
Milli Məclisin bugüngü iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılıb.
525.az-ın məlumata görə, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edir.
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və ya 6,6 faiz çoxdur.
İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8 faiz çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və ya 16,9 faiz çoxdur.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 198,8 mln. manat vəsait yönəldiləcək.
2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz bəndi azdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.



