|
|
|
|
Tarın və tarzənliyin azı min ilə sığan uzun yolu boyunca çoxlu mahir sənətkarlar yetişib, onların füsunkar ifaları haqqında köhnə salnamələrdə soraqlar da qalmaqdadır.
Lakin ən gözəl sözlər belə qıvraq barmaqlardan qopmuş sədaların şirinliyini, ruhoxşayanlığını sonacan təsvir edə bilərmi?
Çalğının, oxunun əsl dəyərini verə bilməkçün gərək onu dinləyəsən, həmin səslər selinin bilavasitə axarında olasan.
Heyiflər ki, keçmiş qabil ifalar haqqında biz yalnız mənbələrin tərifli sözləri ilə kifayətlənməli oluruq.
Eşidə bildiyimiz ən qocaman çalğılar yalnız XX əsrin əvvəllərinə aiddir. Avropada bir sıra səsyazma şirkətlərinin fəaliyyətə başlaması, xanəndə və sazəndələrin oxu və çalğılarının qrammofon vallarına yazılmasıyla səsin əbədiləşməsi dövrü gəlir.
Lakin ağrıdan odur ki, bu imkandan istifadə etmək də hər sənətkara nəsib olmayıb. XX əsrin əvvəllərində Azərbaycanda onlarca deyil, yüzlərlə ustad tarzən vardısa da, Qurban Qirimov və daha bir neçə nəfərdən savayı əksəriyyətinin çalğısı nə vala alınıb, nə də lentə köçürülüb.
Beləcə, nə qədər heyranedici səs efir boşluqlarında əriyib itib.
Tarzən Məmmədxan Bakıxanov zahirən çox da köhnə əyyamların tarçısı deyil.
Unudulmaz sənətkarımız Bəhram Mansurov ondan bəhs edərkən həmişə yalnız kamil muğam bilicisi olmağını vurğulamır, həm də xanəndəni müşayiət etməkdə tayı-bərabəri olmadığını yada salırdı.
Çox illər öncə - 1980-lərin əvvəllərində Məmmədxan Bakıxanovun qardaşı oğlu Məmmədrza Bakıxanov isə mənə həmin unudulmuş tarzən haqda daha geniş bilgilər vermişdi.
Məmmədrza müəllim çox söhbətcil adam idi və 1980-90-cı illərdə elə həftə olmazdı ki, Elmlər Akademiyasına, o zamanlar işlədiyim Şərqşünaslıq İnstitutuna azı bir-iki dəfə baş çəkməsin.
Sinəsi dolu olduğundan söhbətləri həmişə uzun alınardı, çox zaman tələssəm də, onu səbirlə dinləyərdim. Çünki bütün bu danışılanların tarix olduğunu anlayırdım. Yanımda diktofon olanda söhbətini yazırdım, səsi qeydə almaq imkanım olmayanda dəftərimdə onun söylədiklərinin vacib anlarını stenoqrafik dəqiqliklə əks etdirməyə çalışırdım.
İllər boyu hazırladığım çox verilişlərdə də Azərbaycan radiosunun səs xəzinəsində Məmmədrza Bakıxanovun xatirələri qalmaqdadır.
Bir gün də mənə əmisi Məmmədxanla bağlı bir neçə sənəd gətirərək onun haqqında veriliş hazırlamağımı məsləhət gördü. Amma dərhal da əlavə elədi ki, bəzi əhvalatları indi sənə söyləyəcəyəm, amma onu görən, yaxşı tanıyan bir neçə nəfər də var ki, telefonlarını verəcəyəm, çağırasan studiyaya. Lakin tələsmə. Əmimin çalğısı olan, ev maqnitofonunda yazılmış lentlər var, bir də Yaqub Məmmədovu müşayiət etdiyi bir ifa qalmalıdır, qoy onları da tapım, sonra hamısını birləşdirib yaxşı veriliş hazırlarsan.
İş elə gətirdi ki, 1990-cı illərin əvvəllərindəki axırıncı söhbətlərimizdən sonra nəsə Məmmədrza Bakıxanov bir müddət gözə dəymədi.
