"Sən öl"ü, "sağ ol"u bəlli, yaranandan üzü bəri yasında Yasin oxunan, toyunda tüfəng atılan - şəhərim! Dünyanı bazara çıxaran, dünya bazarında satılan - şəhərim! Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan! Ağ alınlı qızılı atların vətəni, seyid cəddinə içilən andların vətəni! Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun... Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim! Şükür külünə, şükür qayıdış gününə! Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik. Bir "Uzundərə" havası çal, çıx Bərdə yoluna - Uzundərəynən gəlirik!..