Martın 30-dan Bakıdakı 102 və 248 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.
Məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
SEVİNC