Sonra eşitdim ki, Türkiyəyə gedib. Gərək ki, yoldaşı da orada işləyirdi.
Bilmirəm orada çalışdıqları dövrdə arada Bakıya gəlib-gedirdilərmi, hər halda mənə Məmmədrza müəllimlə bir də görüşmək nəsib olmadı.
İllər ötdü, işlər çoxluğunda Məmmədxan Bakıxanov haqda həmin verilişi hazırlamaq niyyətimiz elə niyyət olaraq qaldı.
Və görünür, qismət beləymiş ki, gərək Məmmədxan Bakıxanova mütləq qayıdam. 2017-nin yazında Məmmədrza müəllimin qardaşı Tofiq Bakıxanov eyni təkliflə mənə müraciət etdi və onda yadıma təqribən 24-25 il öncə Məmməd Bakıxanovla əmisi, tarzən Məmmədxan Bakıxanov haqda etdiyimiz söhbət düşdü və açdım yaddaş dəftərlərimi. Qeyd dəftərlərimdə o sətirləri çox qarışıq xətlə, tələsik yazmışam və çətinliklə olsa da, hər şeyi oxuya bildim. Mənim xəttim onsuz da, siz deyən, səliqəlilərdən, rahat oxunanlardan deyil. Onda qalmış yazı iki daşın arasında, dar macalda tələsik qələmə alınmış ola. Üstəlik, bu da nəzərə alınsın ki, Məmməd müəllim, adətən, yeyin danışardı. Ancaq hər halda, nə yaxşı ki, vaxtında o qeydləri etmişəmmiş. Yazılan qalır və məqamı da yetir ki, adamın çox karına gəlir.
Məmmədxan Bakıxanov 1890-cı ildə Bakıda doğulmuşdu. O, hələ 7 yaşında olanda atası Məmmədrza çar hökuməti tərəfindən Bakıxanovlar ailəsinə qarşı başlanan təzyiqlərlə əlaqədar İrana köçür. Müxtəlif illərdə Rəştdə, Zəncanda, Tehranda yaşayırlar.
Məmmədxanla qardaşı Əhmədxan ilk musiqi təhsillərini də orada alırlar. Və 1916-cı ildən Məmmədxan artıq bir tarzən kimi məclislərdə, şənliklərdə görünməyə başlayır.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ailəsi ilə birgə Bakıya qayıdan Məmmədxan Şərq Konservatoriyasına daxil olur, burada məşhur tarzən Şirin Axundov və Məşədi Həsəndən dərs alır.
İranda aldığı biliklə burada öyrəndiklərinin vəhdəti tezliklə onu Bakının muğam mühitində ən seçkin ifaçılardan birinə çevirir. Səbəbsiz deyil ki, artıq 1921-ci ildə onu konservatoriyanın inspektoru vəzifəsinə işə götürürlər.
O illər Azərbaycanın, xüsusən də paytaxt Bakının həyatında xüsusi bir oyanış dövrü idi. İlk addımlarını atan Şura hökuməti maarifə, mədəniyyətə ayrıca diqqət verirdi.
İndiki Səadət sarayının binasında 1920-ci illərin əvvəllərində Əməkçi Türk Qadınlarının Əli Bayramov adına Mərkəzi Mədəniyyət Sarayı yerləşirdi.
Sözün həqiqi mənasında ora mədəniyyət və maarifin bulaq kimi qaynadığı, ən təşəbbüskar ziyalıları, qabaqcıl təhsil və elm xadimlərini qovuşduran bir mərkəz imiş.
1923-cü ildə Məmmədxan Bakıxanovu da ora işə dəvət edirlər.
Səviyyəni, tapşırılan vəzifəyə yanaşmanın məsuliyyət və ciddiyyətini bundan götürün ki, oradakı musiqi dərnəyinə Üzeyir Hacıbəyli, rəqs dərnəyinə Yunis Nərimanov, xor dərnəyinə Hənəfi Terequlov, dram dərnəyinə Abbas Mirzə Şərifzadə, tar dərnəyinə Məmmədxan Bakıxanov rəhbərlik edirmiş.
