|
|
|
|
80-ci illərin əvvəllərində ədəbiyyata gələn Səfər Alışarlının Azərbaycan jurnalında çap olunmuş ilk hekayələri Azərbaycan bədii nəsrinə özünəməxsus üslubu olan bir yazıçının gəldiyini müjdələyirdi.
Yazıçının müstəqillik dövrü əsərlərində isə artıq oxucular müasir mühit və hadisələri qələmi püxtələşmiş bir nasirin prizmasından izləmək şansı əldə edirlər.
"Maestro" romanı
Səfər Alışarlının "Maestro" romanı sovet dövrünün son dönəminin və həmin dövrdən müstəqilliyə doğru gedən yolun bədii təsviri və ədəbi həlli baxımından maraq doğurur. Fikrimizcə, yazıçının öz əsərinin baş qəhrəmanı kimi musiqiçi, saksafon ustası İsmayıl obrazını seçməsi də təsadüfi deyil. Planlar, çərçivələr, şüarlar dünyasında bir ruh adamının sıxılmasını, darıxmasını, anlaşılmamasını məhz duyğu, ruh üzərində köklənən musiqiçi obrazı daha gözəl ifadə edə bilərdi. Öz dünyasından qopan, klassik şərq musiqisindən, xalq musiqisindən aralanaraq klassik musiqini mənimsəyən İsmayıl əslində, özünü axtarır. Lakin İsmayıl artıq nə Şərqdir, nə də Qərb, nə klassikdir, nə də müasir. O, sadəcə musiqini öz duyduğu kimi şərh edən Sənətkardır. Onun tənhalığı məhz özünəməxsusluğundan gəlir və o, bu tənhalıq içində bütövləşir: "Yalnız öz musiqisini çalırdı, o musiqini kimlərinsə başa düşüb düşməyəcəyi çoxdan onu maraqlandırmırdı". İsmayıl artıq bu dünyada anlaşılmaq istəmir, o, indi başqa dünyanın - sənət dünyasının sakinidir. Ömrünün hər anında musiqi ilə yaşayan İsmayıl fəhlənin belə barmaqlarında musiqini görür, Nailənin səsinin ilk öncə musiqililiyini eşidir. Əsərin əsas məziyyətlərindən biri də yazıçının dil effektləri vasitəsilə oxucuya yaratdığı dünyanı hiss etdirə bilməsidir. Romanı oxuduqca sanki boz bir dünyanın içinə düşürsən. Bu bozluq içində "yaşaya bilənlərin" fonunda İsmayılın tənhalığı və unikallığı daha çox hiss olunur. Ədəbiyyatda tənha, mühiti tərəfindən anlaşılmayan sənətkar obrazı daim gündəmdə olmuşdur. Lakin "Maestro"nun qəhrəmanını yaradan yazıçının ustalığı bu obrazın yaradılmasında qəlibə çevrilmiş formatdan yayına bilməsidir. Digər bu qəbildən olan obrazlarda daxili üsyan, özünütəsdiq yanğısı, anlaşılmamaqdan doğan kədər verbal və qeyri-verbal vasitələrlə, daxili monoloqla müşayiət olunur. İsmayılın sənətkar üsyanı isə səssizdir, onun etirazı bu anlaşılmamanı labüd, ümidsiz bir məfhum kimi qəbul etməsi, soyuqluğu, solğunluğu ilə ifadə olunur.
"Gavur" povesti
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev "Gavur" povestinin Səfər Alışarlının yaradıcılığındakı mövqeyinin bu şəkildə vurğulayır: "Gavur" povesti (1998) onun ən yaxşı əsərlərindən hesab olunur. Bunu yalnız keyfiyyət mənasında demirəm, eyni zamanda, özündən əvvəlki və sonrakı dövrdə yazılan əsərləri birləşdirən mərkəz baxımından da söyləyirəm". Səfər Alışarlının "Gavur" povestinin özünü axtaran qəhrəmanı - Seyran gah adını, gah dinini dəyişməklə bürünmək istədiyi hər yeni obrazla ruhunun əsl istəyini anlamağa çalışır. Sanki gah adını, gah dinini danaraq yeni bir kimlik yaradır, həyatın onu rəngsizləşdirməsinə izin vermir. Şövkətin sevdasından eşq dəlisi olub Məcnuntək baş alıb Vladivostoka gedən Seyran Şövkətin ölümü ilə sanki boşluğa düşür: "Sergey indi başa düşdü ki, onun içində heç nə dəyişməyib və dəyişə də bilməzmiş, çünki onun üçün hər şey - kənd də, ev də, ailə də təkcə Şövkətdən ibarət imiş və nədənsə ona elə gəlmişdi ki, bunlar həmişə, ən azı onun ömrünün sonuna qədər öz yerində dəyişməz qalacaq. Ancaq indi hər şey Sergeyin gözü qabağında bir neçə saatın işində dəyişdi, daha doğrusu, onun Şövkətlə illər boyu dişlə-dırnaqla, zərrə-zərrə yığıb düzəltdiyi nə vardısa, hamısı tar-mar oldu və bu dağıntının altından bircə çöpü də salamat çıxarmağa Sergeyin imkanı çatmadı. İnsanın ancaq paltardan ibarət olduğunu şüuruna yerləşdirmiş və birdən-birə onu lüt görüb tanımayan vəhşi heyvan kimi Sergey indi özünün Şövkətsiz həyatının çılpaq bədənini görüb dəhşətə gəldi".
