|
|
|
|

... Qubadlının Əliquluuşağı kəndinin camaatı istilər düşən kimi Obayazı yaylağına qalxardı... Qədim-qayım Laləzar körpüsünü belinə kəmər kimi dolayan həzin nəğməli Bərgüşadın yol başladığı dağların qayalıqlarındakı yuvada balasını bəsləyən qartala heyranlıqla baxardı kiçik Əli... Sonralar ana qartalın yem arxasınca getdiyi vaxt yoluq qarğa sürüsünün necəsə yuvaya soxulub körpə balanı süpürləyib aşağı atması da maraq dolu nəzərlərindən qaçmamışdı. Pır-pır atan kövrək uşaq qəlbi ilə təəccüblənmişdi yoluq qarğaların o ucalıqdakı yuvaya necə yetişə bildiyinə. Tükənməz uşaq marağı ilə rəncbər atası İldırımdan almaq istəmişdi cavabı. Almışdı da: "Oğul, elə olur ki, qarğa bəzən böyük qartalın qanadı altında gizlənib ordan çıxmır. Qartal isə böyüklüyündən heç fikir də vermir çox vaxt qanadının altına, sığınanlara, hətta bəzən həddini aşıb qanadının üstünə çıxıb ucalıqlara yüksəlmək istəyənlərə. Çünki qartal bilir ki, alçaqlarda uçan quşlar zirvələrdə tab gətirə bilməz, gec-tez kəlləmayallaq düşər hansısa yolla dırmaşdıqları yerdən. Yəqin o qarğalar da o şəkildə necəsə o qayalıqlara yol tapıb oralarda gizləniblər, sonra namərdcəsinə süpürləyib atıblar körpə qartalı halalca yuvasından yerə..."
Sonralar ana qartalın dimdiyinə alıb yuvaya qaldırdığı, qanadları bərkiməmiş yaralı bala qartalı necə cani-dildən bəslədiyini də dağın ətəyindən sevinclə seyr edərdi körpəcə Əli...
Zaman o zaman idi ki, həmin körpəcə Əlinin Zəngəzur ellərində igidliyi ilə məşhur olan əmisi, yüzbaşı Əmrahın 1905-ci ildən üzübəri vaxtaşırı Vətəni erməni daşnaklarından qorumaq üçün qəhrəmancasına vuruşmalarından elə də çox vaxt keçməmişdi... Əliquluuşağı camaatı da həmin igid Əmrahın ermənilərlə döyüşlərin birində şəhid olduğu zaman ölüm ayağında dediyi bayatını onun əziz xatirəsinə vəfa borcu kimi zikrə çevirmişdi dilində:
Dağlara qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı...
Zaman qarğaların yuvalara soxulub özünü laçın bildiyi zamanlar idi... Yaralı qartal balası isə sevimli Əlinin sevinən nəzərləri altında yuvada böyüyürdü...
***
17 noyabr görkəmli yazıçı, tanınmış publisist, Əməkdar jurnalist Əli İldırımoğlunun dünyaya göz açdığı gündür. Ürəyində nə zamandan bəri işğal altındakı Vətənin nisgilini daşıyan Əli İldırımoğlunun yurd həsrətinin bitməsinə, doğma Qubadlı torpağı ilə vüsalına sayılı günlərin qaldığı, dövlətimizin, millətimizin tarixinə zəfər günləri kimi yazılan bu müzəffər vaxtımızda görəsən, yazıçı üçün bu Tarixi Qovuşmadan daha qiymətli hədiyyə varmı?..
Tanınmış nasir Əli İldırımoğlu haqqında yazanda dilin sürüşmir, əlin ilişmir. Çünki Əli İldırımoğlu dolğun özünəməxsus üslubu və zəngin bədii söz ehtiyatı sayəsində ərsəyə gətirdiyi bədii əsərləri, elat mədəniyyətini və adət-ənənələrini özündə yaşadan, insan mənəviyyatının və psixologiyasının ən qaranlıq künclərinə işıq tutub onu aydınlatmağa çalışan və çağıran nəsri, erməni məkrini, daşnak xislətini kökünə qədər ifşa edən və humanist millətimizə həmişə "İtlə yoldaş ol, amma çomağı yerə qoyma" məntiqi ilə davranmağı xatırladan romanları, cəmiyyətin çatışmazlıqlarını çəkinmədən tənqid edən publisis
tikası ilə haqlı olaraq şəxsiyyətinə yaraşdırılan "mənəvi və ədəbi arbitr" olmaq haqqını qazanıb. Həm Azərbaycan ədəbiyyatında, həm də xalqımızın qəlbində.