Bu gəlməklə ta 1936-cı ilədək, düz 13 il Əli Bayramov sarayında tar müəllimi işləyir, onun yetirmələri sırasından Azərbaycanın neçə tanınmış tarzən qadını çıxır.
Təşəbbüskar, qurucu insan olan Məmmədxan Bakıxanovun ürəyi bilavasitə vəzifəsini - tar müəllimliyini icra etməklə soyumur, qızlardan ibarət orkestr də yaradır.
Çox keçmir ki, Məmmədxan Bakıxanovun təşkil etdiyi Qızlar ansamblının əks-sədası fəhlə klublarından, mədəniyyət saraylarından, hərbi hissələrdən eşidilməyə başlanır, onların konsertləri hər dəfə hərarətlə qarşılanır.
Məmmədxan Bakıxanovun rəhbərlik etdiyi Şərq orkestrinin şöhrəti və uğurları isə daha parlaq olur.
İlk dəfə 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya incəsənət olimpiadasında müvəffəqiyyətlə çıxış edərək birinci yeri qazanan, mükafatlandırılan orkestr tezliklə daha böyük uğura imza atır.
1936-cı ilin mayında Məmmədxan Bakıxanovun rəhbərlik etdiyi Şərq orkestri Moskvada SSRİ-nin müxtəlif respublikalarından gəlmiş bədii-özfəaliyyət kollektivlərinin konsert-tamaşasına qatılır və yüksək peşəkarlıq nümayiş etdirərək rəğbətlə qarşılanır, mükafata layiq görülür.
Lakin 1938-ci ildə qəfilcə Məmmədxanın başı üzərində qara siyasət buludları dolanmağa başlayır.
Bir gecə onların ardınca gəlirlər, hər iki qardaşı - Əhmədxanı da, Məmmədxanı da həbs edirlər.
Onları ittiham edirlər ki, İran casusudurlar, Azərbaycanda İran musiqisini təbliğ edirlər, evlərində silah-sursat gizlədiblər, mənzillərində İran şahının məktubu ələ keçib.
Tofiq Bakıxanov danışır ki, Üzeyir bəygillə qonşu idik, get-gəlimiz vardı. Anam gedib yalvarır ki, ay Üzeyir əmi, bunları şərləyiblər, bizim evdə silah-sursat nə gəzir, bu yazıqlar musiqidən başqa bir işlə məşğul deyillər. Axtarış aparanda da heç nə tapılmadı. Bax bu da axtarışın protokolu, heç nə yazmayıblar.
Üzeyir bəy anamı sakitləşdirir ki, narahat olma, bu günlərdə Moskvaya, Azərbaycanın Ədəbiyyat və incəsənət ongünlüyünə gedəcəyik, Mircəfər Bağırovla eyni qatarda olacağıq, ondan xahiş edərəm.
Səfər əsnasında Üzeyir bəy Mərkəzi Komitənin hökmlü Birinci katibinə qayıdır ki, yoldaş Bağırov, bizim konservatoriyanın iki müəllimini, Bakıxanovları tutublar, ancaq mənə elə gəlir, onların heç bir təqsiri yoxdur.
Mircəfər Bağırov deyir ki, mən bu nəsli çox yaxşı tanıyıram. Köməkçisini çağıraraq tapşırır ki, dekadadan qayıdandan sonra yadıma sal, məsələ ilə məşğul olacağam.
Və ongünlükdən dönəndən sonra 3 aylıq həbs çəkmiş hər iki qardaş azad edilir.
Amma hər halda itkiləri də olur.
Dekada ərəfəsində həbs edilməsi Əhməd Bakıxanovun ansamblının Moskvaya getməsinin qarşısını alır.
1938-ci ildə, dekadaya bir neçə ay qalmış o çağlarda üzdə olan, demək olar ki, bütün ifaçıların valları buraxılır. Həbsə düşməsi Məmmədxanı da çalğılarının vala alınması şansından məhrum edir.
