|
|
|
|
Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.
İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Tarıverdiyev Nicat Şöhrət oğludur. Vətən müharibəsinin qəhrəman, cəsur döyüşcülərindən olan Nicat qələbəyə saatlar qalmış şəhid olub. Gəncliyini, ömrünü vətənə fəda edən Nicat qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb.
Qəhrəman şəhidimiz doğum günündə - noyabrın 17-də II Fəxri Xiyabanda torpağa taşırılıb.
AZƏRBAYCAN BAYRAĞINI YÜKSƏKLƏRƏ QALDIRAN NİCAT
Ailənin yeganə övladı olan Nicat 1998-ci ildə Bakı şəhərində doğulub, əslən Şamaxı rayonundan idi. Paytaxtın 132-134 saylı təhsil kompleksinin məzunu olan Nicat qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib kimi Azərbaycan bayrağına dəfələrlə yüksəklərə qaldırıb.
Nicat Tarverdiyev ali təhsilini Kooperasiya Universitetində alıb. Təhsilini başa vurduqdan sonra Vətənə borcunu vermək üçün 2020-ci ilin 23 iyulunda Goranboya hərbi xidmətə yola düşən Nicatın qismətində həm də şanlı tariximizə çevrilən ikinci Vətən müharibəsinin iştirakçısı olmaq da varmış. Nicat Tarverdiyev 27 sentyabrda hərbi əməliyyatlar başlayandan bitənə qədər gərgin döyüşlərin getdiyi cəbhə bölgələrində vuruşub.
44 GÜNLÜK CƏBHƏ YOLU
Şəhidin anasının sözlərinə görə, Nicat müharibədə olduğunu ailəsindən gizlədib, hər dəfə zəng edəndə anasına belə deyərmiş:
“Qorxmayın, hər şey yaxşı olacaq, darıxma”. 44 günlük cəbhə yolu keçərək qəhrəmancasına döyüşən Nicat onlarla düşməni məhv edib.
Nicat Tarverdiyev artilleriyaçı idi, çox gənc olmasına baxmayaraq, uşaqlıqdan aktiv idmanla məşğul olması onun döyüş qabiliyyətlərinin formalaşmasına kömək etmişdi. O, sərrast atıcılıq qabiliyyəti ilə döyüşlərdə seçilib.
ŞUŞANIN AZADLIĞI VƏ SON ZƏNG
Onunla sonuncu bağlantı 8 noyabr tarixində, Şuşanın azad olunduğu gün baş tutmuşdu. Telefon danışığı zamanı ana-bala bir-birilərini bu qələbə münasibətilə təbrik etmişdilər. Ertəsi gün - 9 noyabrdan 10 noyabra keçən gecə müharibənin başa çatması münasibətilə bütün Azərbaycan xalqı kimi, Nicatın ailəsi də bu böyük bayramı qeyd edir, hər kəsdən təbrik zəngləri qəbul edir, hamıdan göz aydınlığı alırdılar. Qələbənin sevincini, şükranlığını Allah qarşısında da ifadə etmək üçün 10 noyabrda qurban kəsilir. Qurban kəsimi zamanı Nicatın anası Şükran xanımın telefonuna Hərbi Prokurorluqdan zəng gəlir: “Qələbə qazandığımız elan olundu. Qurban demişdim, getdim onu kəsməyə. Noyabrın 10-da saat 1-də qurbanı kəsdiyim vaxt mənə Hərbi Prokurorluqdan zəng gəldi. Ordan deyilən bir kəlmə söz indiyədək qulağımdadır. SİZİN OĞLUNUZ QƏHRƏMANDIR. Ailənin yeganə övladı, anasının tək ümidi idi. Nicat ailəcanlı, dostcanlı, mehriban, əxlaqlı, yüksək mədəniyyətə malik bir övlad idi. Məktəbdə tarix dərsində Qarabağdan söhbət düşəndə Nicat müəlliminə "Qarabağı biz alacağıq" deyibmiş. Şəhidimiz II Fəxri Xiyabanda general Polad Həşimovla eyni sırada dəfn olunub. Nicat qəhrəmanların yanına getdi".
BÜTÜN AZƏRBAYCANIN QƏHRƏMANI
Şəhid anası Şükran xanım deyir ki, Nicat onsuz da onun qəhrəmanı idi.
Şəhid anası, Nicat yalnız sənin deyil, bütün Azərbaycanın qəhrəmanıdır. Vətən sevgisini qəlbən yaşayaraq hər şeyini fəda verən qəhrəman. Torpağı uğrunda canından keçən qəhrəman. Ən yüksək mərtəbə sayılan şəhidlik zirvəsinə ucalaraq bir ömür boyu qəlblərdə yaşayacaq qəhrəman.
Sabah Nicat kimi hünərli, ürəyində vətən sevgisi olan neçə-neçə Naicatlar dünyaya göz açacaq. Onun qədər Vətəni, Torpağı, Bayrağı sevəcəklər. Çünki bu Vətən, bu Torpaq, bu Bayraq Mübarizlərin, Poladların, Nicatların, daha neçə-neçə igid əsgərlərimizin bizə canları bahasına əmanət qoyub getdiyi əziz vətən, müqəddəs torpaq, şanlı bayraqdır.
Saçların heç zaman ağarmayacaq şəhid əsgər. Zamanı gənc yaşında donan igid, sənin adın hər birimizin qəlbində əbədi yaşayacaq. Torpağın mənfur düşməndən azad etmək üçün sinəni sipər, canını fəda etdin, şəhid olmağı seçdin. Yrandığımız torpaqda dəfn olunmaq haqqının dəyərini bilib, ölümdən ürpənmədin, çəkinmədin. Torpağı qanınla suvardın ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarı bülbül yenidən bitsin.... Son sözü "Vətən sağ olsun!" - olan qəhrəman Şəhidim, qanın Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə dalğalanır...
Sən canından can verdin... Vətən sənə heyran, vətən sənə minnətdar, Vətən sənsən şəhidim!
Ruhun şad olsun, Şəhidim!!!