
Məlum olduğu kimi, Tarif Şurasının qərarına əsasən, yanvarın 5-dən Azərbaycanda "Aİ-92" benzininin və dizel yanacağının qiymətləri artırılıb. Qiymətlər müvafiq olaraq 0,9 manatdan 1 manatadək və 0,6 manatdan 0,8 manatadək artırılıb.
Əslində heç kimə sirr deyil ki, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
Təsadüfi deyil ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir.
Dünənki Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bir məqamı da qeyd edək ki, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.
Xatırladaq ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Bəs görəsən, son dəyişiklik hansı nəticələrə gətirib çıxara bilər?
Ekspertlərin fikrincə, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Qey edək ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.
İqtisadçı ekspert Vüqar Bayramovun dediyinə görə, dizel yanacağının qiyməti iki sektora birbaşa təsir göstərir. Bunlardan biri kənd təsərrüfatıdır. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq.
Ekspertin fikrincə, yanacağın qiymətinin təsir göstərdiyi digər sektor isə ictimai nəqliyyatdır: “Bu istiqamətdə də sahibkarlara dəstək verilməsi nəzərdə tutulur ki, bu da ictimai nəqliyyatda qiymət artımının qarşısını alacaq”.
O bildirib ki, dövlət tərəfindən sahibkarlara dəstək verilməsi yanacaq qiymətinin artmasının təsirlərini minimallaşdırmağa imkan verəcək: “Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətinə təsirləri minimallaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibarı ilə imkan verəcək ki, aqrar sektorda istehsal ediləcək məhsulların qiymət artımının qarşısı alınsın.
Tarif Şurasının katibi Ceyhun Nəcəfov ölkədə dizel yanacağına olan qiymət artımının kənd təsərrüfatına, həmçinin ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, təsirin neytrallaşdırması üçün sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödənilməsi nəzərdə tutulur. “Kompensasiya mexanizminin hazırlanması üzrə artıq işlərə başlanılıb və yaxın zamanda İqtisadiyyat Nazirliyində bununla bağlı sahibkarlarla müzakirələr aparılacaq. Sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Belə olan halda ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Bu, dövlətin sosial sahədə apardığı çox mühüm tədbirlər dən biridir”.
“Aİ-92” markalı benzinin qiymət artımına gəldikdə, C. Nəcəfov bildirib ki, bu növ yanacaq əsasən şəxsi minik avtomobillərində istifadə olunur və bunun da istehlak qiymətlərinə ciddi təsiri gözlənilmir: "Bu, insanların ictimai nəqliyyatdan istifadəsini və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Ümumilikdə, Azərbaycanda yanacağa olan qiymətlər əksər digər MDB ölkələri ilə müqayisədə aşağıdır”.
Ümumilikdə qiymət artımı vətəndaşın ailə büdcəsinə ciddi təsir etməyəcək. Bundan istifadə edib suni qiymət artımı və s. neqativ halların qarşısının alınması üçün xüsusi dövlət nəzarəti təşkil olunacaq. Bax, buna arxayın ola bilərsiniz.
Səbuhi SƏDƏF



