlar tələb olunur. Dövlət başçısı özü də dəfələrlə vətəndaşları qaydalara əməl etməyə çağırıb və özünün də tibbi maska taxdığını deyib. Həmçinin, biz Prezidentin açılış mərasimlərinə maska taxdığını, sosial məsafəni qoruduğunun şahidi olmuşuq.
Amma son günlər onu müşahidə edirik ki, yenə də bəzi insanlar hər vəchlə qaydalara əməl etmək istəmirlər. Onlar marşrutlarda, marketlərdə, bankomatların qarşısında maskasız, sosial məsafə gözləmədən dayanırlar.
Beynəlxalq ekspertlər, ÜST rəhbərliyi Azərbaycanda görülmüş işləri yüksək qiymətləndirirlər. Nəticələrin də yüksək olması, virusu məğlub etməyimiz üçün qaydalara əməl etmək həyati əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Azərbaycan hökuməti Rusiyadan və Kubadan virusla mübarizə üçün ekspert qrupu dəvət edib. Kubadan gəlmiş 115 nəfərlik həkim briqadasının rəhbəri Dalsy Torres Avila da deyir ki, bütün ölkələrin problemi ondan ibarətdir ki, əhali arasında xəstəliyin gətirə biləcəyi müəyyən risklər nəzərə alınmır və insanlar xəstəliyin qarşısının alınması üçün bəzi tədbirlərə əməl etməlidirlər. Təəssüf ki, insanlar risk faktorlarını nəzərə almırlar, ona görə də xəstəliyin yayılmasının qarşısını almaq çətinlik yaradır. Onun sözlərinə görə, Azərbaycanda səhiyyə sistemi kifayət qədər struktur formada təşkil olunub və ölkədə çox yüksək səviyyəli, virusla mübarizədə peşəkarlar çalışır: "Yenə də deyim ki, əsas problem əhalinin tədbirlərə riayət etməsidir. Bu, hələ də kifayət qədər deyil, ona görə xəstəliyin yayılmasını önləmək hələ mümkün olmur. Bu tədbirlər sosial məsafəyə riayət etmək, maska taxmaq, əllərin tez-tez yuyulması kimi gigiyenaya fikir verməkdən ibarətdir. Bir də xəstəliyin hər hansı simptomu yaranan kimi vaxt itirmədən xəstəxanalara müraciət etmək. Əgər bunlar yerinə yetirilməsə, xəstəliyin qarşısının alınmasına nail ola bilməyəcəyik, səhiyyə sistemi çox yüklənəcək. Bu, dəqiqliklə yerinə yetirilməlidir. Çox gözəl təşkil olunmuş səhiyyə sistemi olsa da, o yüklənəndə artıq lazımi səviyyədə idarə edilə bilməyəcək və xoşagəlməz nəticələrlə üzləşəcəyik".
Koronavirus, onun gətirdiyi psixoloji gərginlik bütün dünyanı yorub. Üstəgəl, iqtisadiyyatları çökdürüb. Normal həyatımıza qayıtmaq isə bizim əlimizdədir. Tələb olunan çox şey yoxdur. Sadəcə maska taxmalı, sosial məsafəni qorumalı və gigiyenaya əməl etməliyik.
PƏRVANƏ