Təbii ki, belə bişkin sənətkarı musiqimizin 1930-40-cı illərdəki "baş qərargahı" - Müslüm Maqomayev adına Filarmoniya diqqətdən kənarda saxlaya bilməzdi.
1941-ci ildə Məmmədxan ora işə dəvət edilir və 1957-ci ilə, ömrünün sonunadək həm bir ifaçı, həm də bir ustad, musiqi təşkilatçısı kimi bu məşhur sənət ocağında faydalarını verməkdə davam edir.
Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski kimi böyük xanəndələr Məmmədxan Bakıxanovun müşayiəti ilə oxumağı həmişə arzulayırmışlarsa, bu, artıq ən sanballı qiymət kimi qavranılmalıdır. Çünki muğamın hər gizlincinə bələd olan o böyük xanəndələrlə çiyin-çiyinə çalışmaqçün gərək elə onlar səviyyəsində də biliyin, səriştən olaydı.
Zülfi Adıgözəlov, Bülbül, Hüseynqulu Sarabski, Mütəllim Mütəllimov, daha sonralarsa Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova Məmmədxan Bakıxanovun müşayiəti ilə oxumaqdan ləzzət alarmışlar.
1930-40-cı illərdə fəxri adlar nadir hallarda və çox üstün sənətkarlara verilirdi. Təsadüfi deyil ki, məhz Məmmədxan Bakıxanov hələ 1943-cü ildə Əməkdar artist fəxri adına layiq görülmüş ilk tarzənlərimizdən oldu.
Tofiq Bakıxanov söyləyir ki, atam nisbətən qaraqabaq, az danışan adam idi, amma əmim Məmmədxansa deyib-gülən, ünsiyyətcil idi. Həmin dövrün aktyorları, şair və yazıçıları, ziyalılarının əksəri ilə dostluq edərdi. Hacıbaba Nəzərli, Hacağa Abbasov ilə aralarından su keçməzdi. Əlağa Vahidlə lap yaxın idi. Çox vaxt konsertlərdə də birgə çıxış edərdilər. Musiqi nömrələri səslənərdi, aralıqdakı fasilələrdə Vahid çıxardı səhnəyə, meyxanalar, kupletlər ifa edərdi. Çox vaxt da bədahətən. Məmmədxan əmimin evi daim qonaq-qaralı idi. Seyid Şuşinski 6 il Məmmədxan əmimin evində bir ailə üzvü kimi yaşamışdı.
Məmmədxan Bakıxanovun yüksək sənətkarlığı ilə tən gələn xeyirxahlığı, nəcibliyi, insani məziyyətləri barədə vaxtilə Xanlar Haqverdiyev, Əbülfət Əliyev, Hacıbaba Hüseynovdan da çox təfərrüatları eşitmişəm.
Məmmədxanı digər bütün Azərbaycan tarzənlərindən fərqləndirən bir özəlliyi də varmış. O, həm İran, həm Azərbaycan tarında eyni ustalıqla çalırmış. İran tarında sırf İran muğamı, Azərbaycan tarında xalis Azərbaycan muğamını canlandırırmış.
Həm Məmmədxanın, həm Əhmədxanın bir ifaçı və öyrədici olaraq ən vacib və ehtirama layiq cəhəti də odur ki, muğamları mənimsəməyi İranda başlasalar da, İran muğamatına dərindən bələd olsalar da, Azərbaycan xalq musiqisinin bizə məxsus dilinə, üslubuna daim sədaqət göstəriblər, bircə İran xalının, boğazının bizim muğama müdaxiləsinə imkan verməyiblər, başqalarını da bu təsirdən yayındırmağa həmişə səy göstəriblər.
Həm musiqimizə, həm də bağlı olduğu sənət birliklərinə, musiqi ocaqlarına sonsuz sədaqət Məmmədxan Bakıxanovun bir ayrı məziyyəti idi. Elə həmin tərbiyəni övladına da ötürdüyündəndir ki, oğlu Akif Bakıxanov da düz 60 il Filarmoniyanın orkestrində çalışdı, viola üzrə konsertmeyster oldu.
