Belarus, Ukrayna, Serbiya və Bolqarıstan tarixən Rusiyaya ən yaxın ölkələr hesab olunub. Bu münasibətlərin yaranmasında din və məzhəb eyniliyi, kökü bir neçə əsr öncəyə dayanan siyasi müttəfiqlik önəmli rol oynayıb. Ancaq bu münasibətlər artıq tarixə çevrilir və Rusiya ən yaxın müttəfiqlərini itirir.
Bolqarıstan NATO və Avropa Birliyinə üzv olsa da, Moskva ilə Sofiyanın münasibətləri uzun müddət müttəfiqlik səviyyəsidə qalmaqda davam edirdi. Ancaq Rusiyanın kobud şəkildə Bolqarıstanın daxili işlərinə müdaxilə etmək cəhdləri Sofiyanın Moskvadan tamamilə üz çevirməsinə səbəb oldu. Bolqarıstan Krımın ilhaqını tanımadığı kimi, Rusiyaya qarşı sanksiyaları da tam dəstəklədi. Bu ilin martında sosialistlər antirusiya sanksiyalarının ləğvi təşəbbüsünü irəli sürsə də, parlament böyük çoxluqla bu təklifi rədd elədi. Hətta Rusiyanın qaz nəhəngi "Qazprom"un Bolqarıstana satdığı təbii qazın qiymətini 40 faiz ucuzlaşdırması belə parlamentin qərarına təsir edə bilmədi.
Rusiya ilə münasibətləri tamamilə korlamaq növbəsi indi də Serbiyaya çatıb. Serbiya prezidenti Aleksandr Vuçiçin Vaşinqtona səfərinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın sosial şəbəkədə aşağılayacı fikir bildirməsi və bu fikirlərə təhqiredici tonun əlavə olunması serb siyasətçilərin səbrlərini daşırıb. Bu məqam isə Serbiya ilə Rusiya arasında münasibətlərin gərgin olduğu ilə bağlı gizlinləri aşkara çıxarıb. Məlum olub ki, prezident Aleksandr Vuçiçin Moskvaya səfəi zamanı Putin onu bir saat yarım gözlədib. Aydın görünür ki, Rusiya ilə Serbiya arasında münasibətlər artıq müttəfiqlikdən çıxıb və iki ölkə arasında ziddiyyətlər artmaqda davam edəcək.
Rusiya ilə Ukraynanın münasibətləri Krımın ilhaqından sonra düşmən ölkələr arasındakı münasibətlər səviyyəsinə çatıb. Ukrayna Rusiyaya qarşı sanksiyalara qoşulmaqla yanaşı, Qərbin bütün siyasi, hərbi və iqtisadi layihələrində yer almaqla Moskvaya qarşı tam əks qütbdə yer almağa çalışır.
Rusiya tarixən ən yaxın münasibətlərə malik olduğu ölkələrdən üçünü - Bolqarıstan, Serbiya və Ukraynanı itirdikdən sonra Belarusu da itirmək üzrədir. Rusiya ilə Belarus qədər yaxın siyasi, iqtisadi və mədəni əlaqələrə malik başqa iki ölkə tapmaq çox çətindir. Bu münasibətlər o qədər yaxındır ki, Belarusda insanların 77 faizi məişət səviyyəsində rus dilindən istifadə edirlər. Ancaq Moskvanın kobud xarici siyasəti Belarusun da Rusiyadan üz çevirməsini tədricən gündəmə gətirir. Moskvanın Aleksandr Lukaşenkoya birmənalı dəstək verməsi Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrindən narazı qalan böyük çoxluğu Rusiyanın bu mövqeyindən dolayı xəyal qırıqlığına uğradıb. Rusiyanın Lukaşenkonu silah gücünə müdafiə etməsi Belarusda narazılıqla qarşılanıb. Görünür, məhz buun nəticəsidir ki, Belarusda etiraz aksiyaları zamanı bayraq və şüarlar tamamilə fərqlənməyə başlayıb. Belarusda etiraz aksiyalarının başlanğıcında nadir hallarda gözə dəyən ağ-qırmızı - ağ rəngli bayraq indi əsas simvola çevrilib. Aydın görünür ki, Lukaşenkonun əleyhinə başlayan etiazlar indi Rusiyanın təbliğ etdiyi dəyərlərə qarşı yönəlib. Belarus cəmiyyətinin aparıcı ictimai-siyasi xadimləri Rusiyadan daha çox Avropa ilə münasibətlərə üstünlük verməyə başlayıblar. Rusiyakı müxalif ictimai-siyasi xadimlər Kremli Belarusda güc işlətməkdən çəkinməyə çağırlar. Bu çağrışlarda ortaq mövqe ondan ibarətdir ki, Lukaşenkonu rus süngüləri ilə hakimiyyətdə saxlamaq cəhdi qan tökülmsinə və ruslarla ən yaxın xalq hesab olunan belarusluların da üzünü birmənalı şəkildə Qərbə çevirməsinə səbəb olacaq. Ancaq Kreml Belarusda baş verən keyfiyyət dəyişikliyinin hansı nəticələrə gətirib çıxaracağını bilir. Belarus cəmiyyətində baş verən dəyişikliyin sonda Minskin Moskvadan üz çevirib, Brüssel və Varşava ilə yaxınlaşma yolu seçəcəyini Kremldə hiss edirlər. Eyni zamanda, onu da anlayırlar ki, Belarusun itirilməsi Rusiyanın tarixi müttəfqi sayılan dörd ölkədən sonuncusunun da Moskadan uzaqlaşması demək olacaq. Amma gerçəkliyi aydın görsə də, Rusiyanın bunun qarşısını almaq imkanları olduqca məhduddur.