Sosial şəbəkələrdə parlayanlar
Rubrikamızın budəfəki qonağı qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan videobloqer Tural Qəmbərovdur (Turalizm). Ən çox izlənən bloqerlər arasında yer alan və yazıları ilə tanınan Tural yazdığı mətnləri səsləndirərək Yutub və İnstaqram kimi sosial platformalarda paylaşır. O, sosial mediada yeni olan bu formatı ölkədə təqdim edənlərdən birincisidir. Yazılarına uyğunlaşdırdığı təsirli və emosional videokliplər isə uğurunu artıran amillərdəndir.
Tural Qəmbərovla söhbəti təqdim edirik.
- Videokliplərdən əvvəl də yazılar yazırdım. Bu yazılar hansısa konkret mövzuda olmurdu. Ağlıma nə gəlirdisə, onu da yazırdım. Təbii ki, bu yazılar çox oxunmurdu. Bir gün video çəkmək qərarına gəldim. Həmin video izləyicilər tərəfindən o qədər də bəyənilmədi. Buna görə də, bir müddət dayandım. Sonra plansız şəkildə yenidən video çəkdim. Məni cəmiyyətə tanıdan "Bağlanmayın, a kişi" adlı videom olmuşdu. Həmin video səhəri gün bütün ölkəyə səs saldı.
- Tural bəy, fəaliyyəti sosial media ilə bağlı olan biri kimi, bu platformaların imkanlarından nə dərəcə razısınız?
- Sosial şəbəkələrin imkanlarından olduqca razıyam. Sosial medianın sərhədləri ölkə hüdudları ilə məhdudlaşmır. Bu platformalar vasitəsilə öz səsini geniş auditoriyalara çatdıra bilərsən.
- Videolarda müraciət etdiyiniz obrazın reallığa əsaslanan hər hansı bir tərəfi var, yoxsa tamamilə təxəyyül məhsuludur?
- Ümumiyyətlə, hər insan həyatda heç olmasa bir dəfə də olsa, o hissi yaşayır, yəni sevir. Burada vacib olan obrazın sırf mənim həyatımda yer alması deyil. Real olan odur ki, belə həyatlar var və insanlar bu hissləri yaşayırlar. Mənim üçün əsas olan budur.
- İzləyicilərin paylaşımlarınıza bildirdiyi fikirlər arasında mənfi rəylər də olur. Həmin mənfi şərhlər sizi həvəsdən salmır ki?
- İnsan tərifi o qədər düşünmür, amma tənqiddən çox təsirlənir. Mənə o mənfi rəyin kim tərəfindən gəldiyi daha maraqlıdır. Həyatda müəyyən mövqeyi olmayan insanların müsbət və ya mənfi rəyi məni maraqlandırmır. Ümumiyyətlə, insanlar məni ya çox sevir, ya da heç sevmir. Qəribəsi odur ki, orta münasibət yoxdur. Səbəbini özüm də bilmirəm.
- Ali təhsiliniz idman sahəsi üzrədir, ancaq siz yaradıcılığa maraq göstərirsiniz. Niyə əvvəldən yaradıcılıq sahəsinə yönəlmədiniz?
- Ali təhsilimi Azərbaycan Dövlət İdman Akademiyasında alıram və bundan razıyam. İdman sahəsinə özüm sevərək yönəlmişəm. Elə hazırda da təhsilimi daha üst səviyyədə davam etdirirəm. Yaradıcılığı peşə halına gətirmək fikrində deyiləm. Ona görə də, həmin sahəyə yönəlmədim.
- Türkiyədə kiçik mətnlər yazaraq sosial mediada paylaşan Naz Altındaş adlı bloqer artıq o mətnləri kitab halında nəşr etdirib. Sizin də belə bir fikriniz varmı?
- Bizim gördüyümüz iş kitabla müqayisədə çox bayağıdır. Kitab aləmi başqadır. Məncə, hər deyilən sözü yığıb kitab çap edərək cəmiyyətə sırımaq doğru deyil. Bu, sadəcə kitabı dəyərsizləşdirməkdir. Elə kitablardan gündə 100 dənə yazım, nə xeyiri var?! Təbii ki, heç bir əhəmiyyəti olmayacaq. Bu işlərə bir qədər məsuliyyətli yanaşmaq lazımdır.
- "Dərində olmaq" anlayışı sizin üçün tam olaraq nəyi ifadə edir?
- "Dərində olmaq" anlayışı mənə görə şəxsin intellekt səviyyəsinin yuxarı olması, onun hər hansı bir mövzuda göstərdiyi interpretasiyasıdır.
- Tural bəy, səhifənizdə mütəmadi olaraq videolar paylaşmırsınız, yəqin buna görə, izləyici sayınız elə də çox deyil. Bu barədə siz özünüz necə düşünürsünüz?
- Videolarımı paylaşım etmək xatirinə çəkmirəm. İzləyicim çox olsun deyə də vuruşmuram. Nəyisə danışmaq istədiyim an danışıram və bunu video şəklində hazırlayıb paylaşıram. İzləyicinin azlığı məni narahat etmir. Bu işin məğzi dərindir. Ona görə də, hər adam anlamır, maraq göstərmir. Bu da məni sevindirir. Çünki bəzi şeylərin dəyərli qalması üçün gərək bir o qədər də kütləviləşməsin.
- Yəqin kitab oxumaqla aranız yaxşıdır. Daha çox kimlərin yaradıcılığından bəhrələnirsiniz?
- Əslində, kitab oxumaq cəmiyyətimizdə çox şişirdilmiş bir prosesdir. İstəyən kitab oxuyar, istəyən filmə baxar, ya da dünyanı gəzib, insanları tanıyaraq maariflənər. Mənim bəhrələndiyim kitab, yazıçı və rejissor çoxdur. Onlardan Çarlz Bukovski, Lev Tolstoy, Fyodor Dostoyevski, Maksim Qorki, Joze Saramaqo, Den Braun, Oğuz Atay, Səbahəddin Əli, Camal Sürəyya və başqalarının adını misal çəkə bilərəm.
- Sizcə, gənclərin sosial şəbəkələrdən istifadəsi nə qədər qənaətbəxşdir?
- Gənclərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı bəzən çox əsəbləşirəm. Sosial şəbəkə dedikdə ağıla əvvəlcə azad, senzurasız fikirlər və paylaşımlar gəlir. Amma hər şey bu qədər açıq şəkildə ifadə olunmamalıdır. Həm gənclərimiz, həm də orta nəslin nümayəndələri sosial mediada insanları və onların fikirlərini təhqir edir, alçaldır, ya da həddindən artıq yüksəyə qaldırır. Bütün bu səbəblərdən ötrü, sosial şəbəkələrə az da olsa, senzura qoyulmalıdır.
- Bir qədər "dərin" düşünərək cavab verin. Bu gün sizin ən böyük arzunuz nədir?
- Arzum kainatdan daha böyükdür. Düşünürəm ki, desəm, gerçəkləşməz, ona görə də, deməyim.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Gələcəkdə tammetrajlı film çəkmək istəyirəm. İnanıram ki, bu istəyimə nail olacağam.
Günel ABBAS