
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası, yenidən qurulması qarşıda duran ən vacib məsələlərdəndir. Bu, bir tərəfdən də Bakının illərdir öz gövdəsində daşıdığı insan yükünü, sıxlığı da azaltmış olar. Bakıda hələ də hündürmərtəbəli yaşayış binalarının tikintisi davam edir.
Bu tikinti, inşaat işlərinin məhz işğaldan azad edilmiş torpaqlara yönləndirilməsi üçün bir sıra təkliflər də gündəmdədir. Bu təkliflərdən biri də, Bakının yükünü azlatmaq və Qarabağda yenidənqurma işlərini sürətləndirmək üçün bir neçə il Bakıda iri tikinti şirkətlərinin işinə moratorium qoyulmasıdır. Beləcə, bu istiqamətdə investisiya qoyuluşunu birbaşa Qarabağa və ətraf ərazilərə yönəltmək və daha qısa zamanda əhalinin o torpaqlarda yaşamasına münbit şərait yaratmaq mümkün olar.
Məsələ ilə bağlı "525"in suallarını cavablandıran daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hazırkı vəziyyətdə tikinti şirkətlərinə qadağa qoyulması məsləhət deyil. Bunun üçün dövlət bir sıra stimullaşdırıcı addımlar ata bilər: "Birinci növbədə elə etmək olar ki, Qarabağ ərazisində hər hansı bir rayonda, yaxud kənddə infrastrukturların yaradılmasını və yolların çəkilməsini dövlət öz üzərinə götürsün. Bununla bağlı investorlar arasında da bir müsabiqə keçirilə bilər. Beləcə, həmin ərazinin tikintisi yüngül şərtlərlə kimlərəsə həvalə edilə bilər. Bu layihə çərçivəsində onların müəyyən bir hissəsi vergidən azad edilərsə, onlar da həmin ərazilərdə tikinti işlərinin aparılmasına maraqlı olacaqlar. Bu, investorların ora cəlb olunması üçün bir variant ola bilər".
Bakının indiki sıxlığı ilə bağlı məsələyə toxunan ekspert bildirib ki, son iki ildir paytaxtda tikintinin aktivliyi demək olar ki, çox aşağıdır: "Bakıda əlbəttə, həddindən artıq sıxlığın olduğu doğrudur. Amma burada torpaq sahələrinin satış qiyməti çox bahadır. Tikinti xərcini də onun üzərinə gələndə, mövcud qiymətlərlə standartlara uyğun tikinti işlərinin aparılması arasındakı rentabellik demək olar ki, yox səviyyəsindədir. Elə buna görə də, tikinti şirkətlərinin özlərinin burada tikinti işləri aparmağa marağı olmur. Bu səbəbdən, Qarabağ ərazisində tikinti məsələsində müəyyən güzəştlərə gedilərsə, investorların ora yönəlməsi də qaçılmaz olacaq".
N.İbrahimov zamanla bəzi qurumların da öz qüvvəsini həmin ərazilərə təbii olaraq yönləndirəcəyini qeyd edib: "Necə ki Mənzil İnşaatı Dövlət Agentliyi tikinti şirkətlərilə müsabiqələr keçirir, öz layihələrini onların hesabına icra etdirir, işğaldan azad olunmuş ərazilərlə bağlı da eyni yanaşmanı tətbiq etmək mümkündür. Düşünürəm ki, agentlik də o ərazilərdə müəyyən təmizlik işləri bitdikdən sonra, öz qüvvəsinin böyük bir hissəsini orada tikinti işlərinin aparılmasına yönəldəcək. Sadəcə olaraq orada münbit şərait yaratmaq və stimullaşdırıcı qərarlar qəbul etmək lazımdır ki, investorlar orda tikinti işləri aparmağa özləri maraqlı olsunlar".