...1990-cı illərin başlanğıcında Məmmədrza müəllimlə tarzən Məmmədxan Bakıxanovu andığımız saatlarda o, özü ilə bir neçə məktub gətirmişdi.
Həmin məktublara da baxınca xəttindən hiss olunurdu ki, sanki qaçaqaçda, tələm-tələsik yazılıb.
Başqa necə ola bilərdi ki! Həmin məktubların hər biri müharibə dövründə yazılmışdı. 1941-42-43-cü illərdə ön cəbhədə, səngərlərdə, qazmalarda, kazarmalarda, hərbi hospitallarda!
Uzunu vardı, qısası vardı, amma böyük-kiçikliyindən asılı olmayaraq, hər biri həyəcan oyadan məktublar idi və Məmmədxan Bakıxanov da ömrü boyu çox mükafatlar alsa, fəxri fərmanlara, təltiflərə layiq görülsə də, bu məktubları ən əziz yadigarlar kimi qoruyurmuş, hərdən dost-tanışa da oxutdururmuş.
Qeyd dəftərlərimdə o məktublardan parçalar qalır. Bunu yazan Nikolay Kalaşnikov adlı bir serjantdır:
"Sizin ifalarınız məni elə ruhlandırdı ki, sabah düşmənlə indiyəcən olduğundan ikiqat artıq qətiyyətlə döyüşəcəyəm. Bizə yeni güc, inam, ümid verdiniz. Qələbə bizimlədir".
Qələbə bizimlə olmağına olub. Amma həmin sətirlər 1943-cü ildə yazılıb, kim bilir, həmin əsgər döyüş meydanlarından salamat qurtararaq vətəninə, evinə-eşiyinə dönə bilibmi?
Lap davadan salamat qurtarsaydı da, bizim günlərədək çətin ki qalaydı.
İkinci Dünya müharibəsində iştirak etmişlərin ən cavanının və hazırda sağ qalanlarının yaşı 90-dan çoxdur.
Fəqət bu bir parça kağız qalıb və həmin sətirlərdə cavan əsgərin dinlədiyi konsertdən sonra içərisində yaranmış xoş ovqat, ruh yüksəkliyi, zəfərə inamı sətirlərdə nəbz kimi çırpınır və həmişə də belə qalacaq.
Bir neçə sətirdə əbədiləşmiş o ümidi, inamı hansı top, hansı tüfəng, hansı silah susdura, sarsıda bilər?!
Bu məktub isə bir özbək əsgərin dilindən yazılıb. Dilindən ona görə ki, o əsgərin məktub yazacaq əli yox imiş. Minaya düşübmüş, hələ bir möcüzədir ki, sağ qalıbmış. Dizdən aşağı sağ ayağı, dirsəkdən aşağı sağ qolu kəsilibmiş. Məmmədxan Bakıxanov onunla Rostovda, hərbi hospitalda rastlaşıbmış.
Yaralı əsgərlər üçün Məmmədxan Bakıxanovun başçılıq etdiyi kiçik heyət növbəti konsertini verirmiş. Repertuarı elə qururlarmış ki, içərisində qısa muğam da, təsnif də, müxtəlif sovet xalqlarının mahnı və rəqsləri, məşhur melodiyalar da olsun.
Çox vaxt da konsertlərini müharibənin lap əvvəlində Üzeyir bəyin yazdığı, az qala döyüş marşına, bir himnə çevrilmiş "Şəfqət bacısı" mahnısıyla başlayarmışlar.
Çalırlar, oxuyurlar və konsert yekunlaşanda hərbi hospitalın baş həkimi olan kapitan Məmmədxan Bakıxanova müraciət edir ki, bilirəm, bundan əvvəl də başqa yerdə üç konsertiniz olub, yorulmusunuz, ancaq bir xəstəmiz var, hamımızın xahişidir ki, onun istəyini yerinə yetirəsiniz, tarda siz özünüz tək muğam çalasınız.