Bu günə qədər həyata bir oyun kimi baxan, öz daxili dünyasından bu dünyaya boylanan Seyran sanki yuxudan ayılır. Onun əsl mənliyi, içindəki Seyran Şövkətin timsalında ömür yolunda zühur edibmiş. Öz aləmində yaşayan, həyatla öz oyununu oynayan Seyran birdən-birə bu aləmin bir ilğım olduğunu başa düşür, ətrafında onsuz keçən Ömrü, Həyatı görür. Fikrimizcə, axtardığı idealın əslində, adi, sadə, real İnsan olduğunu anlayan Seyran altmışıncı illər nəsrinin qəhrəmanının yeni variantıdır. O, öz daxilindəki dünyanı itirmədən bu dünyanın carilik, fanilik qoxuyan havası ilə nəfəs alaraq, məişət adlı axında özünəməxsusluğunu saxlayaraq yaşamaq istəyir.
"Qız və maneken" povesti
S.Alışarlının "Qız və maneken" povestinin qəhrəmanı Musayev balaca qızı axşamlar onun üçün darıxıb ağladığı üçün sevdiyi işindən ayrılmalı olur. Bu sadə, qaradinməz adamın həyatının dönüm nöqtəsi məhz bundan sonra başlayır. Dənizdən sonra qurudakı həyata öyrəşməyə çalışan qəhrəmanın tək məqsədi qızının sığındığı, qorxmadığı, ağlamadığı möhkəm bir liman olmaqdır: "Bilirdi ki, qızı bir az böyüyəndən sonra ondan ötrü ağlamayacaq, sonra ayrılıb gedəcək öz həyatını yaşamağa. İndisə ağlayır və ağlayanda onu kiritməkdən ötrü, onun ümumiyyətlə ağlamamasından ötrü mümkün olan hər şeyi etmək sadəcə borcdur. Ata borcu". Televizorda dənizdə onun əvvəllər işlədiyi platformada baş verən partlayış xəbəri ilə qızının özü də bilmədən onu ölümdən xilas etməsini anlayır. Lakin qızı onu yalnız fiziki ölümdənmi xilas etmişdi? Axı o, rəisin kabinetində hiss etdiyi kimi iş yerində sadəcə Musayev idi, böyük bir mexanizmin gözəgörünməyən detalı kimi mövcud idi. Adı, arzuları, ağrısı, kədəri, sevinci, unikallığı olmayan sıradan bir adam! Musayevin yeni həyatına uyğunlaşmağa çalışsa da, neftçi dostlarının ölümü onu dərindən sarsıdır. Qızı üçün xəyalında qurduğu nağılı əslində özü üçün uydurur: "Ucaboylunun qabağında özü kimi yekə bir kitab vardı, o, kitaba tez-tez nəsə yazır, nəsə pozurdu. Dedi ki, yer üzündə elə adam yoxdu ki, onun adı həmin kitaba düşməsin. Dedi ki, onun pozduğu adamlar həmin an həyatını bitirib ölənlər, yazdıqları isə təzə doğulacaq adamlardı. O fikirləşdi ki, nağılın bu hissəsini başa düşmək qızı üçün çətin olacaq, odur ki, onu qızına deyil, kadrlar idarəsindəki gözəl qadına danışdı". Əsərdə uşağın anasının olmadığı birbaşa deyilmir, lakin uşağın oyunları, kuklalarına ana axtarması ilə körpənin və atasının həyatında yaxın keçmişdə baş vermiş fəlakətə işarə olunur. Yeni həyatında qəflətən peyda olan Loğman adını qoyduğu it, "loğmanlığa" qədəm qoyan akademik Sərdarov, Nazimin ölüm xəbərinə Parisdən gələn xanım və qızının mağazadan "böyük kukla, kuklalarımın anası" deyə ağlayıb aldırdığı maneken Musayevin dünyasının yeni və saf sakinləridir. Onların birgə təpənin üstündən "Yasəmən" mərasim evindəki hay-küyə, səpələnən pulları yığmaq üçün yığışan kütləyə tamaşa etməsi də rəmzi məna daşıyır, mənəvi cəhətdən dünya hərislərindən yüksəkdə durduqlarını vurğulayır.
S.Alışarlının mətnindəki koloritli məqamlar, dilinin şəxsi müşahidədən yaranan yeni obrazlı ifadələrlə zəngin olması oxucunu cəlb edir və yazıçı əsərlərinin quruluş texnikası və arxitektonikası baxımından müstəqillik dövrü Azərbaycan yazıçılarının pleyadasında önəmli yer tutur.