Cəmiyyətdə olduqca mühüm əhəmiyyət kəsb edən bazar anlayışı öz aktuallığını əsrlərdir ki, qoruyub saxlayır. O, həm yerli əhali, həm də ölkəyə səyahət edən turistlərin sevimli məkanıdır.
Xarici səfərlər zamanı hər bir turist qonaq olduğu ölkənin yerli məhsulları ilə tanış olmaq məqsədilə mütləq bazara üz tutur. Bazar təkcə alış-veriş etmək baxımından deyil, həm də ölkənin mədəniyyətini, tarixini öyrənmək nöqteyi-nəzərindən də maraqlı məkandır. Burada həm şəhərin ümumi ab-havası ilə tanış olmaq, həm də yerli sakinlərin əhval-ruhiyyəsini öyrənmək mümkündür.
Bu gün sizə təmizliyə xüsusi önəm verildiyi, keyfiyyətli ərzaqların satıldığı, gülərüz satıcıların cəmləşdiyi bir məkan - "Yaşıl bazar" haqqında danışacağıq. Paytaxtın Nərimanov rayonunda, Şah İsmayıl Xətai, 7 prospektində köhnə "Şərq bazarı"nın qarşısında yerləşən "Yaşıl bazar"ın satıcıları şəhərin yenicə oyandığı vaxtda - saat altıdan da tez artıq iş başında olurlar. Topdan və pərakəndə satış məkanı olan "Yaşıl bazar"ı digərlərindən fərqləndirən əsas üstünlüyü oradakı göz qamaşdıran təmizlikdir. Elə alıcıları bu məkana bağlayan əsas səbəb də elə budur. Təmizlik olmayan yerdə isə heç bir gigiyena qaydalarından söhbət gedə bilməz. Bazar sahəsində güclü rəqabətin, geniş seçimin olduğu bir vaxtda təbii ki, natəmiz məkana bir dəfə gələn alıcı ikinci dəfə ora üz tutmayacaq. Bu isə həmin obyekt üçün müştəri itkisi, nüfuzun aşağı düşməsindən başqa bir şey deyil. Bəlkə də elə bu səbəbdən "Yaşıl bazar"a üz tutanlar ən çox oradakı təmizlikdən danışırlar. Bazarın girişində rastlaşdığımız alıcılardan biri dediklərimizi bir daha təsdiqlədi: "Mən hələ bu genişlikdə və bu qədər təmiz bazar görməmişəm. Burada gigiyena və təmizlik qaydalarına çox ciddi nəzarət olunur. "Yaşıl bazar"dan alış-veriş etmək insana zövq verir. Satıcılar öz mədəniyyətləri, davranışları ilə insanda xoş təəssürat oyadırlar. Bundan başqa, burada tətbiq edilən bir çox yeniliklər var. Onlardan biri də bazarın hər bir girişində yoxlama tərəzilərinin yerləşdirilməsidir. Bu, çox müsbət və təqdirəlayiq bir haldır".
Qeyd edək ki, "Yaşıl bazar"a yalnız təzə ərzaq almaq istəyənlər yox, həm də yerli əhalinin adət-ənənələri, mədəniyyəti, mətbəxi ilə tanış olmaq, buradakı səliqə-sahmandan, ab-havadan zövq almaq, satıcılarla gözəl ünsiyyət qurmaq istəyənlər də gəlir. Bazarda işləyən satıcılar hər kəsi gülərüzlə qarşılayıb, xoş sözlərlə yola salırlar. Onların hər biri işlərinə böyük sevgi və məsuliyyət hissi ilə yanaşırlar. Səhər sübhdən piştaxtalarının təmizliyi, ərzaqların gözəl düzülüşü baxımından bir-birləri ilə sanki bəhsə girirlər. Piştaxtaya böyük zövqlə düzdükləri rəngarəng meyvə-tərəvəzlərlə bazara xüsusi ab-hava qatırlar. "Yaşıl bazar" elə bir məkan ki, burada istədiyiniz hər şeyi tapa və ala biləcəksiniz. İstədiyiniz təamların dadına baxa, onları münasib qiymətə əldə edə, eyni zamanda, vaxtınızı gözəl şəkildə dəyərləndirə biləcəksiniz.
"Burada çalışan hər bir kəs insanlara faydalı olmağa çalışır. Əslində, satış etmək onların işidir, amma onlar bunu məcburiyyətdən deyil, sevə-sevə edirlər. Satdıqları ərzağı alıcıya o qədər gözəl şəkildə təqdim edirlər ki, evə lazım olmasa belə, həmin məhsulu almaq istəyirsən. Burada ən çox xoşuma gələn almaq istədiyin məhsulun dadına baxmaq imkanının yaradılmasıdır. Etiraf edək ki, marketlərdə buna icazə verilmir. Bəzən şirin alma adı ilə evə turş alma alıb aparırsan. "Yaşıl bazar"da isə istədiyin ərzağın dadına baxıb sonra alıb-almamaq qərarını verə bilirsən", - deyə bazarda alış-veriş edən yaşlı bir qadın bizə söylədi.
Bəli, bu gün "Yaşal bazar" öz təmizliyi, səliqə-sahmanı ilə bir çox yerlərə əsl nümunə ola bilər. Açıq havada fəaliyyət göstərən bir məkanda yüksək səviyyədə təmizliyə nail olmaq o qədər də asan məsələ deyil. Təbii ki, bundan ötrü məkan sahibi xeyli maddi vəsait xərcləməli, işçi qüvvəsindən istifadə etməli olur. Nəticədə isə müştərilərin etimadını qazanır. Bir dəfə "Yaşıl bazar"dan alış-veriş edən alıcı ikinci dəfə başqa yerə üz tutmur. Çünki o, axtardığı hər şeyi - yüksək keyfiyyəti, ucuz qiyməti və səviyyəli xidməti "Yaşıl bazar"da tapır.
Anar ADİLOV