1974-cü ildən başlayaraq bir-birinin ardınca işıq üzü görən "Mayaklar", "Yazım, yazmayım", "Çinarlı", "Həmin adam", "Dərd", "Telepat", "Zorən jurnalist", "Silinməz izlər", "Közərən sətirlər", "Mənim rəncbər atam", "Qarlı gecələr", "Aqibət", "Daş yağan gün", "Əmrahsız qalan dağlar" kitablarında yazıçı-publisist xalqımızın məişətindən tarixinə, nifrətindən sevgisinə, ənənələrindən yeniliklərinə, dostundan düşməninə qədər - ümumiyyətlə, millətimin gizli-saxlıda göz bəbəyi kimi qoruduğu hər şeydən yazıb: Həm də elə yazıçılığı ilə şəxsiyyətinin azmanlığı qədər təkrarolunmaz üslubu, film kimi təsvirləri, nağıl kimi təhkiyəsi ilə və Tanrı dərgahına yönələn dua kimi mübhəm arzularını da yazılarının gözünə qataraq. Amma hər dua Yaradanın dərgahında qəbul olunmaz ki. Allahın açıq saatları var sevimli bəndələrinin duaları üçün. Hələ bir də bu dua bütün xalqın arzusunu ifadə edən duadırsa...
Bu doğum günü Əli İldırımoğlu üçün də, elə bizim üçün də ona görə əlamətdardır ki, yazıçının uşaqlığını keçirdiyi, sahilində uzanıb gözlərini ulduzlu səmaya zilləyib şirin xəyallara daldığı Bərgüşad çayı da, ətrafındakı onlarla yaşayış məntəqəsi də bu ərəfələrdə Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilib. Bərgüşadı təsadüfən xatırlatmadım. Vətənimizi işğaldan qurtarmaq uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Əli İldırımoğlunun "Daş yağan gün" romanından "525-ci qəzet"də dərc olunmuş bir hissəni yenidən oxudum. Ötən əsrin əvvəllərində erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən olmazın müsibətlər, yasa çevrilən toylarımız, məhv edilən xanimanlarımız, dağıdılan tifaqlarımız, zaman-zaman torpağını işğaldan qorumaq üçün erməni terrorçuları ilə vuruşmaq alın yazısı olan Azərbaycan igidlərinin qəhrəmanlığı elə ustalıqla bədii təsvirə gətirilib ki, adamı dərindən sarsıdır. Və anlayırsan ki, elə yazıçının da bir çox əsərlərində qeyd etdiyi kimi, erməni xisləti dəyişən deyil. Həmişə çomağı əldə hazır saxlamalıyıq... Çünki bu zatıqırıq etnosla məhz onların öz dilində danışmaq lazımdır. Erməni terrorçuları sülh dilindən anlamırlar, onlar üçün barış anlayışı mövcud deyil, ancaq başları əziləndə aşağıdan yuxarıya zillənən baxışları hilal-ulduz görəndə "dincəlirlər"... Əli İldırımoğlu "Daş yağan gün" və "Əmrahsız qalan dağlar" romanlarında bütün bunları unutmamağa səsləyir. Qəzetin həmin sayındaca ömrünün dolğun qürubunu yaşayan ahıl yazıçı "Bərgüşada sözüm var" adlı essedən daha çox ürək göynədən ağı kimi göyün yeddi ərşini titrədən naləsi, duası, həsrəti, nisgili, "cahıllığının sevinci, ahıllığının qəmi-kədəri", doğmaca Şəhriyarımızın "Heydərbabaya salam"ının ruhu ilə çulğaşan oxşar üslubu ilə elə sarsıtdı... Ki, mən inandım bu ruhun dərinliklərindən qopan duanın çox tezliklə Tanrı dərgahında qəbul olunacağına! Çünki bu essedə xalqın gen yaddaşından qopan elə bir ruhi enerji vardı ki, Yaradanın bunu eşitməməsi qeyri-mümkün idi. Bu yazı-duada ulu millətimin tarixindən sıyrılıb gələn Dədə Qorqud boylaması kimi alqış Vətən nisgilli yazıçının qarşısıalınmaz arzusu ilə birləşib yer alır Tanrı hüzurunda: "Məni təhdid edən bir arzum, bir diləyim var, Bərgüşad! Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun, Bərgüşad! Cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad! Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla, Bərgüşad! Əsirlikdən zillət çəkən kəndimə, dağlarımıza, bağ-bağçalarımıza həyan ol, Bərgüşad! Qışda suların buz bağlayanda, qərib ellərdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad! Bir də ki, yoxluğumda, yazdıqlarımı yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!.. Bir də ki... Bir də ki... bizim el-obanı tərk edib xan Araza qovuşanda Çay bağlarında budaqdan budağa qonan rəngbərəng quşların nəğməsini, ətir saçan gül-çiçəklərin rayihəsini Tinli çöllərinə ərmağan et ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza nisgil olan Əmrahın!..."