Yaxın illərdə Ağdamın, Füzulinin, eləcə də işğaldan azad olunmuş başqa rayonların 300-500 minlik şəhərlərə çevrilməsi məsələsinə də münasibət bildirən ekspert deyib ki, bu məsələyə bir qədər tarixi yaddaşla yanaşmaq daha yaxşı olar. Bunun üçün birinci növbədə insanların yaddaşlarında qalan Qarabağı nisbətən bərpa etmək lazımdır: "Bu gün Azərbaycanda 300-ə yaxın irili-xırdalı tikinti şirkəti fəaliyyət göstərir. Tikinti şirkətlərini, eyni zamanda, investorları həm daxildən, həm də xaricdən bu bölgələrə cəlb etmək olar. Digər tərəfdən, məndə olan məlumata görə, hazırda həmin ərazilərdə böyük şəhərlərin hələ ki layihələndirilməsi işləri aparılır. Amma burda önəmli bir məsələ var. Bu gün vətən həsrəti ilə yaşayan insanların, xüsusilə yaşlı nəslin yaddaşında o vaxtkı Ağdam, Şuşa, Cəbrayıl qalıb. Yəni insanları ora cəlb etmək üçün onların yaddaşında qalan o memarlıq abidələrini bu şəhərsalmada tətbiq etmək lazımdır. Əgər biz bu gün Şuşa şəhərinin ovaxtkı, işğala qədərki memarlıq xüsusiyyətlərini özünə qaytarmasaq, Şuşa əhalisi ora gedəndə, ilk baxışdan yad bir şəhərlə qarşılaşacaq. Amma gedənlər görəndə ki, evlər onların köhnə evinə oxşayır, qonşularının evi də təxminən bu cür idi, bu zaman onların tarixi yaddaşı bərpa olunacaq və onlara həmin ərazilərdə yaşamaq cəlbedici görünəcək. Buna görə də, biz o şəhərlərin tarixi memarlıq xüsusiyyətlərini yenidən bərpa etsək, insanlar öz torpaqlarına daha böyük həvəslə qayıdacaqlar və investorlar da oraya iri həcmdə investisiyalar yatıracaqlar".
Bəs dövlət bu ərazilərə invesitisiyanın cəlb edilməsini hansı yollarla etməyi planlaşdırır?
Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov "525"ə açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması üçün 2021-ci il Azərbaycanın dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub: "Təbii ki, bu vəsait infrastrukturun formalaşdırılması, eyni zamanda, kommunal xidmətlərin təklifi daxil olmaqla bir sıra istiqamətləri əhatə edəcək. Həmin ərazilərimizə özəl investisiyanın və xarici mənbələrdən sərmayənin cəlb edilməsi prioritet məsələlərdəndir. Bu istiqamətdə də fəaliyyətlərin genişlənəcəyi gözlənilir. Nəzərə alsaq ki, artıq işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi inkişafı ilə bağlı konsepsiya hazırlanıb, bu da imkan verəcək ki, məhz həmin ərazilərə özəl və xarici sərmayənin cəlb edilməsi mümkün olsun".
Millət vəkili Bakıda tikinti şirkətlərinin işinə müvəqqəti moratorium qoyulması məsələsinə də toxunub. O bildirib ki, konkret olaraq, hansısa bir şəhərdə, yaxud da paytaxtda inşaat işlərinin inzibati yolla dayandırılması arzuolunan deyil: "Dünya təcrübəsi də göstərir ki, inşaat işlərinə daha çox ehtiyac olan ərazilərin stimullaşdırılması yolu ilə tikinti şirkətlərini həmin ərazilərə cəlb edilməsi mümkündür. Bunun üçün büdcə layihəsində də qeyd olunduğu kimi, işğaldan azad olunan ərazilərimizdə xüsusi vergi güzəştlərinin tətbiq edilməsi gözlənilir. Nəticə olaraq, bu, özü stimullaşdıracaq ki, şirkətlər, inşaat şirkətləri və digər özəl sərmayələr məhz həmin ərazilərimizə yönəlsin. Ona görə də stimullaşdırıcı vasitələrlə inşaat işlərinin işğaldan azad olunan ərazilərimizə yönləndirilməsi daha məqsədəuğundur və bununla bağlı da işlər görülür".
V.Bayramov qeyd edib ki, məhz bu stimullaşdırıcı rejimin tətbiq edilməsi birmənalı şəkildə imkan verəcək ki, tikinti şirkətlərinin azad olunan ərazilərimizə daha çox sərmayə qoyulması və daha çox inşaat işləri həyata keçirilməsi üçün təşfiq olunsun.
Natəvan ABDULLA