Məmmədxan başlayır çalmağa. Ürəklə, şövqlə çalır və muğama ayaq vermək istəyəndə kapitan baxışları ilə yenidən işarə eləyir ki, dayanmayın, davam edin.
Məmmədxan bir az təəccüblənsə də, digər muğama keçir, yenə xırda-xırda gəzişmələr edir, arada oynaq parçalar da ifa edir ki, dinləyənlər yorulmasın.
Nəhayət, çalğısını bitirir, son mizrabı vurur, amma adətən ansamblın hər çıxışından sonra eşidilən gur alqış səsləri ucalmır.
Bir az təəccüblənən kimi də olur.
Kapitana baxır. Görür ki, onun gözlərindən yaş axır. Çevrilir digər yaralı əsgərlərə sarı. Baxır ki, onlar da hamısı mütəəssirdir.
Və bu da diqqətini çəkir ki, çarpayıda əli-ayağı sarıqlı uzanmış halda onu dinləyən əsgərin yanında dayanan dostu yaralının başını sığallayır.
"Hörmətli ustad! Bu məktubu sizə mənim əsgər dostlarım yazır. Çünki mən qələm tutan əlimi itirmişəm, ancaq sizə ürəyimdə o qədər minnətdarlıq hissi var ki, dostlarımdan xahiş etdim mənim sözlərimi kağıza köçürsünlər və Bakıya, Azərbaycan Filarmoniyasına göndərsinlər ki, sizə çatsın. Yəqin, görürdünüz ki, siz tarda çaldıqca əsgər dostlarımızın əksəri kövrəlmişdi. Çünki onlar mənim taleyimi bilirdilər. Sizdən də mənə görə xahiş etmişdilər ki, tək çalasınız. Mən Səmərqənddənəm. Mən də musiqiçi olmuşam. Mən də tarzən idim. Müharibənin lap əvvəlindən mən də könüllü cəbhəyə yollandım. Tarsız çox darıxırdım. Hər gün arzu edirdim ki, müharibə tez tamamlansın, qayıdım vətənə, yenə tarımı köksümə sıxım, yenə sevimli şaşmakomlarımla olum. Düşməndən təmizlədiyimiz kəndlərdən birində əlimə balalayka keçmişdi. Hərdən nisbətən dinc saatlarımızda tar əvəzi onu çalırdım, əsgər dostlarım da əl çəkmirdilər, hərə öz xalqının melodiyalarını zümzümə edirdi, mən də həmin havaları balalaykada çalırdım.
İş elə gətirdi ki, bir neçə ay əvvəl 3 dostumla əməliyyata gedərkən minalanmış sahəyə düşdük. Qulaq batıran bir gurultu qopdu. Ayılanda mən özümü hospitalda gördüm. Neçə gün huşsuz qalmışam. Ayağımın, qolumun amputasiyasından da xəbərim olmayıb. O biri döyüşçü yoldaşlarımsa həlak olublar. Vəziyyətimi belə görəndə dedim ki, kaş mən də öləydim. Əlsiz-ayaqsız yaşamağımın nə mənası?! Bir də barmaqlarım tarın simlərinə, pərdələrinə toxunmayacaqsa, mən kimə lazımam?! Bütün arzularım, ümidlərim öldü. Ancaq siz o gün çalğınızla mənə yeni həyat verdiniz. Siz çaldıqca gözümü yumurdum, elə zənn edirdim ki, çalan elə özüməm. Sizin o gün söylədiyiniz bir söz məni sanki həyata qaytardı. Dediniz ki, sizin qardaşınız da tarzəndir, amma sizdən fərqli olaraq, o, solaxaydır. Düşündüm ki, daha səhnəyə çıxa bilməsəm də, sol əllə çalmağı öyrənərək heç olmazsa özümə təsəlli, ürəyimi boşaltmaqçün tar çala bilərəm.
Kaş bu dava tez bitsin, qələbəmizi qazanaq, faşistlərin axırına çıxaq, hamımıza doğma şəhərimizə, kəndimizə qayıtmaq nəsib olsun.