Bu arzunun çin olması üçün daha illərlə gözləməli olmadıq. Əli İldırımoğlu sanki illərin müdrikliyindən bəhrələnən fəhmi ilə anlamışdı "laçın olmağa çalışan qarğaların" çox tezliklə zirvələrdən üzüaşağı yuvarlanacağını...
Azərbaycan torpaqlarını erməni tapdağından xilas edən oğullarımız həm də Əli İldırımoğlunun ötən əsrin əvvəllərində Vətəni qaniçənlərdən qorumaq uğrunda vuruşlarda həlak olan əmisi unudulmaz qəhrəman Əmrahın da qisasını aldılar. Bu oğullarımız bir daha sübut etdilər ki, ot kökü üstündə bitir, bir daha isbatladılar ki, qanadlarımız altına soxulub yuxarılara uçmaq istəyənlərin yeri gec-tez dərələrin dibidir, zirvələr deyil... Əminəm ki, indi Əli İldırımoğlunun çoxillik yurd nisgili, uşaqlığının vətəni olan və yenicə düşmən tapdağından qurtulan Bərgüşadın bərq vuran sularına qarışıb yox olduğu kimi, xalqımızın bütün dövrlərdə torpaq uğrunda şəhid olan oğulları ilə yanaşı, yüzbaşı Əmrahın da ruhu məsuddur...
Əli İldırımoğlunun da bu parlaq zəfər müjdələrini məhz ömrün növbəti müdriklik və kamillik yaşı ərəfəsində almaqla dünyanın xoşbəxti olduğuna inanıram.
Erməni terrorçularının hər fürsət düşdükcə, zaman-zaman başımıza yağdırdığı daşlar indi öz başlarına tökülür. Artıq başımıza daş yağan qara günlərimiz zəfərin gerisində itib-batsa da, "Daş yağan gün" düşmənin bizə yaşatdırdıqları müsibətləri unutmamaq, hər zaman yadda saxlayıb bundan sonrakı tariximizi də, həyatımızı da buna uyğun yaşamaq üçün hər zaman var, hər zaman bizimlədir - oxuyub əməl etmək üçün. Böyük sözü kimi, aqil nəsihəti kimi...
***
... Saçları ağarmış, siması illərin çəkdiyi və çəkdirdiyi qırışlarla süslənmiş bir əsrə yol yoldaşı olmuş pirani ağsaqqalın nəzərləri Əmrahsız qalan dağların zirvəsinə zillənmişdi. Bu dəfə fərəhdən, qürurdan dolmuş alacalanmış gözləri ulu atalarının dediyi "Vətənə gəldim, imana gəldim" sözü ilə yenidən nurlanmışdı. Nə illah edirdisə, baxışlarını sehirlənmiş kimi "qırmızı koftalı, yaşıl tumanlı" dağların üstünə sərilən masmavi Vətən göyündən çəkə bilmirdi... Qanadları bərkimiş qartal yuvasından pərvazlanıb ənginliklərdə süzür, ucaldıqca ucalırdı...
"525"dən: Noyabrın 17-də Azərbaycanın görkəmli yazıçısı, tanınmış publisist, ağsaqqal söz adamı Əli İldırımoğlunun 93 yaşı tamam olur. Neçə illərdən bəri "525-ci qəzet"lə mütəmadi əməkdaşlıq edən sevimli ədibimizi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, Qarabağ vüsallı xoş illər arzulayır, zəngin yaradıcılığında yeni-yeni uğurlar diləyirik.



