
Tariximizin şanlı səhifəsi olan II Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edən qəhrəmanlarımızdan biri də 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olan Elnur Şahin oğlu Əzizlidir. Elin igid oğlu Elnur haqq savaşımızın ilk günündən Qarabağın azadlığı uğrunda döyüşə girib, Şuşaya qədər çətin və şərəfli bir yol keçib. Şuşanın bağrına zəfər bayrağı sancılandan sonra şəhidlik zirvəsinə ucalıb. Onun Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra layiq olduğu "Vətən uğrunda", "İgidliyə görə", Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda medalları doğmalarına bir təsəllidir.
E.Əzizli orta məktəbi bitirib döyüş bölgəsində hərbi xidmətə başlayıb. Torpağına bağlılığı və hərb sənətinə sevgisi Elnuru Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) tərkibinə aparıb. Qarabağın azadlığını hər kəs kimi çox arzulayan cəsur döyüşçü yoldaşlarına da o günün uzaqda olmadığını, müharibə başlasa, öndə özünün gedəcəyini deyərmiş.
Belə də olub. 2020-ci ilin 27 sentyabrında haqq savaşımız başlanan kimi XTQ-nin əsgəri olan Elnur ilk sıralarda öz yerini alıb. Ən qaynar nöqtələrdə düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman el oğlu Füzuliyə bayrağımızı sancanlardan biri olub. Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərərək bir neçə ağır müharibə meydanından zəfərlə çıxan E.Əzizli noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Noyabrın 12-də böyük izdiham və ehtiramla doğma Biləsuvarda torpağa tapşırılıb.
Bəli, qərinələr keçəcək, amma Elnur həmişə qəlblərdə yaşayacaq. Çünki o, şüurlu surətdə öz canını qurban verdi ki, Vətən yaşasın, bağlandığı xalqın gələcəyi parlaq olsun.
Zəfər ORUCOĞLU



