
“Ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
AMB sədri bildirib ki, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir:
“Növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. Gələn ilə 3-4 % inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.
“2020-ci il başlanandan dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmirdi”.
AMB sədri bildirib ki, 2020-ci ildə dünya iqtisadiyyatında mühüm problemlərlə üzləşəcəyimiz bəlli idi:
“Cari ilin əvvəlindən başlayan pandemiya böhranı mövcud problemlərə ikiqat təsir etdi. Məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil. Bu ilin ortasında qlobal iqtisadiyyat özünün dib nöqtəsinə çatdı. Neft qiymətləri 16-69 dollar arasında dəyişdi. Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb”.
“Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”.
Sədr bildirib ki, cari ildə uçot dərəcəsi endirilib:
“2018-ci ildən bəri iqtisadiyyata pul təklifi 50%-dən çox artıb. Bu da ödəniş sisteminin fasiləsiz işinin təmin olunmasına şərait yaradıb. Kredit faizləri 5,5% düşüb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb”.
“Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq”.
AMB sədri bildirib ki, qeyri-müəyyən şəraitdə çevik qərarlar vermək qarşımızda duran əsas məsələdir:
“Azərbaycan qələbənin təsiri ilə özünün intibah dövrünü yaşayacaq. Ölkəmiz həmin ərazilərin inkişaf etdirilməsi ilə özünün beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.