Əgər mənə də evimizə gedib çatmaq nəsib olsa, sol əllə çalmağı öyrənib yenidən tarımla danışa bilsəm, mənə də ailə həyatı qurmaq qismət olsa, oğlum olsa, ona sizin şərəfinizə Bakıxan adı verəcəyəm.
Var olun, yaşayın, yaradın. Bütün əsgər dostlarımız sizə minnətdardır. Hamımıza ümid, mənə isə həyat bağışladınız.
Tar çalan əllərinizi öpürəm: qardaşınız Alişer Umarov".
Ustad tarzən Məmmədxan Bakıxanov 1941-1945-ci illər müharibəsində sənət yoldaşları ilə birgə Rostovda, Taqanroqda, Voroşilovqradda, Mozdokda, Minskdə, Krımda, Kirovoqradda və daha neçə şəhərdə, qəsəbədə 820 konsert verdi. Bu konsertlərin hər biri sadəcə konsert yox, həm də özünə görə bir qəhrəmanlıq nümunəsi idi. Şıdırğı müharibə gedirdi, bu cəbhədən o cəbhəyə yollanan musiqiçiləri nə rahat mehmanxanalar gözləyirdi, nə münasib şərait. Şaxtada, qızmarda, yağışda, küləkdə onlar, elə döyüşkən əsgər kimi, hər an mübarizəyə hazır idilər, çox zaman dincəlmək, bir qurtum isti çay içmək, bir tikə çörək yemək macalları da olmurdu.
Ən yorğun saatlarında da əsgərlərin qarşısına çıxarkən çöhrələrindən şuxluq yağırmış, ilhamla, şövqlə, həvəslə çalıb-oxuyurmuşlar.
Mən o illərin cəbhələrdə eyni qayğıları yaşamış çox sənətkarlarını dinləmişəm.
Onların heç biri adi insanlar deyildi. Onlar sənətə də, insana da qəlbən bağlı, fədakar, əqidəli, vicdanlı, saf, təmənnasız şəxsiyyətlər idilər.
Tarzən Məmmədxan Bakıxanov Azərbaycana gərək olduğu anlarda həmişə qəlbinin bütün məhəbbəti ilə ön sıralarda dayanmışdı.
Axıb keçən vaxt çox şeyləri dəyişir. İllər nəinki Məmmədxan Bakıxanovun tay-tuşlarını, hətta təqribən cavanlı-qocalı bütün tamaşaçılarını, dinləyicilərini də aparıb.
2020-ci ildə 130 yaşı tamam oldu, bu tarix kimsənin yadına düşmədi.
Yuvarlaq ildönümlərsə, yalnız elə təvəllüd tarixi olanı anmaq fürsəti deyil ki! Bu, hər dəfə dünənlərə baxmaqçün açılan bir pəncərədir. Həmin pəncərədən görünən tarixsə heç vəchlə unudulmamalı, öyrənilməli, ibrətlər götürülməli bir keçmişdir.
Onlar dünyadan çox şey ummayıblar. Hər sənətkar ruhca elə uşaq kimidir. Bircə "sağ ol!", bircə alqış, bircə heyran baxış onları xoşbəxt edə bilir.
Sağlıqlarında da, həyatda olmadığı çağlarda.
Bu yazını da elə həmin həqiqətə inandığımdan hamımızın əvəzindən tarzən Məmmədrza Bakıxanova yönələn minnətdar alqış payı kimi qələmə aldım.
Tarzən Məmmədxan Bakıxanov, haqqında xoş cümlələr dərc edilmiş cəbhə qəzetlərini, dava illərindəki usanmaz əməkləri və dəyanətləri səbəbiylə təltif edildiyi "Almaniya üzərində Qələbəyə görə", "Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" medallarını ona göndərilmiş duyğulu əsgər məktubları ilə birgə ömrünün sonunacan bir mücrüdə həyatı boyu qazandığı ən ali mükafatlar, ən əziz yadigarlar kimi saxlayırdı...
14 dekabr, 2020